AXCP sədrinin müavini Gözəl Bayramlı Müsavat Partiyasının başqanı Arif Hacılının sosial şəbəkədə təhqir kampaniyasına son qoyulması çağırışlarına və "Yeni Müsavat" qəəzetinin baş redaktoru Rauf Arifoğlunun ittihamlarına cavab verib. SİA-ya daxil olan məlumata görə, Əli Kərimlinin müavini şəxsi hesabındakı statusunda yazdığı cavabda qeyd edib ki, söyüş ritorikasını, təhqiri, şantajı Azərbaycan siyasətinə "Yeni Müsavat" qəzeti gətirib: "Təkcə son günlər Rauf Arifoğlunun və qəzetinin AXCP sədri haqqında təhqir dolu yazılarını oxusanız, özünüz bunun şahidi olarsınız. Deyirsiniz ki, siyasətdə belə əxlaqı qəbul etmirəm. Gözəl! Biz də qəbul etmirik. Sıravi bir partiyadaşımızın məlum kollajının qaldırılmasını da buna görə tələb etmişik və bildiyiniz kimi həmin kollaj qaldırılıb. Siz necə, o yazılara görə heç bu gün müdafiəsinə status həsr etdiyiniz adamı və ətrafındakıları bircə dəfə qınamısınızmı?".
Xatırladaq ki, dünən gecə saatlarından başlayaraq, sosial şəbəkədə iki cəbhəyə ayrılmış tərəflər arasında təhqirlər də yer alan söz atışmalarına start verilib. Tərəflər bir-birlərini hakimiyyətə işləməkdə və s. məsələlərdə ittiham etməkdədirlər.
sia.az