"2014-cü ilin müxalifət partiyaları üçün uğursuzluqla nəticələnməsinin əsas səbəbi daxili parçalanmalar və iğtişaşlarla bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı bildirib.Onun sözlərinə görə yola verdiyimiz il müxalifət üçün biabırçılıqla yadda qaldı: "Biz çox məmnuniyyətlə istərdik ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da müxalifət normal şəkildə fəaliyyət göstərsin və öz aralarında deyil də, sırf iqtidarla hüquq normaları əsasında mübarizə aparsın. Amma müasir dövrdə müxalifət cəbhəsi daha çox çəkişmələr və şəxsi konfliktlərlə gündəmə gəlir. Artıq demək olar ki, Azərbaycanda müxalifət anlayışı itmək üzərədir. 2014-ci il də müxalifət partiyalarının uğursuzluqlarının pik nöqtəsi kimi yadda qaldı. Şəxsi ambisiyaları hesabına bir-birilərini sıradan çıxarmaq istəyi artıq onlarda dövlətə, xalqa, hakimiyyətə olan marağı da öldürüb. Dövlətin milli maraqları naminə fəaliyyət göstərmək əvəzinə, daha çox şəxsi konfliktlərlə gündəmə gələn müxalifətin 2014-cü ildəki uğursuzluğu əlbəttə ki, gözlənilən idi".
sia.az