"Ermənilərin son zamanlar Türkiyəyə olan köçünün qarşısı alınmalıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
Son zamanlar Ermənistanda mövcud olan acınacaqlı sosial durumla əlaqədar olaraq bir çox erməni ailəsi Türkiyə ərazisinə köç edir, qeydiyyatda olmadan Türkiyə ərazisində yaşayır və işləyirlər: "Ümumiyyətlə bu, ermənilərin köhnə xasiyyətidir. Vaxtilə onlar Dağlıq Qarabağ ərazisinə də bu cür köç ediblər. Orada məskunlaşıb və sonradan Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış ediblər. Hətta son dövrlərdə Ararat dağının erməni dağı olması ilə bağlı BMT-yə müraciət də ediblər. Yəni bu xalq fantaziyasına güc verib hər şeyi öz adına mənimsəmək istəyir. Belə olan təqdirdə mənim zənnimcə ermənilərin Türkiyəyə olan köçünün qarşısı alınmalı, ermənilərə qarşı münasibətdə prinsipial mövqe tutulmalıdır. Yoxsa bu gələcəkdə Türkiyə üçün də daha acı nəticələrə səbəb ola bilər. Amma çox təəssüf ki, bu mövqeyi Türkiyə hökuməti hələ ki, sərgiləmir".
sia.az