Naira Ayrumyan: "Ermənistan itdir və Rusiya onu öz yanında saxlayacaq ki,..."
Artıq yola salacağımız 2014-cü ilin başa çatmasına sanlı günlər qalıb. Hər ili uğurlu inkişaf tempi ilə başa vuran Azərbaycan regionun lider ölkəsinə çevrilib və regiondakı bütün proseslər, irihəcmli beynəlxalq və regional layihələr, məhz ölkəmizin təşəbbüsü və birbaşa iştirakçılığı ilə həyata keçirilir. Lakin Ermənistan qeyri-konstruktiv mövqe tutması ilə yanaşı, həm də ATƏT-in Minsk Qrupunun səmərəsiz fəaliyyəti nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş olmayan bir il kimi tarixə düşdü. 20 ildən artıq bir müddət davam edən münaqişə regionda sülhə və sabitliyə ən böyük təhdid olmaqla yanaşı, bölgənin iqtisadi inkişaf tempinə də müəyyən mənfi təsirlərini göstərməkdə davam edir.
Ötən 20 il ərzində Ermənistan problemlər bataqlığında
Bu illər ərzində Ermənistanda baş verən prosesləri təhlil etsək, işğalçı ölkənin hansı durumda olduğunun şahidi olardıq. Doğrudur, reallıqlar göz qabağındadır. Bu gün Ermənistan yalnız xaricdən gələn ianələrlə birtəhər güzəran keçirir.
Ermənistanın Maliyyə Nazirliyinin məlumatlarına görə, 2013-cü ildə ölkədə yoxsulluğun səviyyəsi 38,2 faiz təşkil edib. Bununla yanaşı, ölkənin Milli Statistika Xidmətinin dərc etdiyi "Yoxsulluq və Ermənistanın sosial panoraması - 2013" məruzəsinə əsasən, 2012-ci ildə ölkədə yoxsulluğun səviyyəsi 2008-ci illə müqayisədə 21,7 faiz artaraq 38,2 faiz olub. BMT-nin Beynəlxalq Əmək Təşkilatının "İşsizliyin qlobal tendensiyaları -2014" məruzəsində isə deyilir ki, Ermənistan işsizliyin səviyyəsinə görə MDB-də birinci yeri tutur. Məruzəyə görə, 2013-cü ildə Ermənistanda işsizliyin səviyyəsi 28,64 faiz təşkil edib. Bundan əlavə, BMT-nin Əhali Fondunun Ermənistandakı nümayəndəliyinin məlumatına əsasən, Ermənistanda 15-24 yaşlı gənclər arasında işsizliyin səviyyəsi 54 faizi ötür. Ermənistanda əhalinin sayı isə nəinki artıb, əksinə, olan əhali də sosial problemlərdən yaxasını qurtarmaq üçün ölkəni tərk edir. BMT-nin Əhali Fondunun Ermənistandakı nümayəndəliyinin məlumatına əsasən, Ermənistanın gənc əhalisinin 73,5 faizi imkan daxilində müvəqqəti yaşamaq üçün, 36,8 faizi isə daimi yaşamaq üçün ölkəni tərk edərdilər. Qalan əhali də Ermənistanı tərk etmək arzusu ilə yaşayır, lakin onların buna imkanı çatmadığından məcburi şəkildə Ermənistanda yaşayırlar. Hərbi vəziyyətə gəlincə, Ermənistan ordusunda da digər sahələrdə olan ağır vəziyyət hökm sürür. Hərbi qulluqçuların nizam-intizamı, mənəvi-psixoloji, maddi və fiziki vəziyyəti ötən illərlə müqayisədə daha da pisləşib. Ermənistan ordusunda baş verən fərarilik, ölüm, zorlama, döyülmə, rüşvət, korrupsiya, intihar, təcavüz və digər qanunsuz halların sayı dəfələrlə artıb. Bu gün Ermənistan ordusunda ölkənin özünə məxsus olan hansısa müasir hərbi texnika mövcud deyil.
Göründüyü kimi, yuxarıda qeyd olunan real faktlar Ermənistanın Azərbaycanla müharibə aparmaq qabiliyyətinin çoxdan itirdiyini bir daha təsdiqləyir. Sadəcə havadarlarının dəstəyi sayəsində hələ ki, Dağlıq Qarabağ münaqişəsində status-kvonu saxlaya bilir. Amma bu, uzun müddət davam edə bilməz. Çünki Ermənistan əhalisi nəhayət anlamalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılması Ermənistanı uçuruma apara bilər. İkinici bir məqam isə, son zamanlar beynəlxalq sanksiyalar nəticəsində Ermənistanın ən böyük dolanışıq yeri olan Rusiyanın iqtisadi vəziyyətinin ağırlaşması, eyni zamanda, Rusiya ilə Türkiyə arasında yaxınlaşmanın müşahidə olunması Ermənistanı daha da çətin duruma salıb və ölkə üçün heç də yaxşı gələcək vəd etmir. Belə vəziyyətdə Ermənistanın yeganə çıxış yolu işğalçı qoşunlarını Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarmaqdan keçir.
Armen Martirosyan: "Avrasiya İqtisadi İttifaqına qoşulmaq Ermənistana fayda verməyəcək"
Bu fikirləri ifadə edən "İrs" partiyasının sədr müavini Armen Martirosyan onu da vurğulayıb ki, hökumətin bu quruma qoşulmaqla, öz gücünü qorumaq niyyətindədir: "Avrasiya İqtisadi İttifaqına qoşulduqdan sonra ölkəmiz təhlükəsizlik baxımından heç nəyə nail olmayıb. Bu gün biz Rusiya-Azərbaycan siyasi-hərbi əməkdaşlığının dərinləşməsini müşahidə edirik".
Ermənistanın iqtisadi durumunda müsbət yeniliklərin olmadığını deyən A. Martirosyan bu il əsas istehlak mallarının qiymətində iki dəfə artım müşahidə olunduğunu vurğulayıb. Problemə toxunan Lragir.am portalının icmalçısı Naira Ayrumyan bununla bağlı öz mülahizələrini açıqlayarkən bildirib ki, Ermənistan itdir və Rusiya onu öz yanında saxlayacaq ki, ..." Onun fikrincə, nəhayət, bəlli oldu ki, niyə Rusiya Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasını təkidlə istəyirdi. Ermənistan Rusiyaya əlavə səs kimi lazımdır. Onun vasitəsi ilə Qazaxıstanla Belarusa 6 səslə "separat" qərarlar qəbul etməyə imkan verilməyəcək. Müəllif yazır: "Ermənistan itdir və Rusiya onu öz yanında ona görə saxlayacaq ki, Nazarbayevlə Lukaşenkoya razılıq əldə etməyə imkan verilməsin".
Onun qənaətinə görə, Avrasiya İttifaqı çərçivəsində hələ ki, elementar məsələlərin həllinə nail olmaq mümkünsüzdür. Birlik fəaliyyətə başlamazdan Rusiya artıq Qazaxıstanla Belarusa öz ərazisindən tranzit daşımalarını həyata keçirməyə qadağalar qoymağa çalışır. Bu günlərdə isə Qazaxıstan Rusiya istehsalı olan bəzi araq və pivə məhsullarına embarqo qoyub, sonra onu ləğv etməli olub. N.Ayrumyanın fikrincə, Belarus-Rusiya münasibətləri çoxdan "iqtisadi müharibə" anlayışı ilə səciyyələnir. Yəni aparıcı üçlük çərçivəsində münasibətlərin gərgin olması müttəfiq axtarışı problemini aktuallaşdırır. Müəllif hesab edir ki, məhz Qazaxıstanla Belarus Ermənistana cəmi bir səs hüququnun verilməsini istəyib ki, Moskva ilə Yerevan sonradan birləşib Astana-Minsk cütlüyünün birgə təşəbbüslərinin qarşısını ala bilsinlər.
N.Ayrumyanın əsas qənaəti ondan ibarətdir ki, Ermənistanın iqtisadi birlikdəki rolu utanc gətirəndir və bu üzvlük heç bir iqtisadi səmərə vəd etmədiyi halda, Yerevan özünü əvvəlcədən xoşagəməz vəziyyətə salıb. Erməni icmalçısı, həmçinin onu da vurğulayır ki, dekabrın 23-da Rusiya prezidenti Vladimir Putin Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə müqaviləni imzalamaqla Ermənistanın "Yeni SSRİ"-yə qoşulmasına "hə" dedi. Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqını bu il mayın 29-da Rusiya, Qazaxıstan, Belarus yaradıblar. Ermənistanın bu ittifaqa qoşulması haqqında müqavilə Ali Avrasiya İqtisadi Şurasının oktyabrın 10-u Minskdə keçirilən sammitində imzalanıb. Rusiya, Qazaxıstan, Belarus və Ermənistan prezidentlərinin imzaladığı müqavilə dörd ölkədə təsdiqlənməli və 2015-ci il yanvarın 1-dən qüvvəyə minməlidir.
Beləliklə, xalqına və Serj Sarkisyana Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Ağdama səfəri zamanı verdiyi bəyanatı xatırlatmaq istəyirəm: "Bu gün Ermənistanın faşist rəhbərliyi, hərbi xunta öz ölkəsini uçuruma aparır. Onlar bizim torpaqlarımızı işğal ediblər, eyni zamanda, bütün Ermənistanı işğal ediblər. Erməni xalqı kriminal, korrupsioner rəhbərlikdən öz canını qurtarmalıdır. Əks təqdirdə Ermənistanı böyük fəlakətlər gözləyir. Əgər Ermənistan faşist dövləti öz çirkin əməllərindən əl çəkməsə, erməni dövlətinin mövcudluğu sual altına düşə bilər".
A.SƏMƏDOVA