"Öz doğmalarının məzarlarını ziyarət etmək üçün ata-baba torpaqlarına gedən iki azərbaycanlının həbs edilməsi və üzərlərində qondarma məhkəmə prosesinin qurulması Ermənistanın dövlət səviyyəsində cinayət törətdiyinin göstəricisidir". Bunu SİA-ya millət vəkili, AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru, professor Musa Qasımlı deyib.Onun sözlərinə görə, Ermənistan bu hərəkəti ilə beynəlxalq humanitar hüququn prinsiplərinə riayət etmədiyini, işğal edilmiş əraziləri öz xoşu ilə boşaltmamaq, işğalı davam etdirmək, qondarma qurumun "məhkəmə" və "prokurorluq" orqanlarını legitimləşdirmək niyyətlərini aydın şəkildə göstərir: "Dünya birliyinin, ən başlıcası isə ATƏT-in Minsk qrupu həmsədrlərinin bu rüsvayçılığa göz yumması onların artıq bütün etimadı və inamı itirdiklərini nümayiş etdirir. Bu, ikili standartların və ədalətsizliyin konkret nümunəsidir. Amma nə etsələr də, Ermənistan qondarma məhkəmə qurmaqla azərbaycanlıların gözünü qorxuda bilməyəcək və Azərbaycan öz tarixi ərazisinin bir qarışını belə Ermənistana güzəştə getməyəcək".
sia.az