Cənubi Afrika Respublikasının (CAR) "Diplomatic Society" qəzetində ümummilli lider Heydər Əliyev haqqında məqalə dərc edilib. Bu barədə AzərTAc-a Azərbaycanın CAR-dakı səfirliyindən məlumat verilib.
Ulu öndər Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar səfirlik tərəfindən hazırlanmış məqalədə onun keçdiyi həyat yolu, Azərbaycan dövlətinin qurulması və inkişafı, daxili və xarici siyasətin formalaşması, ötən əsrin 90-cı illərində Azərbaycanın vətəndaş müharibəsi təhlükəsindən xilas edilməsi, erməni təcavüzünün qarşısının alınması, ölkənin beynəlxalq miqyasda tanıdılması istiqamətində gördüyü işlər barədə məlumat verilir.
Məqalədə, həmçinin 2013-cü ildə Ümummilli Liderin 90 illik yubileyi ilə əlaqədar səfirliyin təşkil etdiyi fotosərgi, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış kitabların CAR Milli Kitabxanasına təqdim olunması və Azərbaycan-CAR kikboks üzrə turniri barədə məlumatlar da yer alıb.
AzərTAc