Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzi saat 12:00-a olan seçici fəallığını açıqlayıb. SİA-nın məlumatına görə, mərkəzin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 12:00-dək seçicilərin 1033210 nəfəri səsvermədə iştirak edib.Onun sözlərinə görə, saat 12:00-a olan nəticələrə əsasən, ölkə üzrə seçici fəallığı 21.44 faiz təşkil edib: "Ən fəal seçki dairəsi 51 saylı Qusar seçki dairəsidir ki, artıq 31, 03 faiz seçici səs verib. Ən passiv ərazi 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsidir ki, iki saat ərzində cəmi 10.34% faiz seçici səs verib.Rüfət Gülməmmədov bildirib ki, səsvermə başlandığı saatdan indiyə qədər Mərkəzi Seçki Komissiyasının 115 nömrəli "qaynar xətt"inə ümumi 50-yə yaxın müraciət daxil olub: "Müraciətlər əsasən seçki məntəqələrinin ünvanlarının öyrənilməsi üçün edilib. Hazırda qanun pozuntuları ilə bağlı MSK-ya müraciət daxil olmayıb".Qeyd edək ki, seçici siyahılarına adları daxil edilən 4 milyon 819 min 382 seçici 5 min 15 məntəqədə səs verir. Səsvermə məntəqələri saat 08:00-da açılıb, 19:00-da isə bağlanacaq.Xatırladaq ki, MSK gün ərzində daha 3 dəfə 15:00, 17:00 və 19:00-da seçicilərin səsvermədə iştirakı ilə bağlı məlumat verəcək.
sia.az