"Bəzi Qeyri Hökümət Təşkilatları öz fəaliyyət istiqamətlərini qurmaq üçün profilindən asılı olaraq müxtəlif qurumlarla müəyyən dərəcədə əməkdaşlıq edir və onlardan maliyyə yardımı alır". Bu sözləri SİA-ya açıqlamasında "Azərbaycanda Regional İnkişaf Mərkəzi"nin sədri Çingiz İsmayılov bildirib.Onun sözlərinə görə, xarici donorlar bəzi QHT-lərə maliyyə yardımı etməklə öz maraqlarını güdürlər : "Bu maraqlar bir neçə səpkidədir. Onların əsas niyyəti Azərbaycan haqqında məlumat bazası toplamaqdır. Xarici təşkilatlarla əməkdaşlıq edən bəzi yerli QHT-lərin ən zəif xüsusiyyəti xarici təşkilatların nə məqsədlə onlara maliyyə yardımı ayırmasını araşdırmamaqlarıdır. Qərb dünyası bazar iqtisadiyyatı əsasında formalaşıb. Burada maraqlar olmadan heç bir qurumla əməkdaşlıq etmək olmaz. "SOROS", "Freedom House", "Human Rights Watch" kimi təşkilatlar da məhz öz maraqları naminə digər ölkələrdə fəaliyyət göstərən bəzi təşkilatlarla daima əməkdaşlıq edirlər. Mən hesab edirəm ki, siyasi, iqtisadi, ekoloji, sosial sahələrdə yerli donorlardan yararlanmaq daha düzgün və məqsədəuyğun olardı".