Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı Seçki Qərargahı bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Ağdam rayonunun Xındırıstan kəndində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslər və seçicilərlə növbəti görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatı Seçki Qərargahının sədri İsgəndər Quliyev bələdiyyə seçkiləri ilə bağlı görülən işlər barədə ümumi məlumat verdikdən sonra, bələdiyyə seçkilərinin ölkənin həyatında əhəmiyyətli siyasi kampaniya olduğunu bildirib: "Yerli özünüidarəetmə orqanlarının vəzifəsi insanlara səmərəli xidmət göstərmək və yerli sosial məsələlərin həllinə daha peşəkar yanaşmaqdan ibarətdir. Buna görə də, növbəti bələdiyyələr seçildikdən sonra, bu meyarlara uyğun olaraq, daha yüksək səviyyədə fəaliyyət göstərməlidirlər. İ.Quliyev çıxışının sonunda seçiciləri fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Tədbirdə Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə üzvlüyünə namizəd Nazim Quliyev və başqaları çıxış edərək, platforması barədə seçicilərə ətraflı məlumat veriblər. Namizədlər bələdiyyə üzv seçiləcəkləri təqdirdə, seçicilərin problemləri ilə yaxından tanış olacaq və bələdiyyələrin səlahiyyətləri çərçivəsində nöqsanları aradan qaldırmağa çalışacaqlarını bildiriblər.
Görüşdə çıxış edən seçicilər birmənalı olaraq bildiriblər ki, onlar YAP-ın namizədlərinə səs verməklə qəsəbə və kəndlərdəki mövcud inkişafa səs vermiş olacaqlar.
ZÜMRÜD