İlk Avropa Oyunlarına hər gün bir az da yaxınlaşırıq. Bütün beynəlxalq tədbirlər kimi Azərbaycan Avropa Oyunlarının rəngarəng və yüksək səviyyədə təşkili məqsədilə ciddi hazırlıq işləri görür. "Bakı-2015"-in məlumatına istinadən Avropa Oyunlarının brendi oyunların rəsmi tərəfdaşı olan Azərbaycan Hava Yollarının təyyarəyə minik talonları üzərində əks olunacaq.
"Bakı-2015"-in rəngarəng loqosu və idman təsvirləri bu gündən etibarən 2015-ci ilin iyun ayında keçiriləcək Avropa Oyunları başa çatanadək 800 mindən artıq təyyarəyə minik talonunu bəzəyəcək.
Təyyarəyə minik talonları Heydər Əliyev adına Beynəlxalq Hava Limanının, eyni zamanda, Naxçıvan və Gəncə hava limanlarının həm yerli, həm də beynəlxalq aviareyslər üzrə uçuşları üçün istifadə olunacaq. Talonlar bütün ölkədaxili istiqamətlərə, həmçinin London, Milan, Roma, Pekin və Nyu-York daxil olmaqla, müxtəlif istiqamətlərə beynəlxalq uçuşlarda istifadə olunacaq.
"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Rəngarəng loqomuzun və brendimizin Azərbaycan Hava Yolları və onun təyyarəyə minik talonları sayəsində bütün dünyaya tanıdılacağından çox məmnunuq. Azərbaycanın milli aviaşirkəti kimi Azərbaycan Hava Yolları, qarşıdan gələn aylarda İlk Avropa Oyunlarının təbliğində, eləcə də, Avropanın ən yaxşı idmançılarının gələn il Bakıda keçiriləcək oyunlarda yarışmaq üçün Azərbaycana gəlməsində əhəmiyyətli rol oynayacaq".
Azərbaycan Hava Yolları "Bakı-2015" Avropa Oyunlarının rəsmi tərəfdaşıdır və beynəlxalq auditoriya arasında oyunlar barədə məlumatlılığın artırılmasına kömək məqsədilə Avropa Oyunlarına dair informasiyanı təyyarənin göyərtəsində nümayiş etdirilən filmlərdə və jurnallarda əks etdirəcək.
Sazişə görə, həmçinin, gələn ilin yay mövsümündə Bakıya gələcək qonaqlar üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Avropa Oyunlarının loqosu, brendi və oyunlar haqqında məlumatlar mövcud olacaq.
Hər il 1,7 milyon sərnişin daşıyan və dünyanın 38 ölkəsinə uçuşlar həyata keçirən şirkət Avropa Oyunları ilə əlaqədar olaraq gələn il Bakıya gündəlik uçuşlarının sayını artıracaq.
NƏZAKƏT