Azərbaycan "Yaşıl Kart" sisteminə qoşulmaq üçün bir ay ərzində BMT-nin Avropa İqtisadi Komissiyasına və "Yaşıl Kart" sisteminin idarəedici təşkilatı olan Bürolar Şurasına rəsmi müraciət edəcək. SİA-nın məlumatına görə, "İcbari sığortalar haqqında" qanuna edilən dəyişikliyə görə, maşın sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi çərçivəsində öhdəliklərin yerinə yetirilməsinə nəzarət Daxili İşlər Nazirliyi tərəfindən, sərhəd sığorta müqaviləsi və "Yaşıl Kart" sistemi isə Dövlət Gömrük Komitəsi çərçivəsində həyata keçiriləcək. Qanuna əsasən, artıq xarici ölkələrdə qəza törədən sürücülərin də mülki məsuliyyəti sığortalanacaq. Sistemin fəaliyyəti üçün Azərbaycanda "Yaşıl kart" bürosu təsis ediləcək. Büronun funksiyalarını İcbari Sığorta Bürosu (İSB) həyata keçiriləcək.Büroya üzv olan şirkətlərə xüsusi nömrəli yaşıl blanklar veriləcək. Şirkətlər isə bu blankları onlara bununla bağlı müraciət edən müştərilərə satacaqlar. Bu blankı alan müştəri xarici ölkədə qəza törədərsə və hər hansı bir şəxsin sağlamlığına, həyatına və əmlakına zərər vurarsa, bu zərər həmin ölkənin Yaşıl Kart Bürosu tərəfindən ödəniləcək. Sonra həmin ölkə Büro bu zərəri bizim yerli Bürodan tələb edəcək, Büro isə həmin müştərini sığortalayan şirkətdən alınmasını təmin edəcək. Azərbaycanda "Yaşıl Kart" sistemi üzrə müqavilələr 3, 6 və 12 ay müddətinə bağlanacaq. Beləliklə, bu sistemə qoşulandan sonra Azərbaycana gələn və gedən sürücülər sərhəddə sığorta almağa məcbur olmayacaqlar. Lakin bunun üçün 1 il gözləmək lazım gələcək. "Yaşıl Kart" sisteminin tətbiqi ilə bağlı qanuna edilən dəyişiklik 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.Qeyd edək ki, "Yaşıl Kart" sistemi 50-yə yaxın ölkədə qüvvədədir.
sia.az