PDF Oxu

Siyasət

  • 6

Xalqın Ulu Öndərə sevgisi daimidir, əbədidir

Xalqın Ulu Öndərə sevgisi daimidir, əbədidir

YAP Qobustan rayon təşkilatı və Qobustan rayon icra hakimiyyəti ilə birgə Ümummilli Lider Heydər Əliyevin vəfatının 11-ci ildönümünə həsr edilmiş anım günü qeyd edildi

Qobustan rayonunda Ümummilli Lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü qeyd edilib. YAP-ın fəalları, idarə, müəssisə, təşkilat kollektivləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin adını daşıyan parkda ucalan abidəsi önünə gül-çiçək dəstələri düzmüş, Dahi Öndərə sonsuz hörmət və ehtiramlarını bir daha nümayiş etdirmişlər.

Gənclər Mərkəzinin konfrans zalında davam edən anım mərasimini Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov açaraq müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli həyat və fəaliyyəti ilə bağlı bildirib ki, Azərbaycanın inkişaf tarixinin əsası 1969-cu ildən başlayıb: "Həmin illərdə respublikanın həyatının bütün sahələrində nail olunan uğurlar böyük siyasətçi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün hər birimiz o böyük insanı xilaskar, Azərbaycanın milli inkişaf modelinin banisi kimi qəbul edirik. "Mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram" deyən Ulu Öndər xalqını ürəkdən sevən özünün sağlamlığını, həyatını müstəqil Azərbaycan uğrunda əsirgəmədi. Ona tuşlanan silahlara mərdliklə sinə gərərək, Şərqə günəş kimi doğan müstəqil Azərbaycan dövlətini qurdu. Bu gün bizim hər birimiz, Dahi Öndər azərbaycanlı olaraq nümayiş etdirdiyiniz hörmət və ehtiramımızla bir daha təsdiq edirik ki, Heydər-Xalq, Xalq-Heydər sevgisi daimidir, əbədidir. Hər birimiz dillər əzbəri olan "Mən həmişə fəxr etmişəm ki, azərbaycanlıyam!" kəlamını yaxşı xatırlayırıq. Qəlbində xalqına belə sevgi gəzdirən xalqının yaddaşında daim hörmətlə, pərəstişlə seviləcək, yad olunacaqdır. O, bizdən cismən ayrılsa da ideyaları, əməlləri həmişə bizimlədir və qəlbimizdə həmişə yaşayacaqdır".

Tədbirdə YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülalıyev çıxış edərək bildirdi ki, Ümummilli Lider Heydər Əliyev elə dahi şəxsiyyətlərdəndir ki, Onun keçdiyi həyat yoluna nəzər yetirdikdə bir xalqın dünəni, bu günü, sabahı aydın görünür: "Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası Azərbaycanın ən yeni tarixində məhz Ulu Öndər Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran, cəmiyyətdə qanunçuluğu, hüquq qaydalarını təmin edən bir rəhbər idi. Anım mərasimində Tibb işçiləri Həmkarlar İttifaqının Qobustan rayon komitəsinin sədri Kəmalə Zərbalıyeva, rayon 1 saylı tam orta məktəbin müəllimi Fərəh Məmmədova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə təhsil və səhiyyə sahəsində aparılan islahatlardan, qazanılan nailiyyətlərdən danışıblar. Çıxış edənlər, həmçinin Azərbaycanın xilaskarı, YAP-ın qurucusu Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolundan, xalqı, vətəni üçün misilsiz tarixi xidmətlərindən ürəkdolusu danışaraq, bugünkü qüdrətli Azərbaycanın xoş gələcəyindən söhbət açıblar. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev siyasi kursu bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla, dövrün və zamanın tələbinə uyğun davam etdirilir.

Tədbirin davamı olaraq Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş "Ömür yolu" adlı televiziya filmi nümayiş etdirilib.

R.HÜSEYNOVA

Digər xəbərlər