Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu şaxələndirərək uğurla reallaşdırması nəticəsində əhəmiyyətli nəticələrin əldə olunmasına nail olub
Sirr deyil ki, hər bir ölkənin, xalqın beynəlxalq miqyasda tanınmasında, nüfuzunun artmasında, davamlı nailiyyətlər əldə etməsində liderin xüsusi yeri və rolu mövcuddur. Həm də, lider o şəxsiyyətə deyilməlidir ki, rəhbərlik etdiyi dövlətin, ona etimad göstərmiş xalqın maraqlarını bütün imkanları ilə müdafiə edir, gerçəkləşdirir, cəmiyyətin enerjisinin səfərbər edilməsi ilə vətəndaşların taleyində əhəmiyyətli reallığa çevirir. Bu cür liderlərin mövcudluğu təbii ki, xalqların perspektivinin qarant altında olmasına və dinamik inkişaf yoluna çıxmasına zəmin yaratmış olur. Ancaq fakt budur ki, tale hər bir xalqa bu cür mühüm xarizmalara sahib ola biləcək lider bəxş etmir. Nə xoşdur ki, Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyev dühasının tarixi liderliyini qəbul etməklə, yaşatmaqla bərabər, hazırda Onun layiqli davamçısı İlham Əliyev Liderliyi dövrünü yaşayır!
Məhz bu mənada, vurğulamaq yerinə düşərdi ki, Azərbaycan xalqını ağrılı-acılı günlərdən çıxarmış, ölkədə sabitliyin yaranmasında qətiyyətli mövqeyini ortaya qoymuş və bunu əldə etmiş Ulu Öndər Heydər Əliyevin siyasi kursu bu gün Onun ən layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu kontestdə qeyd etmək istərdim ki, bəli, Azərbaycan xalqının gələcəyi daha parlaq, daha işıqldır!
Artıq 11 ildir ki, Azərbaycan xalqının etimadı əsasında ölkəyə rəhbərlik edən Cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu şaxələndirərək, uğurla reallaşdırması nəticəsində perspektiv baxımdan əhəmiyyətli nəticələrin əldə olunmasına nail olub. Məhz möhtərəm İlham Əliyev Cənablarının 11 il ərzində həyata keçirdiyi sosial-iqtisadi və siyasi reformalar modern Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib, regional gücünü və qlobal əhəmiyyətini artırıb.
Artıq 20 ildən artıqdır ki, Azərbaycan xalqının rifahına, təhlükəsizliyinə və gələcək inkişafına müsbət töhfələrini verən Ulu Öndər Heydər Əliyev siyasəti müstəqil dövlətimizin xalqımızın tarixi nailiyyətinə çevrilməsinə əsas yaradıb. Çünki uzun illər, əsrlər boyu azadlıq uğrunda mübarizə aparmış Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin və Onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti sayəsində müstəqil xarici siyasət yürüdən, regionun lider ölkəsi olan və dünya miqyasında əhəmiyyətli faktor rolunu alan dövlətin sahibinə çevrilib.
Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni bir dövrünü-müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin, hüquqi dövlət quruculuğu yolunda atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın dinamik inkişafını təmin edən faktorlar hesab edilir.
Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan strateji kurs daxili ictimai-siyasi sabitliyi və tərəqqini də ən yüksək səviyyədə təmin edib. Yerli və xarici analitiklərin yekdilliklə üzərində durduqları başlıca məsələlərdən biri də budur ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər, inkişaf modelləri təşkil edir. İnsan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şəraitin yaradılması kimi göstəricilər və nəticələr deyilənləri bir daha təsdiq edir. Eyni zamanda, demokratik seçki ənənəsinin yeni keyfiyyətdə davam etdirilməsi, siyasi plüralizmin ən yüksək səviyyədə təmin olunması bütövlükdə ictimai-siyasi sabitliyi və inkişafı təmin edib. Bütün bunlar isə insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsinin genişlənməsinə, sosial-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına da xüsusi töhfələr verib. Bir sözlə, siyasi-hüquqi müstəvidə fundamental önəm kəsb edən strateji tədbirlərin görülməsi bu sahənin inkişafına xüsusi töhfələr verməklə yanaşı, ümummilli inkişafın sürətlənməsinə də əhəmiyyətli təkan olub.
Ona görə də bu gün müasir beynəlxalq münasibətlər sistemində söz sahibi və BMT Təhlükəsizlik Şurasının üzvü olan, planetimizin müxtəlif bölgələrində münaqişələrin, siyasi kataklizmlərin, kollapsların müşahidə olunduğu, həmçinin, aparıcı ölkələrin iqtisadi və maliyyə böhranından əziyyət çəkdiyi bir dövrdə yüksələn xətlə inkişaf edən Azərbaycan Respublikası xalqımızın tarixi nailiyyətidir, ən böyük sərvətidir və fəxr mənbəyidir. Bu gün bütün vətəndaşlarımızın, həmçinin, dünyanın digər ölkələrində yaşayan soydaşlarımızın azərbaycanlı və Azərbaycan Respublikasının vətəndaşı olması ilə qürur duyduğunu və fəxr etdiyini deməsi də çox ciddi təməllərə dayanır. Çünki bu günün Azərbaycanı yalnız beynəlxalq münasibətlər sistemindəki yeri və roluna görə deyil, həmçinin, daxili sosial-iqtisadi quruluşuna, tərəqqisinə və nailiyyətlərinə, milli-dini və etnik quruluşuna, eyni zamanda, polietnik və çoxkonfessiyalı atmosferdə qardaşlığın, dözümlülüyün mövcudluğuna görə dünya dövlətləri üçün bir inkişaf modelidir. Belə ki, bazar iqtisadiyyatı yolu ilə inkişaf edən Azərbaycanda sosial-iqtisadi sahədə liberal islahatlar gerçəkləşdirir, dövlət səviyyəsində azad sahibkarlığa böyük diqqət və qayğı göstərilir, əməkhaqları, təqaüdlər artırılır, yeni iş yerləri açılır, həmçinin, insanların rifah halının yüksəldilməsi üçün mühüm qərarlar verilir və bunun nəticəsində də ölkəmizin sosial həyatında dəyişikliklər müşahidə olunur.
Azərbaycan həm də dünyada mötəbər tədbirlərin keçirildiyi bir mərkəzə çevrilmişdir. Avropa Oyunlarının 2015-ci ildə tarixdə ilk dəfə ölkəmizdə keçiriləcəyi hər bir azərbaycanlıya tükənməz qürur hissi bəxş edir. Bütün bunlar, əlbəttə ki, məhz Onun - Azərbaycan Prezidenti Cənab İlham Əliyevin misilsiz əməyinin nəticəsidir.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc dairəsində sürətlə irəliləməkdədir. Belə ki, həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Təkcə onu demək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Bütün gerçəkləşdirilən regional layihələrin mərkəzi oyunçusu qismində də məhz Azərbaycan çıxış edir. Eyni zamanda, məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, birbaşa olaraq heç bir subyektdən asılı olmadığını da təsdiq edir.
Prezident İlham Əliyevin yüksək idarəetmə qabiliyyətinin və iqtisadiyyatda islahatların davamlılığını təmin etmək məharətinin ən bariz nümunəsini dünya iqtisadi böhranı zamanı həyata keçirilən mükəmməl iqtisadi konsepsiyanın uğurlu nəticələrinə diqqət yetirməklə görmək olar. Azərbaycan iqtisadiyyatı böhran meyillərinə demək olar ki, məruz qalmayıb.
Bu gün tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb.
Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, hər sahə üzrə proqramların mövcudluğu, həyata keçiriləcək layihələrin xalq tərəfindən dəstəklənməsi, birgə addımların atılması gələcəyə daha böyük inamla irəliləməyə stimul verir. Prezident İlham Əliyevin hər bir vədini konkret əməli işi ilə təsdiqləməsi, həyata keçirdiyi siyasətin alternativsizliyi beynəlxalq qurumların, dünyanın tanınmış siyasətçilərinin, politoloqlarının, nüfuzlu araşdırmalar mərkəzlərinin açıqlamalarında xüsusi qeyd edilir, ən yüksək mükafatlara layiq görülür.
Mən yazımın sonunu məhz Prezident İlham Əliyev Cənablarının kəlamı ilə biritmək istərdim. Dövlət başçıımız tarixi çıxışlarının birində vurğulayıb ki, Azərbaycan bu gün dünya üçün çox önəmli tərəfdaşa çevrilib: "Hər bir məsələ ilə bağlı bizim prinsipial mövqeyimiz var. Azərbaycan hər bir beynəlxalq hadisə ilə bağlı öz prinsipial mövqeyini ifadə edir. Bu mövqe prinsiplər üzərində qurulub. Beynəlxalq hüquq və ədalət - bu iki prinsip hər bir ölkə üçün ən əsas prinsip olmalıdır. Bizim üçün bu, belədir. Bu gün Azərbaycanın dünyada artan hörməti, eyni zamanda, bizim prinsipial mövqeyimizdən qaynaqlanır. Bizim tərəfdaşlarımız bilirlər ki, Azərbaycan etibarlı tərəfdaşdır. Bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur". Cənab Prezident həmçinin vurğulayıb ki, Azərbaycan öz siyasətinə sadiqdir: "Bizim yolumuz müstəqillik, milli ləyaqət, inkişaf, tərəqqi yoludur. Bizi bu yoldan heç kim döndərə bilməz".
Bəli, məhz belədir! Bu gün Azərbaycan xalqı ilk olaraq öz Liderinə arxalanır, Ona öz tükənməz inamını izhar edir. Ona görə də bu gün müstəqil, güclü, qətiyyətli və qürurlu Azərbaycan dövləti yaşayır və yaşadılır. Xalqımız isə məhz öz sevimli Prezidenti ətrafında daha da sıx biləşərək, ölkənin inkişaf və tərəqqisində inamla irəliləyir. BU YOL İSƏ ƏBƏDİ VƏ DÖNMƏZDİR!
ZƏRİFƏ QULİYEVA,
YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü