"Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının Ermənistanda silah anbarı açmaq istəyi heç cür inandırıcı görsənmir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşən Musayev bildirib.Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının Ermənistanda silah anbarı açmaq istəyi ilə bağlı xəbərə münasibət bildirən E. Musayev qeyd edib ki, bu cür təxribat xarakterli xəbərlərin yayılması artıq silsilə xarakter alıb: "Nə zaman ki Azərbaycanın ictimai həyatında canlanma baş verir, o zaman bir çox beynəlxalq təşkilatlar, bir sıra qərb dövlətləri Azərbaycana olan təzyiqlərini artırmağa cəhd göstərirlər. Bir sözlə Azərbaycanın uğurlarına ləkə düşürmək üçün daim müxtəlif yollara əl atırlar. Bu yöndə bizim iradlarımız, tənqidlərimiz təbii ki, haqqlı xarakter daşıyır. Azərbaycan bu gün post-sovet məkanında ən demokratik ölkədir. Ölkəmiz günü-gündən dinamik inkişaf edir, beynəlxalq əlaqələri yüksək səviyyədə qorumağa çalışır. Ancaq bütün hallarda biz heç bir qərb dövlətinin vassalı deyilik. Bu artıq ənənəvi hal alıb ki, ən kiçik gərginlik fonunda daim Azərbaycanı şantaj edib, Ermənistana havadarlıq edirlər. Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının Ermənistanda silah anbarı açmaq istəyi ilə bağlı olan xəbərlər də məhz bu yöndə atılan addımlara bariz sübutdur. Bu Ermənistana kömək demək deyil, əksinə Azərbaycanı öz dırnaqarası oyunlarına inandırmaq niyyəti daşıyan şantaj xarakterli informasiyaların növbəti təzahürüdür. Bu cür hallar gerçək olsa belə, baş verə biləcək müharibədə Azərbaycanın qüdrətli ordusu öz torpaqlarını azad etmək gücündədir".
sia.az