PDF Oxu

Siyasət

  • 9

Gələcək inkişafın qarantı

Gələcək inkişafın qarantı

İlham Əliyev: "Bizim enerji strategiyamız dostluq və qarşılıqlı dəstəyə əsaslanıb"

Bünövrəsi, Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan böyük neft strategiyası 1994-cü ilin sentyabrında 15 dövlətdən 33 şirkətin iştirakı ilə imzalanan "Əsrin müqaviləsi"nin reallaşması üçün şərait yaratdı. Bunun nəticəsi olaraq dövlətimizin siyasi, iqtisadi və s. cəhətdən inkişafına önəmli təkan verəcək Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəməri istismara verildi.

Ötən dövrdə xarici ölkələrin neft şirkətləri ilə 25 neft sazişi imzalandı. Bu layihələrin nəticəsində ölkəmizin neft istehsalı 5 dəfə artdı, Azərbaycan böyük gəlirlər əldə etməyə başladı. Beynəlxalq sazişlərdən sonra Azərbaycanın neft sənayesinin infrastruktur imkanları xeyli yaxşılaşdırılıb, Xəzər dənizinin dərinliklərində kəşfiyyat işləri aparmağa qadir olan üzən qazma qurğuları, ən müasir, dünya standartlarına cavab verən platformalar quraşdırılıb, sualtı neft kəmərləri çəkilib, xam nefti qəbul edib texnoloji emal prosesindən sonra ixrac sisteminə vurmaq üçün nəhəng terminal, alternativ nəql marşrutları yaradılıb.

Bütün bunlar Azərbaycanda rekord miqdarda neft və qaz hasilatına imkan yaradıb, ölkəmizin ixrac potensialının xeyli artmasına səbəb olub. Nəticədə Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin edib, ölkəmizin iqtisadi qüdrəti xeyli artıb. 11 il öncə 2 milyarda çatmayan dövlət büdcəmiz indi 20 milyardı keçib, strateji valyuta ehtiyatlarının həcmi 40 milyarda, ÜDM-in həcmi 50 milyarda çatıb. Neft gəlirləri hesabına ölkənin siması tamam dəyişib, qeyri-neft sektoru inkişaf edib, əhalinin gəlirləri artıb. Beləliklə də, böyük neft strategiyası zəfər çalıb.

Azərbaycanın neft strategiyası haqda Ümummilli Lider Heydər Əliyev demişdi: "Neft strategiyasının əsas prinsipləri ölkəmizin zəngin neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir". Hesablamalara görə, Azərbaycanın karbohidrogen ehtiyatları, bütün kateqoriyaları üzrə 4 milyard tondan çoxdur ki, bu da ölkəmizin dünyanın ən iri neft regionları sırasında olduğunu göstərir. Yaxın gələcəkdə Azərbaycanda neft hasilatının önəmli dərəcədə yüksəlməsi, 2010-2015-ci illərdə isə 65 mln. tona çatacağı proqnozlaşdırılır.

Strateji inkişaf konsepsiyası reallaşır

Son elmi araşdırmalara görə, Xəzərin Azərbaycan sektorundakı qaz ehtiyatlarının həcmi təxmin edildiyindən də çoxdur. ARDNŞ-də isə hesab edirlər ki, hazırda yalnız "Azəri-Çıraq-Günəşli" yatağından çıxarıla bilən karbohidrogen ehtiyatları təxminən 1 mlrd. ton neft və 0,3 trilyon kubmetr qaz həcmindədir. Azərbaycanın təbii qaz ehtiyatları 2 trilyon kubmetr həcmində qiymətləndirilirdi. Lakin son vaxtlar yeni kəşfiyyat məlumatları bu proqnozların daha artıq ola biləcəyini ortaya qoyub. Bu baxımdan demək olar ki, Azərbaycan həm "Nabucco", həm BTƏ, həm də digər marşrutları qazla təmin edə bilər. Perspektivdə "Şahdəniz" yatağından qaz hasilatının 2015-ci ildə 22 mlrd. kubmetrə, yatağın tam miqyasda işlənilməsini həyata keçirilməsi nəticəsində isə 35 mlrd. kubmetrə çatdırılması proqnozlaşdırılır.

Azərbaycan üzrə, bütövlükdə, "Azəri-Çıraq-Günəşli", "Şahdəniz", "Ümid", "Babək", eləcə də, Xəzərin Azərbaycan sektorunda açıla biləcək qaz-kondensat yataqlarının imkanlarını nəzərə alaraq, qaz hasilatının həcminin 2015-ci ildə 50 mlrd. kubmetrə çatdırılması planlaşdırılır. İşin gedişi göstərir ki, bu məqsədə çatmaq üçün heç bir əngəl olmayacaq.

Beləliklə, Azərbaycan dünyada ən böyük qaz ixracatçılarından birinə çevrilməkdədir. Bu da ölkəmizin beynəlxalq mövqelərini önəmli dərəcədə möhkəmləndirir.

Neft gəlirləri xalqın rifahına sərf olunur

"Əsrin müqaviləsi" imzalanan ərəfədə Azərbaycanın neft ehtiyatlarının təxminən 30 illik olduğu proqnozlaşdırılırdısa, indi vəziyyət dəyişib. Bəzi ekspertlər Azərbaycanın hələ 100 illik neft-qaz ehtiyatlarının olduğunu güman edirlər. Onu da nəzərə almaq lazımdır ki, ölkənin təkcə Abşeron yarımadasında və Xəzərin Azərbaycan sektorunda deyil, həm də bir sıra bölgələrdə də neft-qaz ehtiyatları var. Nəzərə alsaq ki, perspektiv yataqlar və hələ kəşf olunmamış ehtiyatlar da az deyil, o zaman Azərbaycanın dünya enerji sistemində nə dərəcədə mühüm rol oynayacağını təxmin etmək mümkündür.

Dünya iqtisadi sistemində neftin və qazın nə dərəcədə ciddi rol oynadığına nəzər salanda Ümummilli Lider Heydər Əliyevin nə üçün neft strategiyasını Azərbaycanın strateji inkişaf konsepsiyasının əsası hesab etdiyini dərk etmək olur. Ölkəmiz bu strategiyanın bəhrələrini yaşamaqdadır. BP-nin hazırladığı proqnozlara görə, neftin bir barrelinin qiyməti 50-60 dollar olarsa, Azərbaycan neftdən 250 milyard dollar gəlir götürəcək. Ona görə də, birmənalı şəkildə demək olar ki, hazırkı mərhələdə dünya bazarında neftin qiymətinin ucuzlaşmasının belə Azərbaycan iqtisadiyyatına təsiri olmayacaq. Ümumi daxili məhsulun artımında və MDB-də investisiya qoyuluşu məsələsindəki birincilik özünü sosial inkişafda, əhalinin sosial vəziyyətinin həmin artımlara uyğun yaxşılaşmasında göstərir. Əgər hökumət neft sektorundan qazanılan pulları qeyri-neft sektorunun, yerli istehsalın inkişafına yönəltməsəydi, bu, özünü yeni iş yerlərinin açılmasında, orta əməkhaqqının yüksəlməsində, əhalinin yaşayış səviyyəsinin qalxmasında göstərməzdi.

Gələcək inkişafın qarantı

Azərbaycan Prezidenti İlham Əliyevin təhsil sahəsində imzaladığı çoxsaylı layihələr, xüsusən, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" da məhz Neft Fondu tərəfindən maliyyələşdirilir. Neft gəlirləri təkcə bugünkü nəslin deyil, həm də gələcək nəslin firavan həyatını təmin etməyə qadirdir. Gəlirlər Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə yaradılan Neft Fondunda yığılır ki, bu da ölkəmizin gələcək inkişafının qarantıdır. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan artıq təkcə hazırkı nəslin deyil, həm də gələcək nəsillərin firavan həyatını indidən təmin edib. Bu baxımdan demək olar ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi neft strategiyası xalqın rifahına xidmət edir. Ölkənin artan maliyyə imkanları hesabına, eyni zamanda beynəlxalq əhəmiyyətli strateji infrastruktur layihələri uğurla həyata keçirilir ki, bu layihələr təkcə Azərbaycanın deyil, bütövlükdə regionun nəqliyyat infrastrukturunun modernləşdirilməsinə şərait yaradır. Bu layihələrdən biri olan və Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihələr sırasında mühüm yer tutan Bakı-Tbilisi-Qars yeni dəmir yolunun inşası layihəsi Azərbaycanın regionda siyasi nüfuzunun güclənməsinə təkan verməklə bərabər, respublikamızın Qərbə doğru inteqrasiyasına və Azərbaycan, Gürcüstan və Türkiyə respublikaları arasında mövcud olan siyasi və iqtisadi münasibətlərin inkişafına şərait yaradacaqdır. Bakı-Tbilisi-Qars yeni dəmir yolu artıq regional əhəmiyyətə malik olmaqla bərabər, Asiya ilə Avropanı birləşdirən bir nəqliyyat dəhlizinə çevriləcəkdir. Bu layihə regional inkişafa və regionda təhlükəsizliyin daha da artırılmasına xidmət edəcəkdir.

Bu gün neft gəlirlərinin bir hissəsi, eyni zamanda su təchizatı ilə bağlı məsələlərin həllinə yönəldilir və Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihələr sırasında Bakının su təchizatı ilə bağlı problemlərin əsaslı şəkildə həllini təmin edəcək Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihələri mühüm yer tutur və bu layihələrin reallaşması neft strategiyasının məntiqi davamı kimi qəbul edilir. Belə ki, neftin ixracını təmin edəcək Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə ixrac olunan neftin satışından əldə edilmiş gəlirlər su və digər infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldilir və bununla da neft gəlirlərinin xalqın rifah halının yaxşılaşdırılması naminə istifadəsi təmin edilir.

Neft gəlirləri insan kapitalına çevrilir

Neftdən əldə edilən gəlirlər hesabına bu gün ölkənin kadr potensialının artırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri kimi, Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilən Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın reallaşması nəticəsində ölkəmizdə müasir tələblərə cavab verən kadr potensialının yaradılmasına, gənc nəslin təhsil səviyyəsinin artırılmasına və beynəlxalq səviyyəyə çatdırılmasına şərait yaranacaqdır. Bu proqramın ilk növbədə Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi "qara qızılın insan kapitalına çevrilməsi" ideyasının reallaşmasına doğru atılmış strateji bir addımdır. Milli neft strategiyasının uğurlarının nəticəsi olaraq Azərbaycanın regionun lider dövləti, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaranmışdır. Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanqıcında məhz milli neft strategiyası, bu strategiyanın ilk şanlı səhifəsini və təməl daşını isə məhz "Əsrin müqaviləsi" təşkil edir. Bununla əlaqədar əminliklə demək olar ki, olduqca güclü olan bu təməl əsasında Azərbaycan iqtisadiyyatı bundan sonra daha sürətlə inkişaf edəcək və xalqımızın maddi-rifah halı ildən-ilə daha da yaxşılaşacaqdır.

R.Kamalqızı

Digər xəbərlər