PDF Oxu

Siyasət

  • 6

Politoloq: “Ermənistandan konstruktiv addım gözləməyə dəyməz”

Politoloq: “Ermənistandan konstruktiv addım gözləməyə dəyməz”

"Artıq xeyli müddətdir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı "Böyük Sülh Sazişi"nin hazırlanması məsələsi aktuallaşıb". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov deyib.Onun sözlərinə görə, ötən ilin avqust ayının 10-da Rusiya prezidenti Vladimir Putinin, ardınca NATO-nun Uels sammitində ABŞ Dövlət Katibi Con Kerrinin, oktyabrın 27-də Parisdə Fransa prezidenti Fransua Ollandın təşkil etdiyi Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlarında "Böyük Sülh Sazişi" ilə bağlı məsələ xüsusi diqqət mərkəzində saxlanılıb: "Xüsusilə Paris danışıqlarında Fransa prezidenti Fransua Olland bu məsələ üzərində dayandı və onun vacibliyini qeyd etdi. Amma, hadisələrin sonrakı gedişi onu göstərdi ki, Ermənistan tərəfi sanki ATƏT-in Minsk qrupu həmsədrlərinin bu bəyanatlara uyğun əməli addımlar atmayacaqlarının fərqindədir. Yəni, Ermənistan tərəfi dəfələrlə şahidi olub ki, sülh danışıqlarını pozduğuna və ya sülh danışıqlarını pozmaqla bağlı müxtəlif təxribatlara əl atdığına görə cəzaya məruz qalmayıb. Buna görə, Ermənistana münasibətdə heç bir təzyiq və təsir mexanizmləri işə salınmayıb. Yəni, Ermənistanla beynəlxalq münasibətlər sisteminin "ərköyün uşağı" kimi davranılıb. Ona görə də işğalçının hərəkətlərində daha uzağa getmək, beynəlxalq hüququ qulaq ardına vurmaq, ayaq altına atmaq tendensiyası daha da yüksəlib. Hesab edirəm ki, Ermənistan tərəfi bütün bunlardan nəticə çıxarıb və belə qənaətə gəlib ki, "Böyük Sülh Sazişi"nin tərtibi ilə bağlı danışıqlar getsə də, bundan öncə, 2007-ci ildə Madrid Prinsiplərini, 2009-cu ildə Yenilənmiş Madrid Prinsiplərini qulaq ardına alanda hansı cəzaya məruz qaldım ki, bundan sonra Ermənistana hər hansı bir cəza, təzyiq mexanizmləri olsun. Beləliklə, münaqişənin həllinə cavabdeh olanlar, beynəlxalq hüququn keşiyində duran tərəflər sözdə başqa bir şey, əməldə isə fərqli addım atdıqlarından Ermənistan qarşı heç bir təzyiq mexanizmləri yaratmadıqlarından işğalçı ölkədə münaqişəyə qeyd etdiyim yanaşma tərzi formalaşıb. Ona görə də aqressiv hərəkətlərini davam etdirir. Hesab edirəm ki, danışıqlar prosesinin dalana dirənməsi və nəticəsizliyinə görə, ilk növbədə məsuliyyət Ermənistanın, eyni zamanda ona havadarlıq edən dövlətlərin, ATƏT-in Minsk qrupu həmsədrlərinin və bütövlükdə beynəlxalq ictimaiyyətin üzərinə düşür. Çünki, onlar işğalçılığa qarşı ən yaxşı halda kənardan müşahidəçi statusunda prosesləri izləyirlər. Bu isə 2014-cü ili münaqişənin həlli prosesində uğursuz il kimi tarixin yaddaşına yazdı".E. Nəsirov qeyd edib ki, 2015-ci ildə Ermənistandan münaqişənin həlli ilə bağlı pozitiv nə isə gözləmək çox müşkül məsələdir: "Çünki, 2015-ci ildə Ermənistan qondarma "erməni soyqırımı"nın yüz illiyinə hazırlaşır və hesab edirəm ki, bu il münaqişənin həlli reallıqları baxımından uğurlu il hesab oluna bilməz. Ona görə də Ermənistandan heç bir konstruktiv addım gözləməyə dəyməz. Ancaq, bu vəziyyətdən yeganə çıxış yolumuz ölkə başçısı İlham Əliyevin də bildirdiyi kimi yalnız güclənməkdən keçir. Yalnız bu yolla biz Ermənistanı sülhə gətirə bilərik. Bu halda beynəlxalq hüquq, beynəlxalq təşkilatlar bizi müdafiə edəcək".

sia.az

Digər xəbərlər