İlham Əliyev: "Müstəqil Azərbaycanımızın güclənməsinə birgə əməli fəaliyyətimizlə yeni töhfələr verməliyik"
31 dekabr - bu gün Azərbaycan xalqının tarixində ən yaddaqalan, ən şərəfli günlərdən biri - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür! Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ - İran sərhədinin) dağıdılması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüşü - Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı-bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.
Azərbaycan millətinin birlik şüarının simvolik günü
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü- Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. İndi həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.
Ümummilli Lider 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününun dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".
Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının qarşısında duran vəzifələri dəqiq və aydın müəyyənləşdirirdi: onlar ilk növbədə öz milli kimliklərini dərk və hifz etməli, Azərbaycanın dilini, mədəniyyətini, mütərəqqi adət-ənənələrini, tarixini yaşatmalı, inkişaf etdirməlidirlər. Dünyada yaşayan soydaşlarımız, eyni zamanda, ana Vətənlə əlaqələrini möhkəmləndirməli, Azərbaycan dövlətinin, cəmiyyətinin problemləri ilə yaşamalı, onların həlli üçün mənəvi məsuliyyət daşımalı, Azərbaycanın ən böyük problemi olan Ermənistanın təcavüzü məsələsinin dünyada ədalətli mövqedən, obyektiv təbliği istiqamətində ardıcıl işlər görməlidirlər. Azərbaycan hökuməti də Vətənimizin get-gedə artan maddi və mənəvi potensialından, siyasi nüfuzundan bütün dünya azərbaycanlılarının bəhrələnməsinə şərait yaratmalı, onların milli və vətəndaş hüquqlarının qorunması üçün istifadə etməlidir. Bu vəzifələrin uğurla icrasını təmin etmək üçün Ulu Öndər ilk növbədə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (sonradan Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması haqqında Fərman verdi, 2001-ci ilin noyabrında isə Dünya Azərbaycanlılarının birinci qurultayını keçirdi. Bu tədbir xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması, ümummilli ideyalar ətrafında birləşməsi və təcavüzkar düşmənə qarşı mübarizəsinin təşkili baxımından böyük hadisə idi. Məhz bundan sonra dünya ölkələrində saxtakar erməni təbliğatına ilk sarsıdıcı zərbələr endirilməyə başlandı.
Diasporada yeni mərhələ - Prezident İlham Əliyev siyasəti
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan diasporu ilə bağlı ideyalarının həyata keçirilməsi Prezident İlham Əliyevin də başlıca qayğılarından birinə çevrilib. Dekabrın 24-də Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə soydaşlarımızı təbrik edib: "Hər il böyük sevinclə qeyd etdiyimiz 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Sizi ürəkdən salamlayır, hamınıza xoşbəxtlik, sülh və əmin-amanlıq arzulayıram!
Dünyada yaşayan soydaşlarımızın Vətənə və azərbaycançılıq məfkurəsinə sədaqətini, xalqımızın öz keçmişinə və milli-mənəvi dəyərlərinə ehtiramını əks etdirən bu bayram tarixi yaddaşımızın mühüm tərkib hissəsinə çevrilmişdir. Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində milli birlik və həmrəylik ideyaları daha dolğun məzmun kəsb edərək, real fəaliyyət sahəsi kimi dövlət siyasəti səviyyəsinə yüksəlmişdir. "Güclü dövlət - güclü diaspor" prinsipini rəhbər tutan həmin siyasətin əsas qayəsi xarici ölkələrdə yaşayan soydaşlarımızın tarixi Vətənlə bağlılığını möhkəmləndirmək, mütəşəkkilliyini artırmaq, diaspor qurumlarının imkanlarından həmvətənlərimizin hüquqlarının və milli dövlət maraqlarının qorunmasında daha səmərəli istifadə etməkdən ibarətdir".
Prezident onu da qeyd edib ki, diaspor quruculuğu sahəsində aparılan işlərin öz bəhrəsini verməsi sevindirici haldır. Onun sözlərinə görə, xaricdəki həmvətənlərimiz məskunlaşdıqları ölkələrin cəmiyyətlərində mövqelərini genişləndirir, Azərbaycanın dünyada tanıdılmasına, zəngin mədəniyyətimizin təbliğinə, bəzi qüvvələrin dövlətimiz və xalqımızın əleyhinə yönəlmiş məkrli planlarına qarşı təsirli tədbirlər görürlər. Diaspor təşkilatlarımız bundan sonra da səylərini artırmalı, Azərbaycanın müvafiq dövlət qurumları və xarici ölkələrdəki diplomatik nümayəndəlikləri ilə əməkdaşlıq şəraitində daha məqsədyönlü və çevik fəaliyyət göstərməlidirlər: "Bu gün hər bir həmvətənimiz Azərbaycan Respublikası ilə fəxr etməkdə haqlıdır. Biz keçən illər ərzində iqtisadiyyatımızı sürətlə inkişaf etdirməyə, əhalinin rifah halını yüksəltməyə, yoxsulluq və işsizlik kimi sosial bəlaların səviyyəsini minimuma endirməyə nail olmuşuq. Enerji resurslarından əldə edilən gəlirlər iqtisadiyyatın şaxələndirilməsinə, insan kapitalının və demokratik institutların inkişafına yönəldilmişdir. Ölkədə nəhəng nəqliyyat və sosial infrastruktur layihələri icra edilmiş, elm, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafı üçün müasir və güclü maddi-texniki baza yaradılıb.
Sivilizasiyalararası dialoq və humanitar əməkdaşlıq istiqamətində irəli sürülən təşəbbüslər, yüksək səviyyədə keçirilən beynəlxalq forumlar ölkəmizi multikulturalizm və tolerantlığın mərkəzi kimi tanıdıb. Azərbaycan müstəqil dövlət kimi dünyanın siyasi, iqtisadi və humanitar həyatında fəal rol oynayır. 2014-cü ildə Avropa Şurası Nazirlər Komitəsinə Sədrliyi dövründə ölkəmiz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Cari ildə "XXI əsrin müqaviləsi" adlandırılan layihənin icrası istiqamətində mühüm addım atılmışdır. "Cənub qaz dəhlizi"nin təməlinin qoyulması ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyi sistemində öz mövqelərini daha da möhkəmləndirmək və beynəlxalq aləmə inteqrasiyanı dərinləşdirmək üçün yeni imkanlar qazanıb".
Dövlət başçısı gələn ilin yayında paytaxtımız birinci Avropa Oyunlarına ev sahibliyi edəcəyini də xatırladıb: "Biz bu böyük idman bayramına ciddi hazırlaşır, ölkəmizə bəslənilən inam və etimadı doğrultmaq üçün əzmlə çalışırıq. Müstəqillik dövrünün qısa tarixi dövlətimizin strateji xəttinə alternativin olmadığını, azərbaycançılıq ideologiyasına söykənən siyasətin düzgünlüyünü sübut edir. Əminəm ki, dünya azərbaycanlılarının həmrəyliyi bundan sonra da xalqımızın qarşısında dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, torpaqlarımızı tezliklə Ermənistanın işğalından azad etməyə, sürətlə dəyişən, ziddiyyətli dünyanın çağırışlarına adekvat cavab verməyə kömək edəcək. Bunun üçün biz sıralarımızı daha da möhkəmləndirməli, əcdadlarımızdan miras qalmış çoxəsrlik mədəniyyətimizi inkişaf etdirməli və hamımızın pənah yeri olan müstəqil Azərbaycanımızın güclənməsinə birgə əməli fəaliyyətimizlə yeni töhfələr verməliyik".
R.HÜSEYNOVA