Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının II Məclisi keçirilib. SİA-nın məlumatına görə, Məclisdə təşkilati məsələlərə baxılıb, "Müasir iqtisadi şəraitdə iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təkmilləşdirilməsində həmkarlar ittifaqlarının rolu" mövzusunda məruzə dinlənilib.Əvvəlcə AHİK Məclisinin tərkibinə dəyişiklik edilib. Fövqəladə Hallar Nazirliyinin Həmkarlar İttifaqı Respublika Komistəsi AHİK üzvlüyünə qəbul olunub. Bununla belə, AHİK İcrayə Komitəsi və AHİK Təftiş Komissiyasının tərkibinə dəyişiklik edilib.AHİK sədri, millət vəkili Səttar Mehbalıyev II Məclisdə çıxış edərək deyib ki, son illərdə respublikamızda sosial-iqtisadi inkişaf, ölkənin ictimai-siyasi həyatında baş verən dəyişikliklər həmkarlar ittifaqlarının dövlət və işə götürənlərlə münasibətlərini daha da yaxşılaşdırıb. AHİK-nın IV qurultayında layiqli əməyin konseptual əsasları bəyənilib ki, onun da əsas elementlərindən bəziləri əməyin mühafizəsi qaydalarına riayət olunması ilə bağlıdır. Qurultayın qərarlarının icrasına önəmli əhəmiyyət verərək AHİK İcraiyyə Komitəsi tərəfindən "əməyin və ətraf mühitin müdafəsi" sahəsində fəaliyyətinin 2018-ci ilədək olan dövr üçün əsas istiqamətləri müəyyən edilib. Həmkarlar ittifaqının bütün orqanları öz səlahiyyətləri çərçivəsində ətraf mühitin mühafizəsi məsələləri və istehsalat risklərinin azaldılması istiqamətində işəgötürənlərlə ardıcıl iş aparıblar. İctimai–həmkarlar ittifaqı nəzarəti mexanizminin təkmilləşdirilməsi məqsədi ilə qabaqcıl texnologiyaların tətbiq edilməsi, həmkarlar ittifaqı fəallarının təhsilinin yeni formalarının axtarışı, əməyin mühafizəsi üzrə baxış-müsabiqələrin keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilməsi təklif edilib.S. Mehbalıyev bildirib ki, sənaye ili elan olunan 2014-cü il Azərbaycanın sənayeləşdirilməsində keyfiyyətcə yeni mərhələnin başlanğıcı olub: "Ölkə prezidentinin sərəncamına əsasən sənayenin inkişaf etdirilməsinə dair Dövlət Proqramı hazırlanıb. Proqramda "Azərbaycan-2020; gələcəyə baxış" uzunmüddətli inkişaf konsepsiyasının istiqamətləri əsas götürülüb. Bu faktı da qeyd etmək lazımdır ki, ilin hələ sona çatmamasına baxmayaraq, ölkəmizin 2014-cü ildə iqtisadi sferada əldə etdiyi uğurlar nüfuzlu beynəlxalq strukturlar tərəfindən qeyd edilib. Ölkədə sistemləşdirilmiş məşğulluq siyasəti aparılır. Yeni kosmik sənaye sahəsi yaradılmışdır. Kimya, Müdafiə Sənayesi, Metallurgiya, Kənd təsərrüfatı və Emal sənayesi sahələri inkişaf etmiş, bütövlükdə nəqliyyat sektorunun yenilənməsi həyata keçirilir. Yeni-yeni istehsalat strukturları, texnoloji proseslər yeni innovativ maşın və mexanizmlər işə salınır".Millət vəkili diqqətə çatdırıb ki, regionların sosial-iqtisadi inkişafında surətli dinamika müşahidə edilir: "2013-cü ildə ölkə üzrə 380 istehsalat sahəsi istifadəyə verilmişdisə, yaxın perspektivdə daha 470 emal və infrastruktur sahənin işə salınması gözlənilir. Nəticə etibarı ilə əmək bazarında müsbət dəyişikliklər baş verir. 2013-cü il ərzində respublika üzrə 110 min yeni iş yeri açılmışdısa, 2014-cü ilin təkcə 9 ayı ərzində 100 mindən çox iş yeri açılmış və son 10 ildə yeni açılan iş yerlərinin sayı 1 milyon 300 mini keçib. Bu gün ölkə üzrə işsizlik səviyyəsi 5% həddindədir. Orta və ali təhsil müəssisələrini yeni bitirmiş gənclər üçün zəmanətli iş yerlərinin, regionlarda qadınlar üçün iş yerlərinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir. İqtisadi inkişaf şəraitində işçilərin sosial müdafiəsinə tələbat da artır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yarandığı ilk gündən dövlətin sosial-iqtisadi siyasətində fəal iştirak edərək bu işdə öz yolunu müəyyənləşdirib. Ətrafında 1,6 milyon işçini birləşdirən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası öz əməli fəaliyyətində hökumətlə demokratik dialoq qurmağa nail olmuşdur. Sosial əmək münasibətlərinin formalaşmasında muzdlu işçilərin ictimai və iqtisadi mənafelərini fəal müdafiə edən AHİK sosial tərəfdaşlığın inkişafına öz töhfəsini verib. İşçilərin əməyinin və sağlamlığının müdafiəsi sahəsində həmkarlar ittifaqları sosial tərəfdaşlarla bütün səviyyələrdə kollektiv müqavilələrin bağlanmasını, qanunverici və normativ aktların qəbul edilməsini və təkmilləşdirilməsini birlikdə həyata keçirir. Konfederasiyanın sosial tərəfdaşlarla əməkdaşlığının əsas istiqaməti Baş Kollektiv Sazişdir".Vurğulanıb ki, AHİK hər iki ildən bir işçilərin sosial müdafiəsinin müxtəlif istiqamətlərini, o cümlədən əməyin və sağlamlığın mühafizəsi məsələlərini əks etdirən Baş Kollektiv Sazişin layihəsini sosial tərəfdaşların müzakirəsinə təqdim edir: "Son illər həmkarlar ittifaqları qanunverici və normativ bazanın təkmilləşdirilməsi prosesinə də real təsir göstərir. Bizim təşəbbüsümüzlə "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsinin icbari sığortası haqqında" qanun qəbul edilib və 2011-ci ilin yanvar ayından qüvvəyə minmişdir. Əmək və Vergi Məcəllələrində iş və istirahət rejiminə, işçilərin əməyinin mühafizəsinə, zərərli şəraitdə işləyənlərə profilaktik yeməklər verilməsinə xərclənən vəsaitin vergidən azad olunmasına dair bir sıra dəyişikliklər edilib.Həmkarlar ittifaqının mərkəzi və sahə həmkarlar ittifaqı orqanları sosial tərəfdaşların iştirakı ilə həmkarlar ittifaqı fəallarının hərtərəfli maarifləndirilməsinə, tematik zona müşavirələrinin, iclasların, konfransların, "dəyirmi masa" müzakirələrinin, baxış-müsabiqələrin, dövlət-ictimai-həmkarlar ittifaqı nəzarətinin təşkilinə, istehsalat zədələnmələrinin və xəstələnmə hallarının profilaktikasına xüsusi önəm verir. Bu işdə həmkarlar ittifaqları uğurlu beynəlxalq aksiyalardan: 28 aprel-Beynəlxalq əməyin mühafizəsi, 5 iyun - Ətraf mühitin mühafizəsi, 7 oktyabr - Layiqli əmək uğrunda mübarizə günləri kimi qeyd olunan tədbirlərin keçirilməsindən səmərəli istifadə edir. Görülən işlər müəyyən mənada işçilərin əməyinin mühafizəsi cəhətdən sosial müdafiəsinin gücləndirilməsinə yönəldilib.Təkcə 2013-cü ilin yekunlarına görə həmkarlar ittifaqlarının texniki əmək müfəttişliyi tərəfindən yoxlanan müəssisələrdə hər 18 işçidən birinin həyatı və sağlamlığı üçün risk faktoru aradan qaldırılıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yarandığı gündən həmkarlar ittifaqlarının fəaliyyət göstərdiyi müəssisələrdə istehsalat zədələnməsinin sayı 4,4 dəfə, ölümlə nəticələnmiş bədbəxt hadisələrin sayı isə 4 dəfə azalıb.İstehsalat zədələnməsinə görə analoji azalma tempi bütün respublikada fəaliyyət göstərən müəssisələr üzrə müşahidə olunmaqdadır. Bununla yanaşı araşdırmalar göstərir ki, respublikada istehsalat zədələnmələrinin, işçilərin əmək şəraitinin yaxşılaşdırılmasının, onların ağır və zərərli iş yerlərindən kənarlaşdırılmasının vəziyyəti o qədər də ürəkaçan deyil. 2006, 2011, 2013-cü illərdə həmkarlar ittifaqlarının fəaliyyət göstərdiyi müəssisələrdə istehsalat zədələnmələrinin artmasına yol verilib. 2006-2011-ci illərdə isə ümumilikdə respublika üzrə artım müşahidə olunub.Son illər istehsalat zədələnmələrinin vəziyyətinin araşdırılması göstərir ki, qəzalar, bədbəxt hadisələr və zədələnmələr tipik təşkilati səbəblər fonunda baş verir. İşin düzgün təşkil olunmaması, işəgötürənlərin iş yerlərində sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasına yanaşması belə səbəblərdəndir. İşçilərin əmək şəraitinin yaxşılaşdırılması, onların təhlükəli və zərərli iş yerlərindən kənarlaşdırılması problemi də kəskin qalmaqda davam edir. 2013-cü ilin yekunqlarına görə zərərli və təhlükəli iş yerlərində işləyənlərin sayı 33,3 min nəfər təşkil edir. Sənaye və nəqliyyat sahəsində əlverişsiz iş şəraitində çalışanların sayında artım müşahidə olunmuşdur. Ayrı-ayrı sahələrdə ətraf mühitin və ekologiyanın mühafizəsi məsələlərinə məsuliyyət hissi ilə yanaşılmamışdır ki, bu da xəstələnmə hallarının artmasına səbəb olub. İstehsalat xəsarəti və peşə xəstəliyi səbəbindən ilkin olaraq əlil olanların sayı artıb.Bütün göstərilən nöqsanların aradan qaldırılması, bir sıra problemlərin həlli üçün təxirəsalınmaz tədbirlər görülməlidir. Respublikamızda özəl biznes, xüsusilə də inşaat biznesi ilbəil artmaqdadır. Dövlət Statistika Komitəsinin araşdırmaları göstərir ki, özəl və kiçik biznes müəssisələrində əmək mühafizəsinə vəsait ayrılmır. Məhz bu sahələrdə daha çox bədbəxt hadisələr və istehsalat qəzaları baş verir. Belə vəziyyətin yaranması təsdiq edir ki, biz ümumilikdə respublika üzrə səmərəli fəaliyyət göstərən əmək mühafizəsinin idarəetmə sisteminin yaradılmasına nail olmamışıq. 2014-cü ildən başlayan iqtisadiyyatın sənayeləşdirilməsinin yeni mərhələsi işəgötürənlərdən prinsipcə yeni iş yerlərinin yaradılmasını tələb edir.İşəgötürənlərin peşə risklərinin azaldılmasına iqtisadi marağının artırılması bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq həyata keçirilməlidir. Əməyin və sağlamlığın mühafizəsi məsələlərinin həllində ümumi prinsiplərin işlənməsi məqsədi ilə 27 yanvar 2012-ci il tarixində tripartizm prinsipləri əsasında "Təhlükəsiz və sağlam əmək şəraiti üzrə Milli Şura" yaradılıb. Şuranın yaradılmasının əsas məqsədi əməyin və sağlamlığın mühafizəsi, işçilərin hüquqi müdafiəsi məsələləri ilə əlaqədar hakimiyyət və idarəetmə orqanları, işəgötürənlərlə bərabərhüquqlu qarşılıqlı münasibətlərin qurulması problemlərinin qanunvericilik zəminində həll edilməsinə yardım göstərməkdir. Sosial tərəfdaşların Məclisimizdə iştirakını nəzərə alaraq bildirirəm ki, bu məqsədə nail olmaq üçün biz ortaya çıxan problemləri kompleks şəkildə müzakirə etməli və onların həlli yollarını axtarmalıyıq. Əvvəlcə sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün işəgötürənlərin iqtisadi cəhətdən maraqlandırılması mexanizmini müəyyən edən qanunverici və normativ aktların təkmilləşdirilməsinə diqqət yetirməliyik.Biz Əmək Məcəlləsində nəzərdə tutulmuş vergi, kredit və qiymət siyasətindən istifadə etməklə işəgötürənlərdə fərdi mühafizə vasitələrinin hazırlanmasına və işlərin təhlükəsiz yerinə yetirilməsinin təbliğinə maraq yaratmalıyıq. Biz dəyişən iqtisadi şəraitə və sosial dəyişikliklər prosesinə uyğun olaraq ictimai həmkarlar ittifaqı nəzarətinin təkmilləşdirilməsi və optimallaşdırılması məsələlərini müzakirə etməliyik. İşçilərin əmək hüquqlarına əməl edilməsinə dövlət və həmkarlar ittifaqı nəzarətinin təsirini və səmərəliliyini artırmaq üçün yolları müəyyənləşdirməliyik. Biz 2014-2015-ci illər üçün imzalanmış Baş Sazişdə nəzərdə tutulmuş bir sıra qanunverici və normativ aktların hazırlanıb tezliklə qəbul edilməsi üçün yollar tapmalıyıq. Həmkarlar ittifaqı orqanlarında aparılan müzakirələri və işlənib hazırlanan ümumi prinsip və yanaşmaları nəzərə alaraq əməyin mühafizəsi sahəsində mövcud olan konkret problemlərin həllində bizim mövqeyimiz geniş şəkildə təqdim olunacaq məruzədə öz əksini tapacaqdır. Heç bir şübhə yoxdur ki, bugünkü toplantı layiqli və təhlükəsiz iş yerləri yaradılması istiqmətində sosial tərəfdaşlar arasında daha sıx əlaqələrin yaranmasına təkan verəcəkdir.İştirakçıların nüfuzlu tərkibi bizə əminlik verir ki, bugünkü Məclisin işində əməyin və ekologiyanın mühafizəsi problemlərinin yeni və effektiv yolları müəyyən ediləcəkdir" – deyə, deputat fikrini tamamlayıb.Daha sonra digər çıxış edənlər də II Məclisin işinə uğurlar arzulayıblar.
sia.az