"Çox təəssüf ki, dünya hələ də Ermənistan tərəfindən azərbaycanlıların başına gətirilənləri görmür və onlara öz haqq sözünü demir. Beləcə, ölkəmizə qarşı ikili standartlar hələ də davam edir". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli 2014-cü ildə Azərbaycanda Ordu sahəsində qazanılan uğurlardan danışarkən deyib.Hərbi eskpertin sözlərinə görə, bu gün Azərbaycanın güclü dövləti və ordusu mövcuddur: "Əgər bizim ta qədimdən bu cür güclü ordumuz olsaydı, işğalçı ölkə bir qarış torpağımıza belə göz dikə bilməzdi. Ümidvarıq ki, bu hadisələr bir daha təkrarlanmayacaq. Ona görə ki, bizim dövlətimiz əbədi və daimi olacaq. Azərbaycanın çox müasir güclü ordusu var və ölkə vətəndaşlarının da təhlükəsizliyini təmin edəcək. Bu gün Azərbaycanda elə bir gənclik yetişib ki, onun torpaqları heç bir zaman işğalda qalmayacaq. Ölkəmizdə vətənpərvər Azərbaycan gəncliyi var".E. Həsənli deyib ki, 2014-cü il Azərbaycan ordusu üçün çox əlamətdar olub: "Bu il ərzində ölkəmizdə mühüm əhəmiyyətli hərbi təlimlər keçirilib. İlk dəfə olaraq, Azərbaycanda miqyasına görə çox böyük hərbi təlimlər keçirildi. Həmin təlimə ehtiyyatda olan zabitlər də cəlb olundu. Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ilə Müdafiə Nazirliyi bu işi yüksək səviyyədə təşkil etdi. Müddətdən artıq hərbi qulluqçuların sayı orduda artırıldı və orduda nizamnamədən kənar halların azalmasının qarşısı alındı. Ordumuz üçün ən əlamətdar hadisələrdən biri də , ictimaiyyət-ordu əlaqələrinin genişlənməsi oldu. Eləcə də dövlət, hərbi sirlərin qorunması ilə bağlı cənab Prezident İlham Əliyevin məlum sərəncamı oldu. Bununla belə, iyul ayının sonu, avqust ayının əvvəlində Ermənistanla cəbhə xəttində düşmən diversiya qrupları geri oturuldu və onlar iki-üç dəfə artıq itki verdilər. Bu ilin noyabrın ayının 12-də Ağdam istiqamətində ermənilərə məxsus helikopterin vurulması da onu sübut etdi ki, Azərbaycan milli maraqlarından bir addım belə olsa geri çəkilməyəcək. Bu gün zabitlərin mənzil şəraiti yaxşılaşdırılıb və müasir standartlara cavab verən hərbi hissələr, tibb məntəqələri inşa olunub".
sia.az