Diasporla İş üzrə Dövlət Komitəsindən "Səs" qəzetinə verilən məlumata görə, Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası Almaniyanın Yena şəhərində "Azərbaycan mədəniyyət günü" adlı tədbir keçirib. Fridrix Şiller adına Yena universitetində təşkil olunmuş tədbirdə Türingiya vilayətinin müxtəlif universitetlərində təhsil alan alman və digər millətlərdən tələbələr, eyni zamanda yerli sakinlər iştirak ediblər.
Tədbirin aparıcısı Şəlalə Yusifova iştirakçıları salamladıqdan sonra Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyasının sədri Alı Adıgözəl söz alıb. Təşkilatın rəhbəri Azərbaycanın tarixi haqqında ümumi məlumat verib. O, Azərbaycanın dünyada gənc ölkə kimi tanındığını, lakin ölkəmizin tarixi dövlətçilik ənənələrinə malik olduğunu da bildirib.
Sonra təşkilat üzvlərinin Azərbaycan haqqında hazırladığı materiallar təqdimat olunub. Azərbaycanın coğrafiyası haqqında Murad Cəlalov, mədəniyyətimiz barədə Dəryən Rüstəmov və Azərbaycanın iqtisadi imkanları haqda isə Bəhlul Məhərrəmov təqdimatla çıxış edib. Tədbir iştirakçılarının daha çox diqqətini cəlb edən isə alman tələbə Pia Plappertin Azərbaycan idmanı haqqında hazırladığı təqdimat olub. Pia Plappert öz çıxışında ölkəmizi tanımağında Azərbaycanda keçirilən beynəlxalq yarışların böyük rolu olduğunu deyib. Sonra isə ölkəmizin idman ənənələri və 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları barədə ətraflı məlumat verib. Almaniyalı tələbə Azərbaycanı Avropada uğurlu təmsil edən "Qarabağ" futbol klubunun adını xüsusi vurğulayıb. Pia Plappert "Qarabağ" klubunun ev oyunlarını Bakıda keçirməsinə toxunaraq, bunun Qarabağın işğal altında olması ilə əlaqədar olduğunu da qeyd edib.
Azərbaycan haqqında geniş təqdimatdan sonra iştirakçılar arasında kiçik viktorina keçirilib və qaliblər Azərbaycanı əks etdirən kiçik hədiyyələrlə mükafatlandırılıb. Sonda tələbələrin ifasında Azərbaycan milli rəqsləri təqdim edilib. Alman və azərbaycanlı tələbələrin ifasında "Naz eləmə" rəqsini iştirakçılar böyük coşqu və alqışla qarşılayıb.
Tədbirin sonunda iştirakçılar Azərbaycan stendində ölkəmizi əks etdirən müxtəlif kitablar, jurnallar, fotolar və milli geyimlərlə tanış olub.
NƏZAKƏT