PDF Oxu

Siyasət

  • 12

GÜCLÜ XALQ, GÜCLÜ DÖVLƏT, GÜCLÜ LİDER VƏHDƏTİ

GÜCLÜ XALQ, GÜCLÜ DÖVLƏT, GÜCLÜ LİDER VƏHDƏTİ

Müasir dövrdə Azərbaycan xalqının varisi olduğu zəngin mənəvi keyfiyyətləri ümumbəşəri ideyalarla zənginləşmə mərhələsindədir. Belə ki, müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin əsas ideyasının azərbaycançılıq olduğunu vurğulamış və bildirmişdir ki, hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməli, azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir. Bu gün ölkəmizin strateji inkişaf kursunu yeni dövrün tələblərinə uyğun şəkildə, yüksək dinamizmlə həyata keçirən ölkə Prezidenti İlham Əliyev fəaliyyəti ilə milli ideyalara sadiqliyin mükəmməl nümunəsini yaratmışdır.

YAP Sabunçu rayon təşkilaltının sədri Mehriban Abasquliyeva:

- Azərbaycanda dövlətçilik ənənələrinin varisi olmaqla yanaşı, milli birliyimizin, mütəşəkkilliyimizin və milli ideologiyamızın-azərbaycançılığın təməli olan Ulu Öndər Heydər Əliyev Məktəbinin ideoloji varisi olan Azərbaycan Prezidenti İlham Əliyevin XXI əsrin siyasi lideri olacağı və müstəqil dövlətçiliyimizin zəminində yaranmış bugünkü ənənələrimizi uğurla davam və inkişaf etdirəcəyinə xalqın heç bir şübhəsi yoxdur. Məhz buna görə müstəqil Azərbaycanın tarixinə əlamətdar hadisə kimi daxil olaraq, yeni minillikdəki tarixinə həkk olunan daha bir demokratik, ədalətli və şəffaf seçkilərdə ölkə vətəndaşları növbəti dəfə Dahi Öndər Heydər Əliyev siyasi kursunun təntənəsinə, bu kursun son on ildə Azərbaycana gətirdiyi böyük nailiyyətlərə səs vermişlər. Xalq Ümummilli Liderin siyasi xəttinə sadiq olduğunu və bu siyasi kursu layiqincə davam etdirən Prezident İlham Əliyevə inandığını, güvəndiyini, etimad göstərdiyini, onu hər zaman dəstəklədiyini növbəti dəfə nümayiş etdirmişdir.

Ötən il oktyabrın 19-da keçirilmiş andiçmə mərasimində dövlət başçısı prezident seçkilərinin Azərbaycanın demokratik inkişafına yeni təkan verəcəyini vurğulamışdır: "Prezident seçkiləri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirmişdir. Seçkilər şəffaf, ədalətli, azad şəkildə keçirilmişdir və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir. Beləliklə, Azərbaycan xalqı son on il ərzində görülmüş işlərə öz yüksək qiymətini vermişdir. On il bundan əvvəl birinci dəfə prezident vəzifəsinə seçiləndə söz vermişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən Ulu Öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam. Şadam ki, on il ərzində qarşıda duran bütün vəzifələr uğurla icra edildi. Hesab edirəm ki, prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini bu siyasətə verməsi bir daha onu göstərdi ki, son on il ərzində verilən bütün vədlər icra edildi. Azərbaycan xalqı görülmüş işlərə öz qiymətini, öz səsini verdi. Eyni zamanda, bu səsvermədə gələcəklə bağlı öz fikirlərini, arzularını ifadə etdi".

Prezident İlham Əliyevin həyata keçirdiyi, elmi cəhətdən əsaslandırılmış, məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmizdə böyük uğurlar qazanılmış, demokratik inkişaf, suverenlik və özünütəminetmə prinsiplərinə söykənən müstəqil Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələr arasında ən qabaqcıl yerlərdən birini tutmuşdur. Şübhəsiz, bütün bu nailiyyətlərin əsasında güclü lider fenomeni dayanır. Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində ictimai-siyasi həyatın bütün sahələrində sürətli inkişaf müşahidə olunmuş, Azərbaycanın iqtisadi və hərbi potensialı güclənmiş və əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Beləliklə, bir daha vurğulamaq yerinə düşərdi ki, bugünkü milli inkişafın fundamental əsaslarını Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün qanunauyğunluqlarına müvafiq surətdə qətiyyətlə və böyük uğurla davam etdirilməsi təşkil edir.

Millət vəkili Mirkazım Kazımov:

- Müasir Azərbaycanın gerçəkliklərini ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsi, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin olunması, müxtəlif inkişaf modellərinin uğurla tətbiqi, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi təşkil edir. Möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi və gələcəyə hesablanmış uğurlu xarici siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, beynəlxalq birlikdəki yerini daha da möhkəmləndirmiş, söz sahibinə çevrilmişdir. Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzunu bir daha təsdiq edir. Azərbaycanda artıq müxtəlif xarakterli - siyasi, idman, səhiyyə, iqtisadi və sair tədbirlər keçirilir. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir.

Azərbaycanın bütövlükdə Avratlantik coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq hiss olunur, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında, beynəlxalq təşkilatların hesabatlarında bütün sahələrdə əldə olunan uğurlar təqdir olunur, respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır. Azərbaycanın dünyadakı yüksək siyasi nüfuzunun ən bariz nümunəsi kimi ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini misal göstərmək olar. Azərbaycanın BMT TŞ-nin on qeyri-daimi üzvündən biri seçilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin uğurlu məntiqi nəticəsi, ölkəmizin dünyadakı siyasi nüfuzunun göstəricisidir. Təhlükəsizlik Şurasının üzvü olmaq təyinatla və növbəlilik prinsipi əsasında deyil, məhz səsvermə yolu ilə baş verdiyini nəzərə alsaq, bu zaman Azərbaycana beynəlxalq ictimaiyyətin etimadının nə dərəcədə yüksək olduğunu görərik.

Millət vəkili Nəriman Əliyev:

- Son on ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır. Əgər ilk illərdə bu artım daha çox neft amili sayəsində olmuşdusa, hazırda qeyri-neft sektorunun inkişafı bu artımı təmin edir. Prezident İlham Əliyev aparılan siyasətin həm ictimai, həm də iqtisadi sahədə bir məqsədi - Azərbaycan xalqının maraqlarını təmin etmək, ölkəni gücləndirmək, regionda mövqeləri möhkəmləndirmək məqsədini daşıdığını vurğulamış və bildirmişdir ki, ölkənin gələcək inkişafı üçün neft amilindən asılılığını azaltmaqdır lazımdır ki, bunun üçün də sahibkarların üzərinə daha çox vəzifə düşür. Dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birinin, məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsi təsadüfi deyildir. Ötən illər ərzində özəl sektorun inkişafı Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması üçün geniş imkanlar açmışdır. Daim sahibkarlarla görüşən, onların qayğıları ilə maraqlanan dövlət başçısı hər bir yerdə yerli icra orqanlarının rəhbərlərinə, icra başçıları, vəzifəli şəxslərə sahibkarlara kömək göstərmələrini tövsiyə edir. Ötən on ildə 1 milyard manat dəyərində verilən güzəştli kreditlərin iqtisadiyyatın real sektoruna yönəldilməsi və iş yerlərinin açılması, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması məqsədlərinə xidmət etmişdir.

Söz yox ki, Azərbaycanın uğurları bəzi düşmən dairələr tərəfindən qısqanclıqla qarşılanır. Dövlətimizin güclənməsi kimlərisə narahat edir, erməni lobbisini, Azərbaycanı istəməyən bəzi qüvvələri qane etmir. Ötən prezident seçki kampaniyasının gedişində erməni lobbisinə bağlı müxtəlif beynəlxalq dairələrin sifarişini icra edən "milli vətənpərvər"lərin uğurlara hər bir vasitə ilə kölgə salmağa çalışmaları cəhdləri uğursuz alındı. Çünki demokratiya yolu ilə uğurla addımlayan Azərbaycanda seçkilərin nəticələri, seçki prosesinin yüksək səviyyədə keçməsi demokratiyanın təntənəsinin bir daha sübutu olmuşdur. Azərbaycanın qısa müddət ərzində dünya miqyasında mühüm uğurlar əldə etməsi, nüfuzlu söz sahibinə çevrilməsi Prezident İlham Əliyevin yürütdüyü iqtisadi siyasətin düzgünlüyünü, habelə ölkənin və xalqın milli maraqlarına cavab verdiyini bir daha sübut edir. Görkəmli dövlət xadimi İlham Əliyevin möhkəm iradəsi, siyasi uzaqgörənliyi və çevik taktikası Azərbaycana iqtisadi, hərbi-strateji və sosial sahədə bundan sonra da aparıcı mövqe qazandıracağına xalq əmindir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər