\r\n
\r\n
\r\n Azadlıq Partiyasının sədri Əhməd Oruc ötən həftə hakimiyyətlə müxalifət arasında baş tutan dialoqu "görüş" adlandıranlara qarşı sərt təpki göstərib. SİA-xəbər verir ki, partiya sədri bununla bağlı mətbuatla fikrilərini bölüşüb və qeyd edib ki, əslində, dialoqu "görüş" adlandıranlar fikirlərində ciddi yanlışlığıa yol verirlər. Çünki həmin gün bir sıra məsələlər razılaşdırılıb: "Daxili barış, qarşıdurmaların ortadan götürülməsi, tərəflərin bir-birinin arqumentlərini dinləməsi, cəmiyyəti narahat edən məsələlərin bir masa arxasında müzakirəsi sivil cəmiyyətlərin idarəçilik formasıdır. İllərdir hakimiyyəti bu cür olmamaqda ittiham etmişik, bunu tələb etmişik, indi uzun illərdən sonra hakimiyyət bu cür idarəçiliyə "ya zəlzələdən, ya vəlvələdən" prinsipcə razılaşıb, hakimiyyətin rəsmi təmsilçisi müxalifətdə olan partiya rəhbərləri ilə görüşüb, bizi düşündürən bir sıra məsələlər - xüsusilə son həbslərlə bağlı aşkar müzakirələr olub, ölkədəki digər problemlərlə bağlı mütəmadi təmasların olması barədə razılıq əldə olunub".
\r\n
\r\n Əhməd Oruc dialoqa qatılmayan AXCP və Müsavat partiyaları kimi siyasi təşkilatları ittiham edərək qeyd edib ki, həmin partiyalar elə sanırlar ki, guya onlar olmasa, səhər açılmayacaq: "Və dərhal bəlli olub ki, hansısa bəhanələrlə hakimiyyətlə problemlərin müzakirəsində maraqlı olmayan "ciddi, əsas, əsl, alternativsiz, analoqu olmayan" partiyalar varmış və onlar olmasa səhər açılmayacaq... Və başladılar bu görüşdə iştirak edənlərə, daxili barış iştirakçılarına böhtan, təhqir, çamur yağdırmağa... Şəxsimlə bağlı əllərində heç bir əsas olmayan oppenentlərim bilirsiz məni nədə ittiham edir, bəs biləsiz, mən həmin görüşdə radikal çıxış etməmişəm, yığıncaqlardakı çıxışlarımdan, müsahibələrimdən fərqli olaraq yumşaq, barış mövqeyindən çıxış etmişəm...".
\r\n
\r\n Azadlıq Partiyasının sədri həmin qüvvələri irreal və məntiqsiz adlandıraraq, yaxın tarixə müraciət edib: "1993-cü ildə hakimiyyət dəyişikliyindən sonra bu günə kimi müxalifət tərəfindən hakimiyyəti tanımamaq siyasəti yürüdülür. 97-ci ilə kimi rəhmətlik Elçibəy özünü prezident hesab etdi, 2003-dən 2008 kimi İsa bəy "prezident" oldu, Milli Şuradakılar 2013-də də Cəmil müəllimi "prezident" seçdilər və çox guman ki, 2018-ə qədər o "hakimiyyətdə" olacaq. Müxalifət 21 ildir bu cür irreal, heç bir məntiqə sığmayan, istənilən ağlı başında adamı ən azı təəccübləndirəcək bir anamaliyanın içindədir, virtual hakimiyyətdədir. Belə görünür ki, nə qədər ki, bu siyasətin sifarişçiləri və bu sifarişi yerinə yetirən kəsim var, bu siyasət davam edəcək. 21 ildir bu cür heç bir sağlam məntiqə sığmayan, barış üçün, dialoq üçün imkan tanımayan, daxili siyasətdə səngərlər yaratmağa, düşmənçiliyə yol açan siyasət millətə nə verdi, bu xətti yürüdənlərə nələr gətirdi...".
\r\n
\r\n Əhməd Oruc onu da qeyd edib ki, iqtidarla dialoqa getmək istəməyən müxalifət partiyaları bu kimi addımları ilə yalnız öalərinə zərər vururlar.
\r\n
\r\n
\r\n
\r\n sia.az
\r\n