İlham Əliyev: "Bir ölkə ilə yaxşı münasibətlərdə olmaq o demək deyil ki, digəri ilə pis münasibətdə olmaq lazımdır "
Aparılan düzgün, məqsədyönlü siyasət nəticəsində Azərbaycanın dünyada yeri və rolu möhkəmlənməkdədir. Azərbaycan kifayət qədər mürəkkəb, eyni zamanda strateji əhəmiyyətli bölgədə yerləşməsinə baxmayaraq xarici siyasət kursunu müəyyənləşdirərkən, bir tərəfdən öz milli maraqlarını qorumaq və bölgənin aparıcı dövləti statusunu saxlamaq, digər tərəfdən bölgədə maraqları olan bütün dövlətlərlə, habelə qonşularla bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamaq kriteriyalarından çıxış edir. Azərbaycanın uğurla davam edən xarici siyasətinin əsas istiqamətləri əsasən, bazar iqtisadiyyatı və qanunun aliliyinə əsaslanan plüralist demokratiyanı inkişaf etdirmək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tezliklə bərpa edilməsi, təhlükəsizliyinin, siyasi müstəqilliyinin təmin olunması, suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükələrin aradan qaldırılması, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması, regionda təhlükəsizliyin və sabitliyin gücləndirilməsi və sairə bunlardır. Son 11 il ərzində düzgün xarici siyasətinin yürüdülməsi nəticəsində həm Azərbaycanın bölgədə aparıcı dövlət olması faktı reallığa çevrildi, həm də region, Avropa və Asiya qitələri üçün mühüm əhəmiyyət kəsb edən nəqliyyat infrastrukturunun, yeni enerji layihələrin təməli qoyuldu.
Strateji kurs dəyişməzdir
Ötən 11 il ərzində Azərbaycanın xarici siyasətinin ən mühüm nailiyyətlərindən biri kimi Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin reallaşmasıdır. Azərbaycanın seçdiyi strateji kursa uyğun olaraq meydana çıxan bu layihə barədə danışıqlara 1993-cü il 26-29 iyul tarixində Türkiyə və Gürcüstan arasında nəqliyyat üzrə Qarışıq Komissiyasının Ankara şəhərində keçirilmiş iclasında başlanıldı. Azərbaycan bu strateji əhəmiyyətli layihənin reallaşması üçün diplomatik səyləri artırdı və onu regional siyasətinin əsas prioritetlərindən biri halına gətirdi. Azərbaycanın aparıcı ölkə kimi yer aldığı bu layihənin əhəmiyyəti təkcə iqtisadiyyatla bağlı olmadığından və onun daha çox geosiyasi xarakter daşımasından narahat olanlar da boş dayanmırdı. Ermənistan və Qərb ölkələrindəki erməni lobbisi bu layihənin Ermənistanı regionda daha da təcrid olunmuş duruma salacağı barədə hay-küy qaldıraraq onun reallaşmasını əngəlləməyə yönələn səylər göstərirdi. Məhz erməni lobbisinin səyləri nəticəsində ABŞ Konqresi Birləşmiş Ştatların Exİm Bankının Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə kredit ayırmasına qadağa qoydu. Lakin Azərbaycan kifayət qədər cəsarətli siyasi gediş edərək Gürcüstana bu layihənin maliyyələşdirilməsi üçün aşağı faizli kredit ayırdı. Beləliklə də, layihəni əngəlləməyə yönələn cəhdlər fiaskoya uğradı. Beləliklə də, qeyd etmək lazımdır ki, Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin əhəmiyyətini artıran bağlantı kimi bu layihənin həyata keçirilməsi Azərbaycanın bölgədəki mövqeyini daha da gücləndirəcək, onun mühüm tranzit ölkəsi statusunu möhkəmləndirəcək. Ötən 11 ildə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı ölkənin təhlükəsizlik ehtiyacları çərçivəsindən kənara çıxaraq iqtisadi, siyasi və sosial sahələrdə də genişlənib.
Avropa Qonşuluq Siyasəti çərçivəsində 2006-cı ildə Aİ-Azərbaycan Fəaliyyət Planı qəbul edilib, bu plan Azərbaycan və Aİ arasında siyasi dialoqu gücləndirir, siyasi, iqtisadi və institusional islahatlar sahələrində əməkdaşlığı inkişaf etdirir, əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə qaldırılması üçün əsaslar yaradır. Aİ-Azərbaycan Fəaliyyət Planının yerinə yetirilməsi Aİ ilə Azərbaycan arasında qarşılıqlı siyasi və iqtisadi asılılığın daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Sonradan Azərbaycan Aİ-nin Şərq Tərəfdaşlığı Təşəbbüsünə qoşulan aparıcı ölkələrdən biri olub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından strateji əhəmiyyəti, onun regionun aparıcı dövləti olması Aİ ilə tərəfdaşlığın xüsusi çəkisini daha da artırıb. Bakı-Tbilisi-Ceyhan neft kəmərləri və Cənubi Qafqaz qaz kəməri kimi regional infrastruktur layihələrinin uğurla həyata keçirilməsi Azərbaycanın Avropa üçün əhəmiyyətini daha da artırıb, Avropa və qlobal enerji təhlükəsizliyinə töhfə vermiş və Avropa üçün yeni, həyati əhəmiyyətli enerji mənbələrinin əsasını qoymuşdur. Yalnız enerji istehsalçısı və ixracatçısı kimi deyil, eyni zamanda, vacib tranzit ölkəsi kimi Azərbaycanın regionun mərkəzi oyunçusu və beynəlxalq arenada əhəmiyyətli aktor olaraq imkanları getdikcə artır. Azərbaycanın nəinki Avropa, eyni zamanda dünyanın aparıcı dövləti olan ABŞ-la 2000-ci illərin əvvəllərindən, 11 sentyabr terror hücumlarından sonra genişlənən strateji tərəfdaşlıq münasibətlərində də önəmli nəticələr əldə edilib. Belə ki, Azərbaycan ABŞ-ın terrora qarşı qlobal mübarizədə ən mühüm tərəfdaşlarından biri olaraq qalıb. Əfqanıstan və İraqda beynəlxalq sülhməramlı əməliyyatlara dəstək verib. Azərbaycan sülhməramlı qüvvələri İraqda 2008-ci ildə ABŞ Hərbi-Dəniz Qüvvələri ilə yanaşı öz beş illik hərbi xidmətini uğurla başa vurub. Birləşmiş Ştatlar Azərbaycana Amerikanın maraqlarını və xarici siyasətini müəyyən edəcək üç regionun - Yaxın Şərq, Avropa və Asiya regionlarının kəsişdiyi yerdə yerləşən strateji tərəfdaş kimi baxır.
Regionun lider dövləti-Azərbaycan
Ümummilli Lider Heydər Əliyevin başladığı bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün müstəqil Azərbaycan regionun lider dövləti olmaqla dünyanın siyasi mənzərəsində mühüm rol oynayır. Dünyanın bir nömrəli siyasi təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmək və şuranın iclasına Sədrlik etmək Azərbaycanın dünya siyasi arenasında qazandığı siyasi nüfuza bariz nümunədir. Prezident İlham Əliyevin həyata keçirdiyi və dəqiq ölçülüb-biçilmiş siyasət nəticəsində Təhlükəsizlik Şurasına keçirilən seçkilərdə dünyanın 150-dən çox dövləti Azərbaycana dəstək verdi. Bu, 150 dövlətlə qurulan uğurla diplomatik münasibətlər və dövlət başçısının həyata keçirdiyi uğurlu xarici siyasət kursunun nəticəsi və ötən 11 il ərzində yeritdiyi xarici siyasətin əsas nailiyyətlərindəndir.
"Bir ölkə ilə yaxşı münasibətlərdə olmaq o demək deyil ki, digəri ilə pis münasibətdə olmaq lazımdır" - deyən Prezident İlham Əliyev milli maraqları maksimum dərəcədə qorumaqla nüfuzlu dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurur. Dövlət başçısı İlham Əliyev ötən illərdə dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində sistemli fəaliyyət göstərir. Son illərin bir sıra hadisələri deməyə əsas verir ki, Prezident İlham Əliyev istər ABŞ və Qərbə, istərsə də Rusiyaya münasibətlərdə Azərbaycanın mənafeyinə xələl gətirə biləcək bütün məqamları çevik və adekvat reaksiya ilə aradan qaldırmağa nail olmuşdur. Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən iri dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq ictimaiyyətdə respublikamızda həyata keçirilən mütərəqqi ruhlu iqtisadi və demokratik islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər. Azərbaycan son illərdə regionun və dünyanın bir sıra dövlətləri ilə diplomatik əlaqələri inkişaf etdirmək siyasətinə üstünlük vermiş, sivil qaydalara əsaslanan enerji diplomatiyası həyata keçirmişdir. Prezident İlham Əliyev bildirib: "Xarici siyasətlə bağlı ölkə qarşısında duran əsas vəzifə, əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Bu, bizim nəinki xarici siyasətdə, ümumiyyətlə, ölkə qarşısında duran əsas məsələdir".
Prezident İlham Əliyevin apardığı uğurlu diplomatiya nəticəsində artıq beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistanı təcavüzkar dövlət kimi tanıyırlar. Aşkar görünür ki, dünyada baş verən mühüm geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqazdakı münaqişə ocaqlarının söndürülməmiş qalması ümumi siyasi mənzərəyə mənfi təsir göstərməklə yanaşı, bölgədə iqtisadi və siyasi maraqları olan dövlətlərin mənafelərini ciddi şəkildə təhdid edir. Münaqişənin həlli məsələsinin regional müstəvidən çıxaraq beynəlxalq səciyyə daşıması da məhz bu amillə şərtlənir.
Beləliklə, ötən 11 ildə Azərbaycanın xarici siyasətində əldə edilmiş nailiyyətlər onun regionda və dünyada yerini möhkəmləndirib. Azərbaycan istər regional və qlobal təhlükəsizliyin təmin edilməsində, istər enerji təhlükəsizliyinə nail olunmasında etibarlı, stabil tərəfdaş kimi qəbul olunur. Azərbaycanın xarici siyasətinin uğurlu olması ona şərait yaradır ki, bir çox xarici ölkələrə irihəcmli investisiyalarını yatırsın, beləliklə də söz sahibinə çevrilsin və öz nüfuzunu daha da gücləndirsin.
R.Hüseynova