Pirallahı rayonu 13 saylı Xəzər-Pirallahı seçki dairəsində seçmək hüququ olanlar öz vətəndaşlıq borclarını yerinə yetirdilər
23 dekabr 2014-cü il tarixində keçirilmiş bələdiyyə seçkilərində iştirak etmək üçün Pirallahı rayonunda 3 bələdiyyə üzrə 31 yerə qarşı 89 nəfər namizəd qeydə alınmışdı. Bu haqda məlumat verən 13 saylı Xəzər-Pirallahı seçki dairəsinin sədri Mütəllim Balaqardaşov qeyd edib ki, Pirallahı bələdiyyəsi üzrə 13 yerə qarşı 47, Gürgən bələdiyyəsi üzrə 9 yerə qarşı 23, Çilov-Neft Daşları bələdiyyəsi üzrə 9 yerə qarşı 19 namizəd irəli sürülmüşdür. Namizədlərin siyahısında bitərəf vətəndaşlarımız geniş təmsil olundular, eyni zamanda siyasi partiyalar da bu kampaniyada fəal iştirak etdilər. Pirallahı rayonu üzrə namizədlərin 31 nəfəri Yeni Azərbaycan Partiyasını, 7-si isə digər siyasi partiyaları təmsil edirdilər.
Bildirilib ki, 13 saylı Xəzər-Pirallahı seçki dairəsinin 26 məntəqəsindən 11-i Pirallahı rayonu ərazisinə düşür. Bu məntəqələrdən üçündə - 27, 29 və 30 saylı seçki məntəqələrində veb-kamera quraşdırılmışdır. Bu seçkilərdə dairənin 41 mindən çox seçicisinin 11520 nəfəri Pirallahı rayonu ərazisində səs vermək hüququna malikdir. Seçkiöncəsi onların siyahısı tam dəqiqləşdirilmiş və hər birinə bildirişlər vaxtında çatdırılmışdır.
13 saylı Xəzər-Pirallahı seçki dairəsinin 26 saylı seçki məntəqəsində Pirallahı qəsəbəsinin sakinləri səs verirlər. Bir-birinin ardınca neft sənayesinin nümayəndələri - qazmaçı Nazim Əsgərov, operator Ramiz Məmmədov və elektrik Fəxrəddin Əliyev səs verirlər. Onların hər biri neft sənayesində uzun illərdir çalışırlar və bu gün də öz siyasi fəallıqları ilə gənclərə nümunədirlər: "Əhval-ruhiyyəmiz bayramsayağıdır, çox yüksəkdir. Günü-gündən tərəqqi edən Azərbaycanımızın işıqlı gələcəyinə "hə" dedik və ən layiqli namizədlərə səs verdik".
13 saylı Xəzər-Pirallahı seçki dairəsinin 27 saylı seçki məntəqəsinin sədri Şahin Allahverdiyev bildirib ki, saat 12:00-dək 255 nəfər seçici bülleten götürərək qutu başına keçib: "Bütün işlər ən yüksək səviyyədə qurulub. Məntəqə üzrə 1333 seçicimiz var ki, səsvermə hüququna malikdir. Həmçinin məntəqə üzrə 12 müşahidəçimiz, 1 məşvərətçimiz var. Vətəndaşlar normal şəkildə məntəqəyə gələrək seçdikləri namizədlərinə səs verirlər". Məntəqədəki 12 müşahidəçidən biri olan Lətifə Kərimova deyib ki, indiyədək heç bir pozuntu qeydə alınmayıb, seçici aktivliyi yüksəkdir. Seçki bülletenini təzəcə qutuya salıb məntəqəni tərk edən Mübariz Xudaverdiyevlə həmsöhbət olduq: "Mən Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Pirallahı rayon şöbəsinin sədr müaviniyəm. Azad seçim etmək üçün məntəqədə hər bir şərait yaradılıb. Biz fəxr edirik ki, bu gün Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanda yaşayırıq, azad və demokratik seçkilərdə iştirak edirik, Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevin əmri olarsa, yenidən vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərə atılmağa hər an hazırıq".
26 saylı məntəqənin sədri Oruc Mustafayev vurğulayıb ki, məntəqə üzrə 1247 seçici var: "7 müşahidəçi və 1 məşvərətçi var. Vətəndaşlar öz səslərini sərbəst şəkildə ifadə eləyirlər və böyük həvəslə seçkilərə qatılıblar".
Seçici Aytən Əliyeva qeyd edib ki, seçkidə böyük həvəslə iştirak edir: "Mən sevdiyim, seçdiyim, güvəndiyim, eləcə də xalqımızın böyük etimad duyduğu Yeni Azərbaycan Partiyasının üzvü olmağımdan, fəal vətəndaş kimi seçkidə iştirak etməyimdən böyük qürur hissi keçirirəm".
Seçki məntəqəsindən çıxar-çıxmaz öz fikirlərini bizimlə bölüşmək istəyən Heydərov Cəbrayıl vurğulayıb ki, ölkəmizdəki inkişafa, tərəqqiyə, həmçinin Pirallahıda görülən işlərə görə Cənab Prezidetimizə minnətdarıq: "Mən də, ailəm də böyük həvəslə seçkidə iştirak edirik. İnanırıq ki, Yeni Azərbaycan Partiyasının inkişafı bundan sonra da xalqımızın qürur yeri olacaqdır".
Qonşuluqdakı 26 saylı seçki məntəqəsinin sədri Şakir Mikayılovdan aldığımız informasiyaya görə, məntəqədə seçici fəallığı müşahidə olunur. Əmək veteranı İmran Məmmədovun 78 yaşı var, ömrünün 55 ilini Dövlət Neft Şirkətində çalışıb. O, indiyədək neçə seçkidə iştirak etdiyinin sayını artıq unudub. Ağsaqqal deyir ki, keçmişdə, sovetlər vaxtında seçkilər o qədər də maraqlı keçmirdi, nəticələr əvvəlcədən məlum olurdu: "İndi isə, həm Ulu Öndər Heydər Əliyevin, həm də möhtərəm Prezidentimiz İlham Əliyevin dövründə, Azərbaycan dövləti çox demokratik, ədalətli seçkilər keçirir. Belə seçkilərdə səs verməklə, biz həm dövlətimizin siyasətini dəstəkləyir, həm də ölkəmizin daha işıqlı gələcəyinə səs veririk.
27 saylı seçki məntəqəsində səs verən gənclərin nümayəndəsi Nuranə Məmmədli də vətəndaşlıq borcunu yerinə yetirir. O öz təəssüratları ilə bölüşür: "Orta təhsil aldığımız illərdə biz Azərbaycan Konstitusiyasını dərindən öyrənmişik. Buna görə də Konstitusiya hüququmu dərindən dərk edərək seçkidə iştirak etdim, vətəndaş borcumu yerinə yetirdim". Məntəqə sədri Şahin Allahverdiyev qeyd edir ki, bu yaxınlarda Yeni Azərbaycan Partiyası sıralarına daxil olmuş Nuranə bələdiyyə seçkilərində ilk dəfə iştirak etməsinə baxmayaraq seçiciyə verilən bütün tələblərə riayət etmiş, intizamı ilə fərqlənmişdir.
Rayon Kommunal Təsərrüfatı Birliyinin baş mühasibi Lyudmila Məmmədova 28 saylı seçki məntəqəsində səsvermənin obyektiv və şəffaf şəraitdə, heç bir təzyiqə yol vermədən keçdiyini deyir. Gənclərin nümayəndəsi Mikayıl Tarverdiyev isə vurğulayır ki, ölkəmizdə yaradılmış demokratik şəraitdə siyasi proseslərə qoşulmaq, seçkilərdə iştirak etmək çox xoşdur və o özü də növbəti seçkilərdə namizədliyini irəli sürmək arzusundadır. Qəsəbə sakini İlham Əsgərov da bildirib ki, hamı böyük ruh yüksəkliyi ilə səs verir, həyatımızda hər şeyin daha yaxşı olacağına ürəkdən inanırıq.
29 saylı seçki məntəqəsinin sədri Vaqif Tarverdili məntəqə üzrə 1341 nəfərin olduğunu qeyd edib: "Məntəqədə 13 müşahidəçi, 2 məşvərətçi var. Proseslər öz qaydasında davam edir, heç bir nöqsan qeydə alınmamışdır".
Seçici Əkbərov Fikrət deyib ki, Ümummilli Lider Heydər Əliyev xalqımız üçün o qədər əvəzolunmaz işlər görüb ki, günlərlə saysaq qurtarmaz: "Ancaq bizi sevindirən odur ki, bu siyasətin davamçısı var, hər birimizin güvəndiyimiz Liderimiz var-İlham Əliyev!"
30 saylı məntəqədəki müşahidəçilərdən Elimnaz Əliyeva və Oqtay İsmayılov məlumat veriblər ki, indiyədək heç bir pozuntu qeydə alınmayıb, seçkilər yüksək obyektivlik şəraitində davam edir.
Samir