Müşahidəçilər və seçicilər heç bir seçki pozuntusuna yol verilmədiyini, seçkilərin demokratik və şəffaf keçirildiyini bildiriblər
Ölkədə keçirilən növbəti bələdiyyə seçkiləri ölkənin və Bakı şəhərinin rayonlarında da uğurla başa çatıb. Seçki fəallığı ilə müşahidə olunan səsvermə prosesi şəffaf və demokratik şəkildə sonuclanıb.
XƏZƏR RAYONU
13 saylı Xəzər - Pirallahı seçki dairəsi dairə seçki komissiyasının əhatə etdiyi 36 məntəqədə yüksək fəallıq müşahidə olunub. Bu seçki dairəsinə aid olan seçki məntəqələrində ümumilikdə 300-dən çox yerli müşahidəçi səsvermə prosesini izləyib. Seçki Komissiyasının sədri Mütəllim Balaqardaşov bildirib ki, artıq səhər saatlarından başlayaraq, 43713 seçicidən 2743 nəfər istədiyi namizədə səs verib. Heç bir qanun pozuntusu müşahidə olunmayıb və seçicilər mütəşəkkil qaydada səsvermədə iştirak ediblər.
Mütəllim Balaqardaşovun sözlərinə görə, dairə üzrə 45423 seçici var ki, onlardan 1500 nəfəri seçkilərdə ilk dəfə iştirak edir. Dairə üzrə 38 seçki məntəqəsi fəaliyyət göstərir. 7 bələdiyyə subyekti üzrə 79 yerə 232 namizəd qeydə alınıb. Günorta saatlarına qədər isə seçki məntəqəsində 9189 nəfər seçici iştirak edib. Dairə üzrə seçkiləri 8 siyasi partiyanın müşahidəçiləri izləyiblər. Seçkilər axşam saatlarına qədər fəallığı ilə müşahidə olunub. Qeyd edək ki, məntəqələrdə 10 veb-kamera quraşdırılıb və heç bir şikayət daxil olmayıb.
921 seçicinin səs verəcəyi 1 saylı seçki məntəqəsinin sədri Failə Rüstəmova da açıqlamasında deyib ki, seçki prosesində qanunazidd hallara rast gəlinməyib, seçkinin bütün qaydalarına əməl olunub. Məntəqədə müşahidə aparan müstəqil, eləcə də seçki bloklarının, partiyaların müşahidəçiləri də heç bir seçki pozuntusuna yol verilmədiyini, seçkilərin demokratik və şəffaf keçirildiyini birmənalı olaraq vurğulayıblar.
Səhər saatlarından başlayaraq, 14 saylı Xəzər seçki dairəsinin 2 saylı seçki məntəqəsində komissiya sədri Eldəniz Cabbarovun rəhbərliyi ilə seçki qutuları qaydalar çərçivəsində möhürlənib. Prosesi YAP, Milli Dirçəliş və digər siyasi partiyaların nümayəndələri ilə yanaşı, öz təşəbbüsləri ilə müşahidəçi qismində fəaliyyət göstərənlər də izləyib. Məlumat verilib ki, məntəqədə siyahı üzrə 1410 seçici qeydiyyatdadır.
14 saylı Xəzər seçki dairəsinin 1, 13, 14 saylı və 13 saylı Xəzər- Pirallahı seçki dairəsinin 1, 2, 9, 10, 20, 21, 34, 36 saylı məntəqələrində də seçicilər fəal şəkildə iştirak edirlər. Seçkiləri YAP, Milli Dirçəliş, Ana Vətən, Vətəndaş Həmrəyliyi digər siyasi partiyaların nümayəndələri izləyibər. Müşahidəçilər qeyd ediblər ki, səsvermə prosesində heç bir prosedura müdaxilə olunmayıb və seçki demokratik seçki standartlarına cavab verib.
14 saylı Xəzər seçki dairəsinin sədri İmran Qəmbərovun sözlərinə görə, 4 bələdiyyə üzrə 56 yerə 146 nəfər namizəd seçkidə iştirak edib. Dairə üzrə 35 seçki məntəqəsi fəaliyyət göstərir və 43879 seçici var ki, onlardan 768 nəfəri seçkilərdə ilk dəfə iştirak edib. Dairə sədrinin sözlərinə görə, heç bir şikayət daxil olmayıb. Belə ki, seçkilər öz şəffalığı və demokratik mühiti ilə seçilib.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, "Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev, Milli Məclisin üzvləri Çingiz Əsədullayev və İqbal Məmmədov da 13 saylı Xəzər-Pirallahı və 14 saylı Xəzər seçki dairəsinin əksər məntəqələrində olublar. Belə ki, onlar seçki prosesinin gedişatı ilə maraqlanıb, məntəqə sədrlərindən ümumi məlumatlar alıblar. Müşahidəçilər və komisiyya üzvləri ilə söhbət zamanı məlum olub ki, seçki prosesi zamanı heç bir qanun pozuntusu baş verməyib. Proses qaydalar çərçivəsində həyata keçirilib. Məlumat verilib ki, seçkiləri siyasi partiyaların nümayəndələri, müstəqil müşahidəçilər və namizədlərin şəxsi nümayəndələri izləyiblər.
NİZAMİ RAYONU
Bütün rayonlarda olduğu kimi Nizami rayonunda da dekabrın 23-də start götürmüş bələdiyyə seçkiləri uğurla başa çatıb. Belə ki, səhər saat 08:00-dan başlayaraq Nizami rayonu üzrə bütün məntəqələrdə olan daşınan (səyyar) və daşınmaz seçki qutuları möhürlənərək seçkilərə hazırlıq vəziyyətinə gətirilib. Müşahidə etdiyimiz 18 saylı Nizami-Nərimanov seçki dairəsi üzrə 42767 seçki dairəsinin 16 məntəqəsində səhər saatlarından seçici aktivliyi hiss olunub. Dairə-Seçki Komissiyasının sədri İslam Muradov "SƏS"-ə açıqlamasında qeyd edib ki, səhər saatlarında seçicilərin 1419 nəfəri, günortadan başlayaraq isə seçicilərin 3259 nəfəri öz seçki hüququndan istifadə edib. Səsvermə prosesi axşam saatlarına qədər seçicilərin fəallığı ilə baş tutub.
Digər seçki məntəqəsinin - 24 saylı Nizami ikinci seçki dairəsinin komissiya sədri Niyazi Cəfərovun qəzetimizə verdiyi açıqlamasında qeyd edilib ki, artıq səhər saatlarında 43221 seçicinin 11226 nəfəri artıq öz namizədinə səs verib. Bütün məntəqələrdə olduğu kimi bu seçki məntəqələrində də heç bir qanun pozuntusuna yol verilməyib, seçkilər tam şəffaf şəkildə aparılıb. Proses axşam saatlarına qədər uğurla davam etdirilib.
Dairə-Seçki Komissiyasının sədri Heydər Vəliyev axşam saatlarına qədər insanların məntəqələrə gələrək fəallıqla səs verdiklərini bildirib. Nizami rayonunda hakim partiya YAP-ın müşahidəçiləri ilə yanaşı digər siyasi partiyaların-MDHP, VHP, BQP, AVP-nin də müşahidəçiləri iştirak ediblər. Qeyd edək ki, bələdiyyə seçkiləri Nizami rayonu üzrə axşam saatlarına qədər seçici fəallığı ilə müşahidə olunub. Müşahidəçi qismində iştirak edən müxtəlif siyasi partiya nümayəndələri də vurğulayıblar ki, seçki prosesi demokratik və şəffaf şəkildə keçirilib.
YASAMAL RAYONU
15 saylı Yasamal II seçki dairəsində seçici aktivliyi hələ günün ilk yarısından müşayiət olunub. Dairə üzrə 19 yerə 50 namizəd mübarizə aparıb. 14 saylı seçki məntəqəsində isə insanlar səs vermək üçün növbəyə dayanıblar. Məntəqədən bildirdilər ki, 14 saylı seçki mətəqəsi üzrə 1314 nəfər səsvermə hüququ olan vətəndaş var: "Seçkiyə start verilən kimi məntəqənin qarşısında izdiham yaşandı. Vətəndaşlar heç bir təzyiq və müdaxilə olmadan seçki məntəqələrinə gedib, demokratik və şəffaf şəkildə etibar etdiklərin namizədə səs verdilər".
14 saylı seçki məntəqəsində səs verən Nəzakət Səmədova bildirib ki, bir vətəndaş kimi seçkidə iştirak etmək hər birimizin borcudur: "Mən də öz səsimi etibarlı namizədə verdim. İnanıram ki, günbəgün böyüyən ölkəmizdə bu seçkilərdən sonra daha böyük canlanma müşahidə olunacaq. Seçkilərin gedişindən çox razıyam. Seçkilər çox şəffaf şəraitdə keçirilir. Vətəndaşlarımız istədiyi namizədə sərbəst şəkildə səs verirlər. Mən dəfələrlə seçkilərdə iştirak etmişəm və heç bir zamanda qayda-qanun pozuntularına rast gəlməmişəm".
Seçici Aslan Şıxıyev ilk dəfədir ki, səs verdiyini qeyd edib: "İlk dəfədir ki, seçkidə öz səsimi namizədə etibar edəcəm. Buna sevinirəm. Bir gənc kimi Yeni Azərbaycan Partiyasının üzvü olmağımdan, bu partiyaya xidmət etməyimdən qürur duyuram. Biz gənclərin parlaq gələcəyi yeganə siyasi güc olan Yeni Azərbaycan Partiyasının əlindədir".
15 saylı seçki məntəqəsinin sədri Gülcahan Həsənova bizimlə söhbətində bildirib ki, vətəndaşlarımız seçkiyə böyük sevinc hissi ilə qatılıblar: "Seçicilər məntəqəyə gələrək səslərini verirlər. Heç bir qayda pozuntusu, hər hansı bir nöqsan görməmişik, mənfi hallar qeydə alınmamışdır. Məntəqə üzrə 1201 nəfər səsvermə hüququ olan vətəndaşımız var. Müşahidəçi qismində 10, məşvərətçi kimi isə 2 nəfər iştirak edir".
15 saylı məntəqədə səs verən vətəndaş Vüqar Bəşirov bildirib ki, uzun illərdir ki, seçkilərdə iştriak edərək Azərbaycanın gələcəyinin qarantı olan siyasi partiyanın namizədlərinə səs verib: "Bu, Yeni Azərbaycan Partiyasıdır. Ulu Öndərimiz ölkəmizi bütün dünyada tanıtdı, bu gün də Cənab Prezidentimiz İlham Əliyev Ümummilli Liderimizin siyasətini ən layiqli şəkildə davam etdirərək Azərbaycanı böyük zirvələrə qaldırıb".
16 saylı seçki məntəqəsində də xüsusi coşqu var idi, insanlar səs vermək üçün növbəyə dayanmışdılar. Məntəqə sədri Gülər Hümbətova bizimlə söhbətində vurğulayıb ki, məntəqə üzrə səsvermə hüququ olan 1306 nəfər şəxs var: "İnsanlar aktiv şəkildə seçkidə iştirak edirlər. Məntəqə 14 müşahidəçi, 2 məşvərətçi iştrak edir. Heç bir qayda pozuntusu qeydə alınmayıb. İnsalar növbə ilə sakit şəkildə, heç bir təzyiq altında qalmadan səslərini verib gedirlər. Hətta yaradılan çox gözıəl şəraitə görə, öz minnətdarlıqlarını da ifadə edirlər".
Seçici Qədimov Rauf isə qeyd edib ki, budəfəki seçkilərdə xeyli fəallıq hiss olunur: "Gənclər də, yaşlı nəsil də səsvermədən kənarda qalmaq istəmir. Bugünkü seçkilər çox azad və demokratik şəkildə keçirilir. Komissiya üzvləri seçiciləri çox mehriban qarşılayırlar. Sərbəst şəkildə hər kəs öz namizədinə səs verir".
Beləliklə, ölkədə keçirilən növbəti bələdiyyə seçkiləri də öz demokratikliyi və şəffaflığı ilə başa çatdırıldı. Vətəndaşlar fəal şəkildə seçki məntəqələrinə gedərək, istədikləri namizədə səs verdilər. Bu isə bir daha belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, Azərbaycanda bütün seçkilər demokratik normalara və standartlara cavab verir.
Rövşən Rəsulov