Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2014-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
Dekabrın 22-də Milli Olimpiya Komitəsində 2014-cü ilə yekun vurulub, idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Mərasim iştirakçıları Prezident İlham Əliyevi hərarətlə qarşıladılar. Dövlətimizin başçısı tədbirdə çıxış edib. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycan bu gün dünyada idman dövləti kimi tanınır. İdmana rəhbərlik edən bütün qurumlar fəal işləyirlər. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, cəmiyyətlər, klublar, bir sözlə, idman Azərbaycanda uğurla inkişaf edir, yüksək səviyyədə dövlət siyasəti aparılır. Dövlət başçısı bildirib ki, bu siyasət nəticəsində bu gün həm idmançılarımız bizi qələbələrlə sevindirirlər, həm də Azərbaycanda idman infrastrukturu yaradılır:
"Bir daha demək istəyirəm ki, Azərbaycanın idman nailiyyətləri artıq dünyada yüksək qiymətləndirilir. Bütövlükdə, 2014-cü il ölkə iqtisadiyyatı üçün uğurlu il olmuşdur. Eyni zamanda, bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənmişdir. Bütün çətinliklərə, dünyada və bölgədə yaşanan böhranlı vəziyyətə baxmayaraq, Azərbaycan inamla inkişaf edir. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edilmişdir və biz 2014-cü ili yaxşı nəticələrlə başa vururuq. O cümlədən bu il də idman sahəsində gözəl nəticələr olmuşdur. Bizim idmançılar ildən-ilə daha da çox medal qazanırlar. Bu il də istisna il olmamışdır. Beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında 805 medal qazanılmışdır və onlardan 275-i qızıl medaldır. Keçən ilə nisbətən yenə də medalların sayı artıb. Bu, həm onu göstərir ki, idmançılarımız daha da gözəl nəticələr qazanırlar, eyni zamanda, daha geniş mənada beynəlxalq yarışlarda iştirak edirlər. Medalların sayı, əlbəttə ki, bizi sevindirir. Çünki bu, idmanın inkişafının əsas göstəricisidir.
İl ərzində Azərbaycanda bir neçə mötəbər beynəlxalq yarış keçirilmişdir. Onlardan ikisi Avropa çempionatıdır - bədii gimnastika və taekvondo üzrə. Hər il Azərbaycanda beynəlxalq yarışlar keçirilir. Beləliklə, Azərbaycan bu sahədə də öz imkanlarını ortaya qoyur. Hər bir beynəlxalq yarışın keçirilməsi həm böyük məsuliyyətdir, eyni zamanda, gözəl imkandır ki, qonaqlar, idmançılar ölkəmizlə tanış olsunlar, Azərbaycan reallıqlarını görsünlər və bilsinlər ki, dünyada güclü, qüdrətli, müasir Azərbaycan dövləti vardır.
Uğurlarımızın davamı, əlbəttə ki, təmin ediləcək. Buna əyani sübut olaraq, bu il Çində keçirilmiş yeniyetmələrin Yay Olimpiya Oyunlarını misal göstərmək olar. Bu Oyunlar bizim üçün tarixi oyunlardır. Çünki bizim idmançılarımız bu Oyunlarda ən böyük və deyə bilərəm ki, tarixi qələbə qazanmışlar. Bu Oyunlarda 204 ölkə iştirak edirdi və Azərbaycan yeniyetmələri komanda hesabında 10-cu yerə layiq görülmüşlər. Bu, böyük tarixi nailiyyətdir. Dünya miqyasında 10-cu yerə nail olmaq böyük uğurdur. Bu uğuru gələcəkdə təkrarlamaq çətin olacaq. Ancaq biz buna çalışmalıyıq.
Bu, bir daha onu göstərir ki, Azərbaycanda çox gözəl gənc nəsil yetişir. Bizim əsas uğurlarımızın mahiyyəti ondan ibarətdir ki, ardıcıllıq təmin edilir. Peşəkar idmançılar bizi sevindirirlər, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında idman şöhrətimizi yüksəklərə qaldırırlar və gənc nəsil də yetişir."
Prezident İlham Əliyev qeyd edib ki, idmançilarimizin uğurları xalqımızı sevindirir. Bu uğurları müstəqillik dövründə böyümüş idmançılar əldə ediblər: "Bu, bir daha onu göstərir ki, görün, müstəqilliyimizin nə qədər böyük mənası, nə qədər böyük üstünlükləri var. Azərbaycan idmançıları tarixdə heç vaxt bu qədər qələbələr qazanmamışlar. Ancaq müstəqillik dövründə, Azərbaycan xalqının öz taleyini öz əlində saxladığı dövrdə biz buna nail ola bilmişik. Əminəm ki, biz bundan sonra da ardıcıllıqla bu uğurlara imza atacağıq. Gənc idmançılarımızın uğurları tarixi nailiyyətdir. Əminəm ki, onlar böyüdükcə bu uğurları təkrarlayacaqlar.
Bu il idman qurğularının tikintisi davam etdirilmişdir. Göygöl şəhərində Olimpiya Mərkəzi açılmışdır. Hazırda 9 rayonda Olimpiya komplekslərinin tikintisi aparılır, yaxud da ki, ona hazırlıq işləri gedir. Bütövlükdə bölgələrdə 41 Olimpiya Mərkəzimiz var. Ümumiyyətlə isə son illərdə 50-dən çox böyük Olimpiya Mərkəzi yaradılmışdır. Beləliklə, idmanla məşğul olmaq üçün hər bir bölgədə yaxşı imkanlar - üzgüçülük hovuzları, açıq, qapalı zallar və bütün infrastruktur var. Ona görə tam əminəm ki, bizim beynəlxalq yarışlardakı nailiyyətlərimiz uğurla davam edəcək.
Gənc, peşəkar idmançılar bizim fəxrimizdir. Onlar Azərbaycanı dünyada ləyaqətlə təmsil edirlər. Azərbaycan idman dövləti kimi artıq özünü təsdiq edib. Bunu beynəlxalq idman qurumları da qeyd edirlər. Noyabr ayında Bakıda Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında Azərbaycanın uğurlu inkişafı, o cümlədən idmanın inkişafı ilə bağlı çox dəyərli fikirlər səsləndirilmişdir. Bu Assambleyada 300-dən çox qonaq iştirak etmişdir. Avropanın bütün yerlərindən gələn qonaqlar şəhərimizlə, idman nailiyyətlərimizlə tanış oldular. Həm Avropa Olimpiya Komitəsinin prezidenti, eyni zamanda, bu tədbirdə iştirak edən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Azərbaycanın bu sahədəki uğurlarını qeyd etmişlər.
Bizim bütövlükdə beynəlxalq idman qurumları ilə əməkdaşlığımız uğurla davam etdirilir. Təsadüfi deyil ki, Bakıda birinci Avropa Oyunları keçiriləcək. Bu Oyunların keçirilməsi tarixi hadisədir. Çünki bildiyiniz kimi, ilk dəfə olaraq Avropada belə oyunlar keçiriləcək və bu məsuliyyət bizim üzərimizə düşür. Biz bu məsuliyyəti öz üzərimizə götürmüşük, buna hazır idik. Görülən bugünkü işlər onu göstərir ki, Avropa Olimpiya Komitəsi düzgün qərar qəbul etmişdir. Hazırlıq işləri son mərhələdədir. Bildiyiniz kimi, hazırlıq üçün bizim cəmi iki il yarım vaxtımız var idi. Biz bu hazırlıq işlərini çox məhdud bir vaxt, zaman çərçivəsində görürük. Ancaq bütün işlər yüksək keyfiyyətlə, qrafik üzrə aparılır və bütün idman qurğuları vaxtında hazır olacaq. Bu, o qədər də asan məsələ deyil. Çünki bizim bəzi idman qurğularımız var idi, bəziləri isə tikilir, olanlar da əsaslı təmir edilir. Ona görə hazırda çox böyük quruculuq işləri aparılır. Bütün idman obyektlərində gərgin iş gedir. Bu Oyunların keçirilməsi nəticəsində Azərbaycanda yenilənmiş və yeni gözəl idman infrastrukturu yaradılacaqdır ki, gələcəkdə Yay Olimpiya Oyunlarını da keçirmək mümkün olacaq. "
Sonra 2014-cü ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olundu. Prezident İlham Əliyev müxtəlif beynəlxalq yarışlarda fərqlənən, ölkəmizdə idmanın inkişafına töhfə verən bir qrup idmançı və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim etdi. İdmanda yüksək nailiyyətlər göstərən Elsevər Quliyev, Elvin Əhmədli, Əkbər Fərəcov və Cəsarət Əhmədov Milli Olimpiya Komitəsinin prezidentinin fəxri fərmanları ilə təltif edildilər. Respublikamızda idmanın inkişafında xidmətləri olan Rafiq Həsənova və Məmməd Useynova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sənədlər təqdim olundu.
Azərbaycan Prezidenti ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə Maqomed Aliomarova, Vaqif Cəfərova, Musa Həsənova və Çingiz İsmayılova "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", Akif Atakişiyevə və Şəmsəddin Şahbazova isə "Əməkdar Müəllim" fəxri adlarının döş nişanlarını təqdim etdi.
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov federasiya üzvləri adından dövlətimizin başçısına minnətdarlığını ifadə etdi. Bildirdi ki, bu il qol güləşi üzrə 24-cü Avropa çempionatı Azərbaycanda keçirilib. 33 ölkədən 600-dən çox idmançının iştirak etdiyi yarışda Azərbaycan pəhləvanları 41 medal qazanıblar. Qeyd edildi ki, bu il həm də federasiyanın yeni mərkəzinin açılışı olub. Ağır Atletika Federasiyasının nümayəndəsi, veteran Məmməd Useynov fərdi təqaüd aldığına və idman veteranlarına göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Bakı Dövlət Universitetinin idman kafedrasının müdiri Akif Atakişiyev dövlətimizin başçısına idmanın inkişafına göstərdiyi qayğıya, həmçinin idman mütəxəssislərinə və idmançılara ayrılan diqqətə görə minnətdarlığını ifadə etdi.
Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar İncəsənət Xadimi Zərifə Salahova Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi, dövlətimizin başçısına doğum günü münasibətilə təbriklərini çatdırdı, fəaliyyətində uğurlar arzuladı.