Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatında bələdiyyə seçkilərinə namizəd gənclərlə görüş keçirilib. Görüşdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Millət vəkilləri Sevinc Fətəliyeva, Leyla Abdullayeva, YAP Gənclər Birliyinin ofisinin rəhbəri Əli Pənahov iştirak ediblər.Görüşdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva deyib ki, bütün seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də YAP Sabunçu rayon təşkilatı mütəşəkilliklə iştirak edir: "Namizədlərin böyük bir qisminin gənclərdən ibarət olması dövlətin gənclər siyasətinin uğurla aparıldığından xəbər verir. Namizədlərin təbliğat kampaniyası ilə əlaqədar yerlərdə seçicilərlə görüşlər keçirilir, bu yöndə müsbət işlər aparılır".Millət vəkili Sevinc Fətəliyeva isə öz çıxışında bələdiyyə seçkilərinin ölkənin həyatında oynadığı roldan bəhs edərək qeyd edib ki, özünüidarəetmə orqanları ölkənin sosial-iqtisadi inkişafında, o cümlədən bələdiyyə ərazilərində mühüm amil kimi dəyərləndirilir. Belə ki, Ölkə Prezidenti cənab İlham Əliyevin qəbul etdiyi müvafiq Dövlət Proqramları çərçivəsində bələdiyyələrin inkişafı, fəaliyyəti üçün də tövsiyə və tapşırıqlar həyata keçirilməkdədir. Bu gün bütün rayonlarımızda olduğu kimi, Sabunçu rayonunda da bələdiyyə strukturu tam gücü ilə çalışır, bu istiqamətdə fəaliyyətini artırır".Daha sonra çıxış edən millət vəkili Leyla Abdullayeva vurğulayıb ki, YAP özündə xalqın inamını və iqtidarla vəhdətini əks etdirir: "Əlbəttə, bu proses bir daha sübut edir ki, partiyanın istənilən seçkilərdə qələbə qazanmasının əsas meyarı xalqın ona olan inamıdır. Mən bir daha qarşıdan gələn bələdiyyə seçkilərində bütün seçiciləri fəal olmağa, layiq bildikləri namizədlərə səs verməyə çağırıram".YAP Gənclər Birliyinin ofisinin rəhbəri Əli Pənahov isə öz çıxışında qarşıdan gələn bələdiyyə seçkilərində gənclərin sayının çoxluğundan danışdı. O qeyd edib ki, ötən seçkilərdən sonra bu il keçirilən bələdiyyə seçkilərində gənclərin sayı kifayət qədər artıb: "Bu isə namizəd gənclərin, ümumiyyətlə Azərbaycan gəncinin dövlət tərəfindən ona göstərilən diqqət və qayğısının bariz təcəssümüdür".Sonra görüşdə çıxış edən gənc seçicilər YAP-ın namizədlərinə səs verəcəklərini qeyd ediblər.
sia.az