Binəqədi rayonunda bu mövzuda layihənin bağlanış tədbiri keçirilib
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında YAP Binəqədi rayon təşkilatının təşəbbüsü və Binəqədi rayon icra hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Binəqədi rayon gənclər və idman idarəsi, Azərbaycan Respublikası İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı və NİCOS şirkətinin maliyyə dəstəyi ilə rayonun bütün orta ümumtəhsil məktəblərini əhatə etmiş "Gigiyenik qaydalara düzgün əməl edək" layihəsinin yekun bağlanış və layihə çərçivəsində elan olunmuş müsabiqələrin qaliblərinin mükafatlandırılması tədbiri keçirilib.
Tədbirdən öncə qonaqlar layihə çərçivəsində müxtəlif istiqamətlər üzrə məktəblilər arasında elan olunmuş müsabiqənin iştirakçılarının işlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Binəqədi rayonu üzrə bütün məktəbləri əhatə etmiş layihənin əsas məqsədinin sağlam gələcək, sağlam gənclik olduğunu qeyd edib. Natiq ölkədə təhsil və səhiyyə ilə bağlı böyük işlərin görüldüyünü, Cənab Prezident İlham Əliyevin bu sahələrin inkişafı ilə bağlı mühüm qərarlar qəbul etdiyini vurğulayıb. Rayon partiya təşkilatının sədri "Gigiyenik qaydalara düzgün əməl edək" layihəsinin gənclərə sağlam həyat tərzi aşılamaq istiqamətində böyük addım olduğunu bildirib.
Çıxış edən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatları Mərkəzinin layihələrin əlaqələndirmə şöbəsinin müdiri Səbinə Babazadə Binəqədi rayonunun daim maarifləndirci, sosial və tibbi baxımdan mühüm layihələr keçirdiyini və görülən işlərin nümunə olduğunu qeyd edib.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov çıxışında "Təmiz Binəqədi" layihəsinin vacib əhəmiyyətindən, belə bir layihənin ilk dəfə Bakıda Binəqədi rayonunda keçirilməsindən danışıb.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov layihənin sağlam həyat tərzi, gigiyenik qaydalara əməl etmə nöqteyi-nəzərdən böyük missiya daşıdığını bildirib. O, sağlamlığın təhsilin səviyyəsinə təsir etdiyini, gigiyena ilə bağlı məsələlərin mühüm mahiyyət daşıdığını, bunun hər bir məktəbliyə izah edilməsinin vacib olduğunu vurğulayıb.
"NURGÜN Group" Şirkətinin Müştəri Xidmətləri və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Reala İsazadə "Gigiyenik qaydalara düzgün əməl edək" layihəsində iştirakdan məmnun olduqlarını qeyd edib. O, Nurgün Şirkətlər Qrupunun "Təmiz Binəqədi" layihəsində iştirakından danışaraq, layihə çərçivəsində müxtəlif nominasiyalar üzrə qalib gələn məktəbliləri təbrik edib.
Tədbirdə çıxış edən Binəqədi rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva "Gigiyenik qaydalara düzgün əməl edək" layihəsinin "Bakı-2015" İlk Avropa Oyunlarına töhfə olan "Təmiz Binəqədi" layihəsi çərçivəsində keçirildiyini qeyd edib. A.Əliyeva "Təmiz Binəqədi" layihəsi çərçivəsində gənclərin sağlamlığlının qorunması, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı çoxsaylı tədbirlərin, aksiyaların, müxtəlif idman yarışlarının və vətənpərvərlik tədbirlərinin keçirildiyini qeyd edib. Natiq "Təmiz Binəqədi" layihəsinin gələcəkdə də keçiriləcəyini layihənin birinci hissəsinin "Bakı-2015" İlk Avropa Oyunlarına qədər davam edəcəyini, layihənin həm özəl, həm də dövlət təşkilatları ilə birlikdə fəaliyyətinin nəticəsi və bunun cəmiyyətdə birlik, həmrəylik və dostuluğun nümayişi və təntənəsi olduğunu bildirib.
Sonda layihə çərçivəsində elan olunmuş Binəqədi rayonu üzrə orta məktəblər arasında "Ən yaxşı divar qəzeti", layihə iştirakçıları olan məktəblilər arasında isə "Ən yaxşı deviz", "Ən yaxşı rəsm əsəri" və "Ən yaxşı tibbi maarifləndirmə məqaləsi" nominasiyaları üzrə qaliblərə diplom və mükafatlar verilib, eyni zamanda, "Təmiz Binəqədi" layihəsi çərçivəsində elan olunmuş ən nümunəvi tibb müəssisəsi müsabiqəsinə də yekun vurulub və qaliblər mükafatlandırılıb.
ZÜMRÜD