Dünən Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli tənqidçi və ədəbiyyatşünas, akademik Məmməd Arif Dadaşzadənin anadan olmasının 110 illiyinə həsr olunmuş "Böyük ədəbiyyatşünaslıq irsi və müasirlik" mövzusunda elmi konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək ədəbiyyatşünas alimin məzarını ziyarət edib, sonra akademiyanın foyesində təşkil olunmuş kitab sərgisi ilə tanış olublar. Elmi konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli açıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Akademik Məmməd Arifin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" 15 aprel 2014-cü il tarixli Sərəncamının geniş mənada ölkəmizdə elmin və milli ziyalılığın, ictimai fikrin inkişafına göstərilən dövlət qayğısının parlaq əməli ifadəsi olduğunu bildirən akademik İ.Həbibbəyli vurğulayıb ki, Azərbaycan ədəbiyyatşünaslıq elmi haqqında dolğun elmi-siyasi təsəvvür yaradan dövlət Sərəncamında akademik Məmməd Arif Dadaşzadənin çoxcəhətli xidmətləri ümumiləşmiş şəkildə səciyyələndirilib. Bildirilib ki, yubiley münasibətilə ölkəmizdə həyata keçirilən tədbirlər, aparılan yeni araşdırmalar, çap olunan əsərlər akademik Məmməd Arif Dadaşzadənin müdriklik və müasirlik nümunəsi olan həyatı və yaradıcılığının işığında ədəbiyyatın, elmin və yeni nəsillərin inkişafına öz töhfələrini verir. Azərbaycan ədəbiyyatşünaslığında daim tədqiqat mövzusu olmuş yazıçı-tənqidçi münasibətlərinin də mükəmməl elmi konsepsiyasının Məmməd Arif Dadaşzadəyə məxsus olduğunu vurğulayan akademik İsa Həbibbəyli ədəbi tənqidin bu vacib problemi haqqında çox yazılmasına, müxtəlif yönlərdən dəyərləndirmələrin mövcud olmasına baxmayaraq, tənqidçiyə, yaxud da yazıçıya ağırlıq vermək mənasında ortaq meyarın müəyyən edilməsi baxımından Məmməd Arif Dadaşzadənin ölçülərinin elmi prinsip kimi qəbul edilməyə layiq olduğunu diqqətə çatdırıb.
Akademik İ.Həbibbəyli xususi nəzərə çatdırıb ki, bədii tərcümə ilə məşğul olduğu zaman Məmməd Arif özü də tərcümə işinə milli maraqlar baxımından yanaşmağı əsas götürmüşdür: " O, rus və dünya ədəbiyyatı klassiklərinin əsərlərini Azərbaycan dilinə tərcümə edərkən böyük idealların, zəruri ictimai-tarixi proseslərin, maarifçi ideyaların xalqa çatdırılmasına diqqət yetirmişdir. Rus və dünya ədəbiyyatının nəhənglərindən olan Lev Tolstoyun "Hərb və sülh" epopeyasının iki cildinin Azərbaycan dilində nəşri onun tərcüməçilik fəaliyyətinin zirvəsində dayanır. Əməkdar elm xadimi, akademik Məmməd Arif Dadaşzadənin əsərləri müstəqillik dövrü Azərbaycan ədəbiyyatının, ədəbiyyatşünaslıq elminin yeni mərhələsinin, müasir ictimai fikrimizin də inkişaf yoluna işıq salır."
Görüşdə AMEA-nın həqiqi üzvləri Vasim Məmmədəliyev və Tofiq Hacıyev, həmçinin filologiya elmləri doktoru Şirindil Alışanlı görkəmli alimlə bağlı xatirələrini söylədikdən sonra Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli "Akademik Məmməd Arif və Azərbaycan ədəbi tənqidi", Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd "Məmməd Arif Dadaşzadənin ədəbiyyat nəzəriyyəsi görüşləri", filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Akimova isə "Məmməd Arif Dadaşzadə və dünya ədəbiyyatı" mövzularında məruzə ilə şıxış ediblər. Məruzələrdə görkəmli akademikin həyat və yaradıcılığının müxtəlif istiqamətlərinə geniş və əhatəli nəzər salınıb.
Musiqişünas, professor Zümrüd Dadaşzadə və filologiya üzrə fəlsəfə doktoru, dosent Aqşin Dadaşzadə çıxış edərək tədbirin keçirilməsinə görə ölkə başçısına və akademiya rəhbərliyinə ailə üzvləri adından dərin minnətdarlığını bildiriblər. Tədbir boyu görkəmli ədəbiyyatşünas alimin həyat və fəaliyyətinin müəyyən məqamlarını əks etdirən slaydlar nümayiş olunub.
RƏFİQƏ HÜSEYNOVA