Rauf Arifoğlu: "Bütün bu işləri və sifətləri Əli Kərimliyə yaraşdırıram"
AXCP-Müsavat qarşıdurması artıq etik normaları aşan ifadələrə doğru istiqamət alıb. SİA xəbər verir ki, ötən gün Cəbhə sədri Əli Kərimlinin əmisi oğlu, AXCP fəalı İnqilab Kərimov "Yeni Müsavat" qəzetinin baş redkatoru Rauf Arifoğlunu və onun valideyinlərini təhqir edən status paylaşıb. (Statusda yazılan təhqirli fikirlər heç bir etika çərçivəsinə sığmadığı üçün onun ictimailəşdirilməsini məqbul hesab etmirik-red.)
Belə bir məqamda "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu rəhbərlik etdiyi mətbu orqana açıqlamasında deyib ki, bir dəstə siyasi avara sosial şəbəkədə məskən qurub və burada 24 saatlıq rejimlə, növbə çəkirlər və onlar "Yeni Müsavat"la, onun baş redaktoru ilə bağlı aqressiv kampaniya aparırlar, qəzeti dəstəkləyən insanları abırdan salırlar: "Onlara baş qoşmağa vaxtımız yoxdur. Lakin hərdən cavab veririk. Bir dəstə AXCP üzvü onlar kimi düşünməyən və liderlərinə biət etməyən hər kəsi mənəvi terror edir. Biz təsbit etmişik ki, AXCP sədri özü də psevdonimlə, saxta profillə yazışmalarda fəal iştirak edir, söyüş söyür, aranı qızışdırır. Mən bütün bu işləri və sifətləri ona yaraşdırıram. Davam etsin, bu yolda onu böyük gələcək gözləyir".
Bu arada, Azərbaycan Demokratiya və Rifah Hərəkatını (ADR) təsis etmiş Müsavat üzvü Qubad İbadoğlu Rauf Arifoğluna qarşı aparılan kampaniyanı pisləyən status paylaşıb. O qeyd edib ki, Rauf Arifoğluna qarşı bu kimi çirkin niyyətlərin arxasında dayanan əsas tərəf, məhz Əli Kərimlidir: "Rauf Arifoğluna qarşı sosial şəbəkələrdə yerləşdirilmiş iyrənc kollaj mənəvi-əxlaqı dəyərlərimizin hansı səviyyədə aşınmasının göstəricisidir. Bu vasitələrdən istifadə edərək opponentini gözdən salmağa hətta cəhd etmək belə tərbiyəsizlikdir. Odur ki, yalnız onu hazırlayıb sosial şəbəkələrdə yerləşdirəni deyil, ona rəvac verən, onu sifariş edənləri ciddi şəkildə qınayıram və onlara müraciət edərək belə çirkin vasitələrlə mübarizə aparmağı dayandırmağa çağırıram".
Xatırladaq ki, vəziyyətin yenidən kəskinləşməsinə səbəb "Yeni Müsavat" qəzetinin baş redkatoru Rauf Arifoğlunun "Azadlıq" qəzetini məhkəməyə verməsi olub.
sia.az