"Heç bir məntiqə sığmayan çıxışları ilə, etik qaydalara belə riayət etməyi özünə borc bilməyən Azad Avropa Azadlıq Radiosunun rəhbəri Nenad Pejic (Nenad Peyc) bu bəyanatları ilə özü elə əxlaq çərçivəsinə sığmayan hərəkətlərə yol verir". Bunu SİA-ya "Trend" Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyev "Azadlıq" radiosunun Bakı bürosunda aparılan axtarış və bununla bağlı Azad Avropa Azadlıq Radiosunun rəhbəri Nenad Pejic tərəfindən verilən bəyanatda həmin əməliyyat-axtarış tədbirlərinin hücum və quldurluq adlandırılmasına münasibət bildirərkən deyib.Siyasi ekspertin sözlərinə görə, konkret faktlara söykənməyən bəyanatlarla Azərbaycan xalqının azad informasiyaya çıxışını təmin etməyə bu qədər canfəşanlıqla yanaşan Nenad Pejic özü müstəqillik və suverenlik statusu haqqında bütün beynəlxalq normaları unudur: "Belə ki, onun dedikləri ilə bağlı heç kimə dünyada belə bir hüquq verilməyib ki, suveren dövlətin rəhbəri haqqında ləyaqət və şərəfə toxunan ifadələr və ya kəlmələr işlətsin. Azərbaycan Respublikası BMT tərəfindən bütün qanunlarla öz sərhədləri ilə tanınan suveren və müstəqil bir dövlətdir. Böyük və kiçikliyindən asılı olmayaraq qarşılıqlı münasibət quraraq, heç kimdən, o cümlədən ABŞ, Avropa Birliyi və digər ölkələr də daxil olmaqla öz müstəqil siyasətini yürüdən bir dövlətdir".
sia.az