PDF Oxu

Siyasət

  • 10

İqtidar-müxalifət dialoqu...

İqtidar-müxalifət dialoqu...

Özlərini aparıcı partiya hesab edən tərəflər yenə də xarici ağalarının təlimatlarına baş əyməli oldular

Ötən həftə Prezident Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun bir sıra müxalifət partiya sədrləri ilə görüşü keçirldi. Görüş bir daha onu göstərdi ki, əslində, ölkənin ictimai-siyasi həyatında fəaliyyət göstərdiklərini zənn edən və özlərini "aparıcı" kimi təqdim edən bir sıra müxalifət partiyalarının sözügedən dialoqa qatılmamaları onların hansı məqsədə xidmət etmələrini, hansı dairələrlə işbirliyində olmalarını növbəti dəfə ifşa etdi. Daha dəqiq desək, bu əhəmiyyətli görüşdə xalqın, dövlətin və dövlətçilik maraqlarının qorunmasını prioritet hesab edən bir sıra müxalifət partiyalarından fəqrli olaraq, dağıdıcı donu altında fəaliyyət göstərən siyasi təşkilatlar xarici ağalarından aldıqları təlimatlar əsasında hakimiyyətlə ünsiyyətə getməkdən çəkindilər. Əgər belə olmasaydı, hər halda 17 siyasi müxalifət partiyaları ilə yanaşı, AXCP, Müsavat və bu kimi digər bir neçə siyasi təşkilatlar da bu mühüm dialoq mühitində iştirak etməyə qərar verərdilər. Ancaq göründüyü kimi, bu, baş vermədi. Hətta deyə bilərik ki, radikalların dialoqa qatılmamaları əvvəlcədən də görünürdü. Ancaq onların xidmət göstərdikləri xarici dairələr təlimat versəydilər ki, dialoqa qatılın və orada bu və ya digər fikirlərinizi səsləndirin, bax, onda AXCP-ni də, Müsavatı da dialoqun keçirildiyi məkanda görə bilərdik. Lakin bu barədə az sonra...

Bu kimi dialoq mühitinin mövcudluğu ölkədə cərəyan edən müxtəlif siyasi proseslərə müsbət təsir edir

Maraqlıdır, baş tutan iqtidar-müxalifət dialoqu siyasi gündəmə hansı yenilikləri gətirə bilər? İlk növbədə qeyd etmək mümkündür ki, hakim partiya bir daha nümayiş etdirdi ki, cəmiyyətin bütün təbəqələrilə fikir mübadiləsinə açıqdır.

Digər tərəfdən, bu fakt bir daha sübut edir ki, Azərbaycanda müxtəlif fikirliyin, fərqli düşüncənin fəaliyyət göstərməsi üçün iqtidar tərəfindən maksimum şərait yaradılıb. Belə ki, ölkəmizdə kifayət qədər müxalifət partiyaları fəaliyyət göstərməklə yanaşı, bir sıra siyasi partiyaların qəzetləri dərc olunur, saytları fəaliyyət göstərir. Bu amil, eyni zamanda cəmiyyətdə vətəndaşların hüquq və azadlıqlarının qorunması kimi də qiymətləndirilməlidir. Beləliklə, bir daha vurğulamaq yerinə düşərdi ki, bu kimi dialoq mühitinin tez-tez keçirilməsi ümumilikdə, ölkədə cərəyan edən müxtəlif siyasi proseslərə müsbət təsir edir. Eyni zamanda, iqtidar bu məsuliyyətli işi üzərinə götürməklə, ölkədə aparıcılıq mövqeyini daha da möhkəmləndirmiş olur.

Əli Həsənov: "Bundan sonra da onları maraqlandıran, narahat edən məsələlərin birgə müzakirə edilməsi və ortaq nəticəyə gəlinməsinə razılaşdıq"

Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da baş tutan dialoqdan sonra xüsusilə vurğulayıb ki, bu gün müxalifət partiyalarından bir qrupunun rəhbəri ilə keçirdiyi dialoqun nəticələrini uğurlu hesab etmək olar. Prezident Adminstrasiyasının rəsmisi görüşdə 17 müxalif partiyasının təmsil olunduğunu deyib və bildirib ki, 3 saata qədər davam edən görüşdə Azərbaycan cəmiyyətini, siyasi partiyaları düşündürən və dövlətin iqtisadi, siyasi, sosial, beynəlxalq münasibətlər sahəsindəki bütün fəaliyyətinə aid olan məsələlər haqqında danışılıb: "Bu görüşün davamlı olması həm hakimiyyət tərəfindən, həm də siyasi partiyalar tərəfindən çox zəruri həqiqət kimi qəbul olundu. Qərara gəldik ki, bundan sonra da onları maraqlandıran, narahat edən məsələlərin birgə müzakirə edilməsi və ortaq nəticəyə gəlinməsinə razılaşdıq".

Əli Həsənov onu da qeyd edib ki, bugünkü görüşdə həm siyasi partiyaların, həm hakimiyyətin, həm də azad medianın fəaliyyətinə aid olan məsələlər müzakirə olunub, açıq fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin siyasi partiyaların maliyyələşməsi, mənzil- qərargahla təmin olunması, siyasi partiyalar və hakimiyyətin tədbirlərində iştirak məsələləri, partiyalar və seçki institutlarının fəaliyyəti müzakirə olunub: "Düşünürük ki, kifayət qədər əlverişli və dinamik görüş oldu. Növbəti görüşlər üçün həm zəmin hazırlandı, həm də mövzular təxmin olundu. Hakimiyyət nümayəndəsi olaraq biz onları dinlədik, ümumiləşdirdik və müvafiq olaraq qərar qəbul eləyən dövlət strukturlarının rəhbərlərinə, o cümlədən də ölkə Prezidenti Cənab İlham Əliyevə nəticələri çatdıracağıq".

Radikalların dialoqa qatılmamaları həm də bu mühitə növbəti aydınlığını gətirmiş oldu

Göründüyü kimi, hakimiyyət ölkədəki siyasi hadisələrə nəzarət etməklə yanaşı, müxalifətdə olan partiyalarla da bu istiqamətdə dialoqa getdiyini növbəti dəfə təsdiq etdi. Bu isə bir daha onu sübut edir ki, radikallıq və asılılıq üzərində fəaliyyət göstərən və dağıdıcılığa meyilli olan AXCP, Müsavat və bu kimi dialoqdan imtina edən digər müxalif partiyalar heç də xalqı, dövlət maraqlarını əsas vəzifə kimi götürmürlər. Onların əsas vəzifələri xidmət göstərdikləri xarici dairələrin Azərbaycanda olan siyasi, iqtisadi və s. maraqlarını təmin etməkdən ibarətdir. Bu baxımdan, radikalların dialoqa qatılmamaları həm də bu mühitə növbəti aydınlığını gətirmiş oldu. Aydın oldu ki, Azərbaycanda sağlam müxalifət var və bu müxalifət radikallıq meyarlarını kənara ataraq, Azərbaycan dövlətçiliyinin inkişafında öz töhfələrini verməyə çalışırlar. İqtidar isə bu işdə də belə siyasi təşkilatlarla dialoqa gedərək, onlara hər zaman yardımçı olduğunu məhz növbəti dialoq faktoru ilə sübuta yetirmiş oldu.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər