Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında bələdiyyə seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib
Bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədovun iştirakı ilə Azərbaycanda keçirilən Bələdiyyə seçkilərinin yekununa həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda YAP-ın İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da iştirak edib.YAP-ın Sədr müavini, icra katibi konfransı giriş nitqi ilə açaraq deyib ki, Azərbaycanda növbəti, sayca 4-cü bələdiyyə seçkiləri başa çatıb: "YAP seçki kampaniyasında yaxından iştirak edib. Hakim partiya bütün bələdiyyələrə öz namizədlərini irəli sürüb. Namizədlərin ümumi sayı 16760 nəfər təşkil edir. Onlardan 13404 nəfəri hakim partiya tərəfindən irəli sürülüb. Bu bir daha YAP-ın insani resurslarının nə qədər böyük olduğunun göstəricisidir. Bələdiyyə seçkilərində 8 siyasi partiya iştirak edib. Sözün həqiqi mənasında YAP Azərbaycanın ictimai-siyasi həyatında nə qədər böyük rola malik olduğunu təsdiqləyib".Əli Əhmədov diqqətə çatdırıb ki, YAP seçki kampaniyasında gedərkən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə, onun uğurlu fəaliyyətinə istinad edib: "Bu gün YAP-ın sıralarında 640 mindın artıq insan qeydə alınıb. Bu öz əksini ölkə başçısının həyata keçirdiyi siyasətdə, eləcə də YAP-ın uğurlu fəaliyyətində tapıb. Hesab edirik ki, ötən 5 il ərzində uğurlu nəticə əldə olunduğundan bu il də həmin uğuru gözləmək imkanlarımız var".
sia.az