PDF Oxu

Siyasət

  • 12

"Poetika.izm" jurnalının ilk sayı çap olundu

"Poetika.izm" jurnalının ilk sayı çap olundu

Bir əsrə yaxındır ki, ölkəmizdə ədəbiyyatşünaslıq elminin baş qərargahı funksiyasını daşıyan Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu Azərbaycan ədəbiyyatının sistemli və davamlı tədqiqini həyata keçirir, bu sahədə əsas istiqamətverici və əlaqələndirici mərkəz vəzifəsini yerinə yetirir. Müstəqilliyin bərpasından sonra Nizami adına Ədəbiyyat İnstitutunun fəaliyyətinin yeni mərhələsi başlanmışdır. Azərbaycançılıq ideyasının, milli maraqların ön mövqeyə çəkilməsi, dünyanın əsas elmi mərkəzləri ilə əlaqələrin genişləndirilməsi, açılmamış səhifələrin tədqiqata cəlb olunması Ədəbiyyat İnstitutunun müasir mərhələsinin əsas istiqamətlərini müəyyən edir. AMEA-nın vitse-prezidenti, millət İsa Həbibbəylinin rəhbərliyi ilə institutda dövri nəşrlərin kəmiyyət və keyfiyyət göstəriciləri ilə bağlı islahatlar aparılır. Nizami adına Ədəbiyyat İnstitutunda respublikada nüfuzlu elmi nəşrlərdən hesab olunan "Ədəbiyyat məcmuəsi", "Ədəbi əlaqələr" kimi jurnalların siyahısına "Poetika.izm" jurnalı da əlavə olundu. Jurnalın ilk sayı (2014, №1) müasir elmi-nəzəri səviyyədə və nəfis tərtibatda çap olunubdur. Jurnal həm tematika, həm də struktur baxımından Azərbaycan filoloji düşüncə tarixində yeni bir hadisədir. Belə ki, indiyə qədər ölkə miqyasında sırf ədəbiyyat nəzəriyyəsinə həsr olunmuş jurnal çap olunmamışdı. Ədəbiyyatın tərifindən başlayaraq, onun mahiyyətini, qanunlarını, kateqoriyalarını, məqsəd və funksiyasının nə olduğunu, gerçəklə, cəmiyyətlə və insanla münasibətinin səciyyəsini, ədəbi dəyər məsələlərini, ədəbi əsərin ərsəyə gəlmə şərtlərini mövzu olaraq seçən və işləyən ədəbiyyat nəzəriyyəsinə dair müxtəlif səpgili məqalə və araşdırmaları özündə birləşdirən, bu prosesi ardıcıl və davamlı şəkildə aparmağı qarşısına məqsəd qoyan jurnal bu baxımdan ədəbi-nəzəri mətbuat tariximizdə mühüm hadisədir.

Nizami adına Ədəbiyyat İnstitutunun müraciəti əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 26 noyabr 2013-cü il tarixli, 3821 saylı şəhadətnaməsi ilə rəsmiləşdirilərək institut Elmi şurasının 4 dekabr 2013-cü il tarixli qərarı əsasında nəşr edilən, "Poetika.izm" jurnalının redaksiya heyətinə ölkəmizin görkəmli alimləri ilə yanaşı, beynəlxalq aləmdə, İtaliya, Yaponiya, Polşa, Latviya, Türkiyə, Bosniya kimi ölkələrin nüfuzlu elmi mərkəzlərində çalışan tanınmış mütəxəssislər də daxil edilmişdir. Jurnalın baş redaktor müavini f.e.d.,prof. Tahirə Məmməd, məsul katibi f.ü.f.d. Maral Yaqubovadır. Ədəbiyyat nəzəriyyəsi sahəsində öz dəst-xətti ilə tanınan mütəxəssislərlə bərabər, bu sahədə ümid verən gənclər də redaksiya heyəti şurasına daxil edilmişdir.

"Poetika.izm" jurnalında ədəbiyyat nəzəriyyəsinə dair məqalələrin ayrı-ayrı bölmələr üzrə çap edilməsi nəzərdə tutulur. Jurnalın ilk sayında redaksiya heyəti tərəfindən gizli rəyləşdirmə nəticəsində müsbət rəy almış məqalələr "Janr, struktur, forma", "İzm", "Ədəbi kontekst", "Tarixi poetika", "Ədəbi təhlil. Mətn poetikası", "Dünya ədəbiyyat nəzəriyyəsindən tərcümələr" və sair kimi daimi rubrikalar üzrə çap edilmişdir. Jurnalın baş redaktoru İsa Həbibbəylinin bələdçilik funksiyası daşıyan və ön söz kimi səciyyələnən "Ədəbiyyat nəzəriyyəsi yollarında" adlı irihəcmli məqaləsində vurğuladığı kimi, "Poetika.izm" jurnalında elmi diskussiyaya, sağlam polemikaya, dialoqa daim xüsusi diqqət yetiriləcək, çap olunan məqalələr ədəbiyyat nəzəriyyəsi elminin dərindən, sistemli şəkildə, yüksək nəzəri səviyyədə inkişaf etdirilməsinə geniş üfüqlər açacaqdır. Azərbaycanla yanaşı Rusiyadan olan alimlərin də məqalələri dərc olunmuş ilk sayda İngiltərə, Fransa kimi ölkələrin tanınmış mütəxəssislərinin yaradıcılığından tərcümələr də öz əksini tapmış, cari ildə Ədəbiyyat İnstitutunda keçirilmiş nəzəri təmayüllü konfranslar ("Fizika və lirika: dünya təcrübəsi və Azərbaycan reallıqları" (10-11 noyabr 2014-cü il) və "Ədəbiyyatda və sənətdə neft faktoru" (19 sentyabr 2014-cü il)) haqqında məlumatlar öz əksini tapmışdır. Müəlliflər qarşısında müasir dünya standartlarına uyğun tələblər qoyan jurnal çap olunacaq məqalə və tədqiqlərin elmi-nəzəri əhəmiyyətinə, yeniliyinə, aktuallığına xüsusi diqqət yetirir. Yeni elmi qənaət və nəticələri özündə ehtiva edən məqalələrin çapına xüsusi üstünlük verən jurnalın "Poetika.izm" adlandırılması təsadüfi deyil. Bu, ədəbiyyat nəzəriyyəsinin özülünü, məğzini təşkil edən poetika anlayışının mahiyyətinin elmi mühitdə, akademik səviyyədə bir daha təsdiqi baxımından uğurlu bir seçimdir. Müasir dövrdə belə, poetika ədəbiyyat nəzəriyyəsinin tərkib hissəsi, onun aparıcı istiqamətlərindən biridir. Jurnalın sərlövhəsinin ikinci hissəsi olan "İzm" isə ədəbiyyat nəzəriyyəsi tarxindəki müxtəlif konsepsiya, məktəb, cərəyan, istiqamət və modellərin varlığını təsbit etməklə yanaşı, bu istiqamətdə aparılacaq tədqiqatların jurnalın səhifələrində yer alacağına işarə etmək funksiyasını daşıyır. Ədəbiyyatın ümumi nəzəri məsələlərinin, klassik Azərbaycan və Şərq ədəbiyyatlarının nəzəri problemlərinin, bədii tərəqqinin inkişaf qanunauyğunluqlarının kompleks tədqiqi, ədəbi bədii düşüncənin metodologiyasının araşdırılması, Azərbaycan ədəbiyyatının tarixi poetikasının tədqiqi, bədii obrazlarının, janr və bədii ifadə vasitələrinin təkamülünün araşdırılması sahəsində "Poetika.izm" jurnalının əhəmiyyəti, aktuallığı və elmi yeniliyi elə ilk saydan bəllidir. "Poetika.izm" jurnalının çapı müstəqillik dövrü yeni tipli, akademik səviyyədə Azərbaycan ədəbiyyat nəzəriyyəsinin yaradılmasına ehtiyac duyulduğu bir dövrün uğurlu hadisəsidir.

R.HÜSEYNOVA

Digər xəbərlər