Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahı 23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərinin qısamüddətli müşahidəsinin nəticələrinə dair aralıq hesabatını təqdim edib. SİA-nın məlumatına görə, bununla bağlı keçirilən mətbuat konfransında AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib ki, hesabat 23 oktyabr – 15 dekabr 2014-cü il tarixini əhatə edir.M. Zülfüqarlı qeyd edib ki, hesabatın giriş hissəsində AVCİYA-nın Azərbaycan Respublikasında 2004-cü ildən başlayaraq hazırkı dövrə qədər keçirilmiş seçkilərdəki fəaliyyəti haqqında qısa məlumat verilib: "Hesabatın "Ümumi İcmal" hissəsində Azərbaycanda 1999-cu ildən bəri keçirilmiş bələdiyyə seçkiləri, builki seçkiləri əhatə edən dairələr, bələdiyyələrə seçiləcək üzvlərin sayı, bələdiyyə seçkiləri ilə bağlı "Seçki Məcəlləsi"nin müvafiq maddələri və s. barədə məlumat verilib. Bundan başqa namizədlərin sayı, onların partiya mənsubiyyətləri, bələdiyyələrin maddi imkanları, onların məcmu xərcləri, bələdiyyələrə aid qanunvericilik baza və digər məsələlər bu bölmədə öz əksinin tapıb".Onun sözlərinə görə, hesabatda seçki qabağı mühitin əvvəlki bələdiyyə seçkiləri ilə müqayisədə daha sakit və daha konstruktiv məcrada davam etdiyi xüsusi qeyd edilib: "Seçki qabağı dövrdə partiyalararası dialoqun baş verməsi yüksək qiymətləndirilir. Bundan başqa beynəlxalq qurumlarla əməkdaşlıq barədə də məlumat verilib. Hesabatda həmçinin seçki administrasiyasının fəaliyyətinin əvvəlki illərə nisbətən daha təkmil olduğu xüsusi vurğulanıb".M. Zülfüqarlı deyib ki, bu il AVCİYA bələdiyyə seçkilərində exit-poll keçirməyəcək.
sia.az