PDF Oxu

Siyasət

  • 12

İsmayıllıda seçicilər Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər

İsmayıllıda seçicilər Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər

Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat kampaniyası İsmayıllıda da uğurla davam etməkdədir. Bu kampaniya çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslərin Qalacıq, Hacıhətəmli kəndlərində seçicilərlə görüşü keçirilib.

Tədbirləri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açaraq qeyd edib ki, müstəqil Azərbaycan sürətli və dinamik inkişaf yolunda inamla irəliləyərək, nəinki regionun lider dövlətinə çevrilmiş, həm də dünya miqyasında böyük nüfuz qazanmış, qlobal iqtisadi layihələrin təşəbbüsçüsü və iştirakçısı kimi tanınaraq, xüsusən, Avropanın enerji təhlükəsizliyinin təminatçıları sırasında öz yerini tutmuşdur: "Ölkə həyatının bütün sahələrini əhatə edən yeniləşmə və müasirləşmə prosesi getdikcə dərinləşir, dövlətin gücünün və qüdrətinin artırılmasına, xalqın rifahının durmadan yüksəldilməsinə xidmət edən quruculuq proqramları böyük uğurla icra edilir. Azərbaycanın müstəqil dövlət quruculuğunda, sosial-iqtisadi inkişafda, mədəni-mənəvi yüksəlişdə əldə etdiyi bütün nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş, Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən qətiyyət və ardıcıllıqla gerçəkləşdirilən mükəmməl strategiya, xarici və daxili siyasət dayanır. Əldə edilən yüksək iqtisadi göstəricilər ölkəmizdə xalqla iqtidar birliyinin möhkəm vəhdəti nəticəsində mümkün omuşdur. Xalqla iqtidar birliyini təmin edən bələdiyyələr, ölkəmizdə demokratik islahatların həyata keçirilməsində müstəsna rol oynayırlar. Bütün bunları nəzərə alan Yeni Azərbaycan Partiyası bu bələdiyyə seçkilərində də qələbə əzmini nümayiş etdirərək, xalq arasında nüfuz sahibi olan, bilikli, savadlı, intellektual səviyyəsi ilə seçilən şəxslərin namizədliyini irəli sürmüşdür. Biz inanırıq ki, xalqımız bu seçkilərdə də öz iradəsini nümayiş etdirərək sabitliyə, demokratiyaya, iqtisadi inkişafa və sosial rifaha səs verəcək".

Tədbirlərdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Zöhrə Şalbuzova, Qabil Hacıyev, Mustafa Ağayev, Nazim Ağakişiyev, Sevil Kərimova, Həsən Məmmədov, Maqsud Hüseynov Yeni Azərbaycan Partiyasına onlara göstərdiyi etimada görə öz minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, yeniləşən, müasirləşən Azərbaycanın inkişafında pay sahibi olmaq, öz əməlləri ilə bu inkişafa təkan vermək hər bir vətəndaşın mənəvi borcudur. Seçiciləri seçki platformaları ilə tanış edən namizədlər qeyd ediblər ki, bələdiyyə üzvü seçiləcəkləri təqdirdə kəndin bütün problemlərinin həllində iştirak edəcək, həyata keçiriləcək quruculuq və abadlaşma işlərində əllərindən gələni əsirgəməyəcəklər.

Tədbirdə Seçki Qərargahının üzvü Hafiz Kərimov, seçicilər Mustafa Şirinov, Xumar Seyidova, Seyid Seyidov, Zahid Abbasov və başqaları çıxış edərək bildiriblər ki, son illərdə respublikamızın sürətli iqtisadi inkişafı, əhalinin həyat tərzinin daha da yaxşılaşdırılması sahəsində uğurla icra edilən dövlət proqramları Azərbaycanı dünyanın ən sabit, ən sürətli inkişaf edən ölkələri sırasına çıxarmışdır. Bütün bunlar onu göstərir ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi inkişaf və sabitlikdir. Bildirilib ki, 23 dekabr tarixində keçiriləcək bələdiyyə seçkilərində də kənd camaatı bu inkişafa, sabitliyə səs verməklə növbəti dəfə Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərəcək.

ZÜMRÜD

Digər xəbərlər