Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfər edib
Xəbər verdiyimiz kimi, dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfərə gəlib. Dövlətimizin başçısı əvvəlcə Sabirabad şəhərinin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdi.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Prezident İlham Əliyevə meydanda aparılan abadlıq işləri barədə məlumat verdi. Bildirildi ki, burada rayon sakinləri və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb. Meydanda fəvvarələr, müasir işıqlandırma sistemi quraşdırılıb, geniş yaşıllaşdırma işləri görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Sabirabad rayonuna səfəri çərçivəsində Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun açılışında iştirak edib.
Ötən il Prezident İlham Əliyevin Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncamına uyğun olaraq Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi məqsədi ilə 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 6 milyon manatı Sabirabad Rayon İcra Hakimiyyətinə ayrılıb. Yolun inşası zamanı ən müasir texnoloji üsullardan istifadə edilib, işlərin keyfiyyətlə, həm də qısa zamanda həyata keçirilməsinə xüsusi diqqət yetirilib. Dövlətimizin başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, 22 min nəfərin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən bu yol ən müasir səviyyədə inşa edilib. Uzunluğu 46 kilometr olan yolun inşası zamanı 36 su keçidi tikilib, yol kənarlarında 900-ə yaxın yol nişanı və siqnal dirəyi, 12 dayanacaq quraşdırılıb. Texniki göstəricilərinə görə 4-cü dərəcəli yol sakinlərin rahatlığı ilə yanaşı, həm də hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edəcək. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Sabirabad rayon Mədəniyyət Evində yaradılan şəraitlə tanış olub. Qeyd edildi ki, Mədəniyyət Evi 1976-cı ildə istifadəyə verilib. O vaxtdan bəri burada əsaslı təmir işləri aparılmayıb. İndi yenidən qurulan bu bina ən müasir səviyyəyə çatdırılıb, incəsənət adamlarının fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Binada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına göstərdikləri qayğıdan bəhs edən fotostend yaradılıb. Ulu öndər Heydər Əliyevin 1976-cı ildə Sabirabada səfəri zamanı bu Mədəniyyət Evinin açılışında iştirakının əbədiləşdiyi foto diqqəti xüsusilə cəlb edir. Diqqətə çatdırıldı ki, binanın 377 yerlik akt zalında Sabirabadın mədəni həyatında baş verən hadisələri qeyd etmək, həmçinin respublika və rayon əhəmiyyətli müxtəlif tədbirləri keçirmək üçün hər cür şərait var. Bütün bunlar rayonun mədəniyyət və incəsənət işçilərinə yeni uğurlar əldə etmək üçün həm stimul verir, həm də geniş imkanlar yaradır. Mədəniyyət Evinin zəngin kitab fondu, oxu zalı və 20 yerlik konfrans zalı da var. Musiqi alətləri otağı, rəqs zalı, ədəbiyyat, muğam, aşıq sənəti, təsviri incəsənət, evdarlıq, heykəltəraşlıq dərnəkləri gənclərin asudə vaxtlarını səmərəli keçirmələri baxımından mühüm əhəmiyyət kəsb edir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Sabirabadda inşa olunan uşaq bağçasının dekabrın 15-də açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Ölkənin gələcəyi olan uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması dövlətimizin daim diqqət mərkəzindədir. Heydər Əliyev Fondu da bu istiqamətdə mühüm layihələr həyata keçirir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan mühüm rol oynayır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" Proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Fondun təhsilin inkişafı ilə bağlı fəaliyyətində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Sabirabad rayonunda inşa edilmiş 100 yerlik uşaq bağçası bir daha göstərir ki, Fondun həyata keçirdiyi bu cür layihələr ardıcıl xarakter alıb. Dövlətimizin başçısı uşaq bağçasının binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, inşasına bu ilin aprelində başlanılan ikimərtəbəli binada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait yaradılıb. Bağçada 3 yaşdan 6 yaşadək 100 uşaq 4 qrupda təlim-tərbiyə alacaq. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə prosesləri əsas götürülüb. Binada uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar var. Bağçada balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Sabirabad şəhərinə içməli suyun verilməsi mərasimində də iştirak edib. Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən birgə maliyyələşdirilən "Milli su təchizatı və kanalizasiya xidmətləri" layihəsi çərçivəsində həyata keçirilir. Layihə 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri, Qalaqayın, Suqovuşan, Kürkənd, Əsədli, Bulaqlı, Balakənd kəndlərində 50 min nəfərdən artıq insanın su təchizatının yaxşılaşmasına hesablanıb. Sabirabad və Saatlı şəhərlərində istehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə Hacıqabul rayonu ərazisində yerləşən və Abşeron yarımadasını içməli su ilə təmin edən Kür sutəmizləyici qurğularından 62 kilometr uzunluğunda magistral su kəməri tikilib.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına məlumat verdi ki, "Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinin icrasına başlanandan indiyə qədər şəhərdə layihələşdirilmiş 151 kilometr uzunluğunda daxili su şəbəkəsinin 130 kilometrlik hissəsi tikilib, 3640 ünvana ev birləşmələri verilib. İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədilə hər bir abunəçinin "smart-kart" tipli sayğacla təmin edilməsi nəzərdə tutulur. Sonra dövlətimizin başçısı Sabirabad rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda içməli su layihələri geniş vüsət almışdır və o cümlədən bu zonanın problemləri də öz həllini tapır:
"İçməli su bu bölgədə və bütövlükdə Azərbaycanın müxtəlif bölgələrində ən ciddi məsələlərdən biridir. Biz bunu da tədricən həll edirik. Azərbaycanda içməli su layihələri geniş vüsət almışdır və o cümlədən bu zonanın problemləri də öz həllini tapır.
Bilirəm, bu problem uzun illərdir ki, insanları incidirdi. İnsanlar haqlı olaraq istəyirdilər ki, keyfiyyətli içməli su verilsin. Stendlərdə göstərildiyi kimi, indi burada təmizləyici qurğular, süzgəclər, hər şey yüksək səviyyədədir və bu, beynəlxalq səviyyəyə uyğun içməli sudur.
İçməli su, bildiyiniz kimi, insan orqanizmi üçün başlıca amildir. Təmiz, keyfiyyətli içməli su insanın sağlamlığı üçün böyük əhəmiyyətə malikdir. Beləliklə, bu böyük sosial məsələnin həlli artıq reallaşır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Burada çox böyük işlər görülür. Bu gün bir neçə obyektin açılışında iştirak etmişəm. O cümlədən kənd yolları tikilir. Artıq bu gün açılan yol bir neçə kəndi birləşdirir. Minlərlə insan o yoldan istifadə edəcək. Gündəlikdə yenə də yol layihələri var. Biz onları da tədricən həll edəcəyik. Çünki kənd yolları indi bizim üçün içməli su kimi vacib olan məsələlərdəndir. İnsanların rahatlığı, eyni zamanda, hər bir rayonun inkişafı üçün kənd yolları böyük əhəmiyyət daşıyır. Kənd yolları yaxşı olanda inkişaf da gedir, biznes imkanları da artır. Biz bunu insanların rahatlığı üçün edirik və edəcəyik. Artıq bir çox məsələlər həllini tapıb. Ancaq hələ yaxşı vəziyyətdə olmayan kənd yolları var ki, biz gələcək illərdə onları da həll edəcəyik. Yadımdadır, keçən dəfə biz körpünün açılışını qeyd etdik. O da Sabirabad sakinləri tərəfindən irəli sürülmüş bir təklif idi. Yəni, biz çalışırıq ki, sizin bütün təkliflərinizi yerinə yetirək. Çünki bu, bizim iş prinsipimizdir. Azərbaycan xalqı daha da yaxşı yaşamalıdır. Hər bir bölgədə quruculuq, inkişaf daha da sürətlə getməlidir. Sosial məsələlərin həlli də bizim üçün prioritetdir və bu, sosial məsələdir. Bu gün açılışını etdiyimiz kənd yolu, uşaq bağçası, tikilən məktəb binası da sosial məsələdir."
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sabirabad regional "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib. Artıq Sabirabad rayonunda da "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayır. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Bildirildi ki, Sabirabad regional "ASAN xidmət" mərkəzinin dördmərtəbəli binasının tikintisi ən yüksək standartlara uyğun həyata keçirilib. Həyətdə uşaq avtoşəhərciyi yaradılıb və burada balacaların yol hərəkəti qaydalarını öyrənmələri və yol nişanlarını tanımaları üçün bütün şərait var. Binada müasir müstəqil Azərbaycanın inkişafında mühüm xidmətləri olan ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Artıq "ASAN xidmət" təcrübəsinin özünəməxsus hüquqi strukturu bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilir və bu təcrübə Azərbaycan modeli kimi xüsusi təqdim olunur. Odur ki, "ASAN xidmət"in təkcə Azərbaycanda deyil, digər ölkələrdə də tətbiqi genişlənir. Bu, müxtəlif beynəlxalq tərəfdaşlarla, o cümlədən Avropa İttifaqı ilə aparılan əməkdaşlığın əsas istiqamətlərindən birini təşkil edir. Geniş beynəlxalq marağın nəticəsidir ki, bu il Sabirabad "ASAN xidmət" mərkəzi "OHSAS 18001:2007" standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görülüb. Standartın əsas tələbi xidmət mərkəzinin fəaliyyət göstərdiyi inzibati binalarda təhlükəsiz və sağlam iş mühitinin yaradılmasıdır. İşin bu standarta uyğun təşkilinin əsas xüsusiyyətlərindən biri inzibati binada həm əməkdaşların tam səmərəli, şəffaf və operativ xidmət göstərmələri, eyni zamanda, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq zəruri tədbirlərin nəzərə alınmasıdır.
Prezident İlham Əliyevə "Google glass" - biometrik tanınma sistemi barədə də məlumat verildi. Xatırladaq ki, digər mərkəzlərdə olduğu kimi, burada da internetə açıq olan kompyuterlər qoyulub və vətəndaşların bütün növ elektron xidmətlərdən yararlanmaları üçün şərait yaradılıb.
"ASAN xidmət" mərkəzində vətəndaşların gözləmələri və vaxtlarını səmərəli keçirmələri üçün funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, poçt şöbələri, fotostudiya da fəaliyyət göstərir. Xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin ödənişi, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkündür. Xidmət sistemi müasir İP telefon və İP şəbəkə ilə təmin edilib. Burada "ASAN xidmət" sistemində ilk dəfə miniatür tropik meşə layihəsinin tətbiqinə başlanıb ki, bu da bina daxilində havanın təmizlənməsini nəzərdə tutur. Bundan başqa, "ASAN" könüllüləri üzrə məlumat bazası da yaradılıb. Bu bazada yüzlərlə könüllü haqqında müxtəlif məlumatlar saxlanılır. Ölkəmizdə təşkil ediləcək bir sıra beynəlxalq tədbirlərdə, o cümlədən 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarında bu könüllülərin bacarıqlarından və xidmətlərindən geniş istifadə olunması nəzərdə tutulur. Qeyd edildi ki, Sabirabaddakı "ASAN xidmət" mərkəzində çalışan əməkdaşların ümumi sayı 179 nəfərdir və onların 60 nəfəri könüllüdür. Burada kitabxana, kafe, ana-uşaq otağı, "uşaq əyləncə mərkəzi" də yaradılıb. Prezident İlham Əliyev səyyar "ASAN xidmət" avtobuslarında yaradılan şəraitlə də tanış oldu. Bildirildi ki, avtobusdakı bütün texniki avadanlıq günəş enerjisi ilə işləyir. Bu avtobuslarda vətəndaşlara xidmət göstərmək üçün ofis şəraitinə uyğun ən müasir server və şəbəkə avadanlığı quraşdırılıb. Diqqətə çatdırıldı ki, 2014-cü il ərzində 25 məntəqədə 30 rayonun əhalisinə səyyar xidmət göstərilib. Bu çərçivədə edilən 59 mindən çox müraciətin 90 faizə yaxını təmin olunub.Qeyd edildi ki, mərkəzdə 50 avtomobil tutumu olan dayanacaq da tikilib. Dekabrın 16-da Sabirabadda, Heydər Əliyev Mərkəzində ASAN Könüllülərinin I Ümumrespublika Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib. Forumun məqsədi ölkəmizdə son illərdə könüllülük fəaliyyətinin həyata keçirilməsi istiqamətində dövlət qayğısının nümayiş etdirilməsi, "ASAN xidmət" mərkəzlərində çalışan könüllülər üçün tətbiq olunan yeniliklərin müzakirəsi, "ASAN Könüllüləri" Gənclər Təşkilatı İctimai Birliyinin gələcək fəaliyyəti üçün rəy və təkliflərin formalaşdırılmasıdır. İlk "ASAN xidmət" mərkəzi üçün könüllü elanı 2012-ci ildə olub və bununla bağlı ümumilikdə 11 mindən çox müraciət qeydə alınıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və "ASAN xidmət" mərkəzlərində indiyədək 3061 könüllü əməkdaş fəaliyyət göstərib. Hazırda "ASAN xidmət" mərkəzlərində 489 könüllü əməkdaş çalışır. İndiyədək 300-dən çox könüllü gənc "ASAN xidmət" mərkəzlərində və digər dövlət orqanlarında işə qəbul edilib. Dövlətimizin başçısı mərasimdə nitq söylədi. Prezident İlham Əliyev nitqində qeyd edib ki, təkcə Azərbaycanda deyil, dünya miqyasında "ASAN xidmət" kimi nadir müəssisə, nadir təsisat yoxdur:
"Bu gün Sabirabadda ASAN könüllülərinin birinci forumu keçirilir. Forum iştirakçılarını səmimiyyətlə salamlayıram. Əminəm ki, forum çox uğurlu keçəcək, çox maraqlı diskussiyalar aparılacaqdır.
Şadam ki, artıq "ASAN xidmət"in böyük könüllülər dəstəsi vardır. "ASAN xidmət" cəmi iki ilə yaxındır ki, fəaliyyət göstərir. Bu müddət ərzində 2 mindən çox könüllü "ASAN xidmət"də işləmişdir, təcrübə toplamışdır və ümumi işimizə öz töhfəsini vermişdir. Hazırda 500 könüllü bizim mərkəzlərdə çalışır və beləliklə, gözəl bir gənc nəsil yetişir. Gənclərimiz bizim gələcəyimizdir. Mən şadam ki, Azərbaycanda çox müasir, dövlətə, Vətənə bağlı olan gənc nəsil yetişir və ASAN könüllülərinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Çünki siz bu işlərə könüllü şəkildə qoşulmusunuz, özünüz bu təşəbbüsü göstərmisiniz və işinizlə ölkəmizin ümumi inkişafına töhfənizi verirsiniz. Bu, çox gözəl haldır, təqdirəlayiq hadisədir. Əminəm ki, bütün başqa sahələrdə könüllülər institutu Azərbaycanda daha da sürətlə formalaşacaq və ümumiyyətlə, bu, cəmiyyətin niyyətini ifadə edir. Çünki Azərbaycanda hazırda mövcud olan ictimai-siyasi vəziyyət, gözəl ab-hava belə təşəbbüslərin irəli sürülməsinə imkan yaradır.
"ASAN xidmət" iki ilə yaxındır ki, yaradılıb. İki il ərzində böyük və uğurlu yol keçibdir. Bu müddət ərzində 3 milyon 500 min müraciət olmuşdur, 3 milyona yaxın vətəndaşa müxtəlif sənədlər verilmişdir. Yəni, bu, ictimai xidmətlər sahəsində ciddi dönüş olmuşdur və deyə bilərəm ki, təkcə Azərbaycanda deyil, dünya miqyasında "ASAN xidmət" kimi nadir müəssisə, nadir təsisat yoxdur. Azərbaycan bu sahədə də liderlik keyfiyyətlərini göstərmişdir və biz intellektual məhsulun yaradılmasına nail ola bilmişik. Bu müddət ərzində artıq 7 "ASAN xidmət" mərkəzi tikilmişdir, 4-ü Bakıda, 1-i Sumqayıtda, 1-i Gəncədə, dünən axşam isə Sabirabadda yeddinci mərkəz fəaliyyətə başlamışdır. Eyni zamanda, siz bunu yaxşı bilirsiniz ki, vətəndaşlara səyyar xidmət də göstərilir və bu məqsədlə ilk dövrdə 2, indi isə 10 avtobus gətirilib və ən müasir avadanlıqla təchiz edilibdir. Artıq bu, bizə imkan verəcək ki, ölkəmizin müxtəlif bölgələrində daimi, fasiləsiz xidmət göstərək. Nəzərə alsaq ki, hazırda digər bölgələrdə mərkəzlər tikilir, - Bərdədə artıq tikintisi başa çatmaq üzrədir, Masallıda, Qəbələdə, gələn il ən azı 3 yeni mərkəz istifadəyə veriləcəkdir, - bu da insanların rahatlığı üçün əlavə imkanlar yaradacaqdır.