YAP Lənkəran şəhər təşkilatının inzibati binasında 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar "Siyasi kampaniyalarda qadınların rolunun daha da artırılması" mövzusunda tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan YAP Qadılar Şurasının üzvü, YAP Lənkəran şəhər təşkilatının Qadınlar Şurasının sədri Ofelya Qənbərova bildirib ki, 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində YAP Lənkəran şəhər təşkilatından irəli sürülən 344 bələdiyyə üzvündən 30 faizini qadınlar təşkil edir: "Qadınlarımızın cəmiyyətin digər sahələrində olduğu kimi, bələdiyyə qurumlarında fəal iştirak etməsi çox sevindiricidir. Qadınlarımızın son dövrlərdə dövlət qurumlarında, təhsildə, səhiyyənin idarəetmə struktrunda təmsil olunması xüsusi olaraq qeyd olunmalıdır. Qarşıdan bələdiyyə seçkiləri gəlir. Seçkilərdə qadınlarımızın fəallığını daha da artırmaq məqsədilə cəmiyyətin önündə gedən ziyalı qadınlarımızın üzərinə böyük məsuliyyət düşür. Çalışmalıyıq ki, rayonumuzda yaşayan qadın seçicilərimizin seçki prosesində iştirakı yüksək səviyyədə olsun. Qadınlarımızın hər biri öz seçmək və seçilmək hüququndan fəal istifadə etsin".
YAP Qadınlar Şurasının üzvü Məleykə Ağayeva çıxış edərək, son illər Azərbaycanda dinamik inkişaf edən iqtisadiyyatdan söhbət açıb: "Azərbaycan dünya ölkələri arasında öz iqtisadi qüdrətinə görə önəmli yer tutan bir ölkəyə çevrilib. Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi və sosial siyasət nəticəsində Azərbaycan nəinki regionda, eyni zamanda Avropa miqyasında sürətlə inkişaf edən bir dövlətdir. Sözsüz bu tərəqqinin əldə olunmasında qadınlarımızın da rolu böyükdür. Mən əminəm ki, Lənkəran şəhərinin qadınları da Respublikamızda və rayonda gedən iqtisadi inkişafa öz töhfələrini verirlər. Məhz bu uğurları davam etdirmək naminə Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyələrə namizədliyi irəli sürülmüş qadınlara uğurlar arzulayıram".
sia.az