PDF Oxu

Siyasət

  • 9

Azərbaycan alimlərinin I qurultayı keçirildi

Azərbaycan alimlərinin I qurultayı keçirildi

Qurultayda Prezident Cənab İlham Əliyevin təbrik məktubu səsləndirildi

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının, Təhsil Nazirliyinin və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan alimlərinin I qurultayı keçirildi.

Azərbaycan alimlərinin I qurultayının iştirakçıları ilk olaraq Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər, məzarı önünə əklil qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də güllər düzdülər.

AMEA-nın əsas binasında öz işinə başlayan qurultayı AMEA prezidenti, akademik Akif Əlizadə giriş sözü ilə açaraq ilk dəfə ölkəmizdə keçirilən bu tədbirin müasir dünyanın qlobal çağırışlarının, Azərbaycanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafının, həmçinin bu inkişafa adekvat olaraq Azərbaycan elmində gedən proseslərin məntiqi nəticəsi olduğunu bildirdi. O, qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan Onun ideyalarının və siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti Cənab İlham Əliyevin uğurla həyata keçirdiyi siyasətin nəticəsində inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Təqdirəlayiq haldır ki, Azərbaycanın milli sərvəti olan elmi potensialın qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Akademik vurğuladı ki, hazırda elmi potensialın milli tərəqqi naminə səmərəli istifadə olunması Azərbaycan dövləti və cəmiyyəti qarşısında duran əsas vəzifələrdən biridir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin formalaşdırılmasının ölkəmizin əsas strateji inkişaf xətti olaraq qəbul edildiyini qeyd edən AMEA-nın rəhbəri konsepsiyanın Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr qoyduğunu bildirdi. Dövlət, biznes və vətəndaş cəmiyyəti sektorunda çalışan Azərbaycan alimlərinin hansı sosial zümrəni və hansı ölkəni təmsil etmələrindən asılı olmayaraq, vahid bir amal naminə öz qüvvəsini səfərbər etmələrinin, eləcə də müasir dünyanın çağırışlarına, ölkəmizin strateji inkişafı baxımından üzərlərinə düşən vəzifələrin icrasına vaxtında adekvat cavab vermələrinin vacibliyini qeyd edən A.Əlizadə Azərbaycan alimlərinin I qurultayının keçirilməsi ideyasının məhz bu zərurətdən meydana gəldiyini diqqətə çatdırdı.

Akademik Akif Əlizadə alimlərin müasir zamanın çağırışlarından, ölkəmizin sosial-iqtisadi və mədəni-mənəvi inkişafından irəli gələn vəzifələrin müəyyənləşdirilməsində, həmçinin elm sahəsindəki mövcud problemlərin həllində səy və bacarıqlarını əsirgəməyəcəyinə, eləcə də qarşıya qoyulan vəzifələrin reallaşması istiqamətində həmrəylik nümayiş etdirəcəklərinə əminliyini ifadə etdi. Sonra Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının Humanitar Siyasət Məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə ölkə Prezidenti, Cənab İlham Əliyevin Azərbaycan alimlərinin I qurultayına ünvanladığı təbrik məktubunu səsləndirdi.

Tədbirdə "Müasir dünyanın çağırışları və Azərbaycan elminin prioritetləri" adlı məruzə ilə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan elminin müasir mərhələdə vəzifələri, ölkənin elmi-texniki və innovativ inkişafının müasir, eləcə də vətəndaş cəmiyyətinin və mədəniyyətin vacib ünsürü olan sosial-iqtisadi dəyişikliklərin elmi əsaslarının yaradılması, biliklər iqtisadiyyatının qurulması baxımından strateji əhəmiyyətli innovativ fəaliyyət sahələrində əldə olunan nailiyyətlərlə bağlı fikirlərini bölüşdü.

Sonra təhsil naziri Mikayıl Cabbarov "Elm və təhsilin inteqrasiyasının bəzi məsələləri haqqında" adlı məruzə ilə çıxış etdi. O bildirdi ki, bu gün bizim qarşımızda duran ən mühüm məsələ elm və təhsilin inteqrasiyasına nail olmaq, onların qarşılıqlı əlaqəsini gücləndirməkdir. Ali təhsil müəssisələrində aparılan elmi tədqiqatların prioritetlərinin müəyyənləşdirilməsinin mühüm bir vəzifə olduğunu vurğulayan nazir bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd etdi. Onun sözlərinə görə, ali təhsil müəssisələrindəki elmi fəaliyyəti əlaqələndirən müvafiq şuranın yaradılması əsas hədəflərimizdəndir. Şuranın yaradılmasında məqsəd dünya səviyyəli elmi araşdırmaların çərçivə standartlarını müəyyənləşdirməkdir.

Məruzədə o da qeyd olundu ki, ümumorta təhsil müəssisələrində kurikulum proqramlarının hazırlanmasında elmi yanaşmalardan geniş istifadə olunacaq, o cümlədən ali təhsil müəssiələrində elmi tədqiqatların genişləndirilməsi üçün maliyyə resurslarının müəyyənləşdirilməsi ilə bağlı tədbirlər həyata keçiriləcək. AMEA-da magistratura təhsilinin təşkil olunması istiqamətində lazımi tədbirlər görüləcək.

Rabitə və Yüksək Texnologiyalar naziri, akademik Əli Abbasov isə "İnnovativ inkişaf: müasir baxışlar" adlı məruzə ilə çıxış edərək qeyd etdi ki, qurultayda müzakirə olunacaq məsələlər, meydana çıxacaq yeni ideyalar, qəbul edilən qərarlar ölkənin elmi-texniki inkişaf strategiyasının əsasını təşkil etməklə bərabər, bütövlükdə ölkə iqtisadiyyatının gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edəcək:"Azərbaycan alimləri ölkə iqtisadiyyatının müxtəlif sektorlarında birbaşa tətbiq oluna biləcək bir çox elmi nailiyyətlər əldə ediblər. Ümumdünya İqtisadi Forumunun hesabatlarına görə, ölkəmiz son 10 ildə dünyanın ən dinamik inkişaf edən iqtisadiyyatına malik ölkələr sırasına daxil olmuşdur. Azərbaycanın iqtisadiyyatın rəqabət qabiliyyətliyinə görə dünyada 38-ci, İKT-nin inkişafına görə 49-cu, hökumətin İKT-nin gələcək inkişafına yanaşmasına görə 6-cı yeri tutması və ümumiyyətlə makroiqtisadi sabitliyə görə əldə olunan nailiyyətlər buna misal ola bilər. Lakin bizim əsas məqsədimiz iqtisadiyyatımızın neftdən asılılığını minimuma endirməkdir".

Ə.Abbasov bildirdi ki, innovativ inkişaf siyasəti "qızıl üçbucaq" adlandırdığımız üç sütunun, insan resursu, əlverişli mühit və kapitalın üzərində qurulur. Eyni zamanda qlobal rəqabət şəraitində respublikanın insan potensialının davamlı şəkildə yüksəldilməsi, gənc, yaradıcı, yüksək intellektual səviyyəli insanların istedadından maksimum istifadə edilməsi dövlətin innovasiyalı inkişafının təmini baxımından son dərəcə zəruridir. İKT, nanotexnologiyalar, kosmik, mikroelektronika, nüvə, biotexnologiyalar və digər elmi-tutumlu sahələr üzrə kadr hazırlığı prioritet istiqamətlər hesab olunur.

Nazir məruzəsinin sonunda bildirdi ki, elmin inkişafı, onun səmərəliyinin artırılması bir çox faktorlardan asılıdır. Bu qurultay elmin inkişafı ilə bağlı məsələlərin müzakirəsi, innovativ fikirlərin ortaya çıxması və ən başlıcası elmin gələcək inkişafı üçün yeni yol xəritəsinin müəyyən olunması üçün yaxşı bir platformadır. Tədbirdə xarici ölkələrin nüfuzlu alimləri, Nobel mükafatı laureatları və tanınmış azərbaycanlı alimlərin qurultayın keçirilməsi ilə bağlı ünvanladığı təbriklər səsləndirildi.

Qurultayda çıxış edən Dövlət Neft Şirkətinin vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev və başqaları Azərbaycan alimlərinin I qurultayı və onun əhəmiyyəti, elmin inkişafı və digər prioritet istiqamətlər haqqında danışdılar. Qeyd olundu ki, ölkəmizin akademik, təhsil, biznes və vətəndaş cəmiyyəti sektorlarında çalışan alim və tədqiqatçılar, o cümlədən xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər arasında qarşılıqlı münasibətləri inkişaf etdirmək və ümummilli əhəmiyyətə malik elmi problemlərin müzakirəsində ictimai konsensus əldə etmək, eləcə də elmin bütün sahələri üzrə həmrəyliyin, qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması baxımından qurultay böyük əhəmiyyətə malikdir.

Tədbirdə məşhur azərbaycanlı alimlərdən Kaliforniya Berkli Universitetinin professoru Lütfi-Zadənin, AMEA-nın İdaretmə Sistemləri və İnformatika üzrə Elmi Şuranın sədri, akademik İsmayıl İbrahimovun və Avstraliya Federativ Universitetinin professoru Adil Bağırovun virtual çıxışları dinlənildi. Sonda Azərbaycan alimlərinin I qurultayının bəyannaməsi qəbul olundu, AMEA-nın Biofizika və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova tərəfindən qurultay iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciəti səsləndirildi.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər