"Dövlət başçısının 11 il müddətində ölkəmizdə milli dövlət quruculuğu prosesinin uğurlu inkişaf etdirilməsi, demokratik cəmiyyət modelinin yaradılması, vətəndaş cəmiyyətinin bərqərar olunması, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində apardığı islahatlar Onun Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu layiqli davam etdirdiyinin bariz sübutudur". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Yevda Abramov deyib.Millət vəkili qeyd edib ki, Azərbaycanın bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsinə çevrilməsində cənab İlham Əliyevin rolu misilsizdir: "Dayanıqlı iqtisadiyyata malik ölkəyə çevrilən Azərbaycanın Cənubi Qafqaz iqtisadiyyatında payı 80 faizdən artıqdır. Bu göstəricilər, sosial-iqtisadi uğurlar beynəlxalq reytinq qurumlarının hesabatlarında da öz ifadəsini tapmaqdadır. Bu baxımdan cənab İlham Əliyevin bu sferada apardığı islahatlar beynəlxalq arenada mühüm diqqət mərkəzindədir. Bütün məqamlarda insan amilini önə çəkən Prezident İlham Əliyevin islahatçı lider kimi tanınması, qazanılan nailiyyətlər birmənalı şəkildə hər bir Azərbaycan vətəndaşının ölkəmizin işıqlı gələcəyinə inam hissini daha da artırmaqdadır. Ölkə başçısının ötən 11 illik fəaliyyətinin Azərbaycanda sosial-iqtisadi intibah dövrü kimi tarixə düşəcəyinə inanırıq. Belə ki, əhalinin sosial rifahı nəzərə çarpacaq dərəcədə yaxşılaşıb, işsizlik problemi öz həllini tapıb, qaçqın və məcburi köçkünlərin yaşadığı çadır düşərgələri ləğv edilərək, gözəl mənzillərlə əvəzlənib".
sia.az