YAP İsmayıllı rayon təşkilatı Seçki Qərargahı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslərlə Quşencə və Balik kənd seçicilərinin görüşünü keçirib.
Tədbirləri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının aparat rəhbəri Anar Nəbiyev qeyd edib ki, ölkəmizdə hayata keçirilən dayanıqlı, gələcəyə hesablanan, alternativsiz siyasət sürətlə inkişaf edən dünyanın əksər ölkələrini geridə qoyub: "Azərbaycan iqtisadiyyatının tərəqqisi məhdud sfera üzərində köklənməyərək çoxcəhətli, genişmiqyaslı xarakterə malikdir. Əldə olunan yüksək nəticələr əhali arasında lideri Cənab Prezident İlham Əliyev olan Yeni Azərbaycan Partiyasına olan inam hissini artırmış, "xalq-hakimiyyət" birliyini daha da möhkəmləndirmişdir. Biz inanırıq ki, qədirbilən xalqımız bu bələdiyyə seçkilərində öz səsləri ilə Yeni Azərbaycan Partiyasına etimad göstərəcək, ölkəmizdə həyata keçirilən uğurlu islahatların davamına səs verəcək".
Quşencə kəndində keçirilən görüşdə çıxış edən bələdiyyə üzvlüyünə YAP-ın namizədləri Qamət Məmmədov, Orxan Ağayev, Nailə Muradəliyeva və başqaları dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən göstərilən etimada görə öz minnətdarlıqlarını bildiriblər. Onlar partiyanın göstərdiyi etimadı layiqli əməlləri ilə doğruldacaqlarını əminliklə qeyd ediblər.
Balik kəndində keçirilən görüşdə Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı tərəfindən namizədliyi irəli sürülən Siyarə Baxışova, Nəzakət Əşrəfova və başqaları çıxış edərək partiyaya bu seçkilərdə qadınlara göstərdiyi böyük edtimada görə, minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, ölkəmizdə sosial-iqtisadi islahatların həyata keçirilməsində aparıcı qüvvələrdən olan qadınların, bələdiyyə və idarəetmə strukturlarında seçkilərdən-seçkilərə geniş təmsilçiliyi dövlətimizin gələcək inkişafına öz töhfəsini verəcək.
Tədbirlərdə Quşencə kənd sakinləri Bəhram Məmmədov, Sadəgül Cəbiyeva, Balik kənd sakinləri Əbülfət Məmmədov, Əli Daşdəmirov, Əntiqə Cavadova və başqaları çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyasının Sədri, Cənab Prezident İlham Əliyevin ölkəmizin inkişafı, daha da çiçəklənməsi naminə yorulmaz fəaliyyəti seçicilər tərəfindən böyük rəğbət hissi ilə qarşılanır. Ölkə əhalisinə göstərilən dövlət qayğısı, ölkəmizdə həyata keçirilən düzgün, alternativsiz siyasət xalqın Yeni Azərbaycan Partiyasına və onun Liderinə olan etimadını daha da artırır.Məhz buna görə də, bələdiyyə seçkilərində öz səslərini hakim partiyaya, onun layiqli namizədlərinə verəcəklərini vurğulayıblar.
ZÜMRÜD