Bu gün "Sığortalı gənclik" layihəsi çərçivəsində keçirilən debatların finalı təşkil olunub. SİA-nın məlumatına görə, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin təşkil etdiyi Azərbaycan Sığortaçılar Assosiasiyanın (ASA), Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTI) tərəfdaşlıq etdiyi layihə Maliyyə Nazirliyinin, eləcə də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilib.Mərasimə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib.DVC-nin rəhbəri Seymur Hüseynov diqqətə çatdırıb ki, təşkilatın aparıcı və ən kütləvi proqramlarından biri olan "Milli Debat Proqramı" respublikanın 45 rayonunu və bütün böyük şəhərləri əhatə etməklə, 11 regional mərkəzi özündə birləşdirir: "Bu günə qədər "Milli Debat Proqramı" çərçivəsində həyata keçirilən tədbirlərdə 40.000-dən artıq gənc iştirak edib və maariflənib. Proqram gənclərin maarifləndirilməsi və dövlətin strateji sahələrinin inkişafına dəstək vermək istiqamətində 2014-cü ilin sentyabr ayından başlayaraq, Payız Debat Mövsümünə start verib və müxtəlif tərəfdaşlarla hədəf qruplarını əhatə edən bir sıra layihələr həyata keçirib".Bildirilib ki, bu sahədə yerinə yetirdiyimiz fəaliyyətlərdən biri, Maliyyə Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə Azərbaycan Sığortaçılar Assosiasiyası və "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi tərəfindən həyata keçirilən "Bakı Debat Forumu Payız 2014: Sığorta Kuboku" olub. Forum adı çəkilən qurumlar tərəfindən birgə reallaşdırılan "Sığortalı Gənclik" layihəsinin bir parçasıdır. Forumun əsas məqsədi gəncləri sığorta və maliyyə bazarı ilə yaxından tanış etmək, onların bu sahədə məşğulluğunun təmin edilməsi üçün əsaslar yaratmaqdır. Forumun tədbirləri çərçivəsində 400 gənc sığorta və maliyyə bazarı ilə təlimlər vasitəsi ilə tanış olub, 1000-dən artıq gənc 10 debat turniri və onlarla debat təlimi vasitəsi ilə sığorta bazarının aspektlərin müzakirə edib. 20-21 dekabr tarixlərində keçirilən Forumun yekun mərhələsində 15 ali təhsil müəssisənin təmsil edin 250-dən artıq gənc iştirak edib".Daha sonra Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin lisenziyalaşdırma, ərizə və şikayətlər şöbəsinin rəisi Mahir Abdullayev, Gənclər və idman nazirliyinin sektor müdiri Fuad Babayev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ) sədr müavini Cəmil Həsənov və digərləri çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.Sonda layihədə qalib gələnlərə mükafatlar təqdim olunub.
sia.az