"Prezident İlham Əliyev tərəfindən növbəti dəfə imzalanan əfv sərəncamını çox yüksək bir addım kimi qiymətləndirirəm". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadə Prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamına münasibət bildirərkən deyib.YAP rəsmisinin sözlərinə görə, bu gün cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev siyasətinə söykənərək humanist siyasətini çox uğurla davam etdirir: "Əgər siz fikir versəniz görərsiniz ki, son illər əfv sərəncamları, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Milli Məclisində müzakirə olunan amnistiya aktları kifayət qədər Azərbaycan cəmiyyəti tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılanır. Ötən gün dövlət başçısı tərəfindən imzalanan əfv sərəncamı da humanist siyasətin ən yüksək göstəricisidir. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində belə bir addımın atılması xeyli sayda ailəyə sevinc bəxş etdi. Hesab edirəm ki, günahkar insanların bayram ərəfəsində əfv olunması sadəcə olaraq alqışa layiq bir addımdır. Mən bunu birmənalı olaraq çox yüksək qiymətləndirirəm. Ümumilikdə ölkə başçısı Azərbaycanda bu siyasəti uğurla davam etdirir. Bütövlükdə bu, cəmiyyətin sağlamlaşmasına, saflaşmasına və Azərbaycan dövlətinin humanizm prinsiplərini yüksək qiymətləndirməsinin bir göstəricisidir".
sia.az