Ölkəmizdə fəaliyyət müxalifət partiyalarının bundan sonrakı siyasi fəaliyyətləri haqqında danışmaq nə qədər çətin olsa da, bir o qədər də asandır. Çünki uzun illərdir ki, eyni profil üzrə, eyni şüar və bəyanatlarla siyasi səhnədə yalnız uğursuzluqlarla yaddaşlarda qalan bu qurumların bundan sonra gündəmdə yeni bir imic yaradacaqları qətiyyən real görünmür. 2014-cü ili də primitiv metodlarla yola verən AXCP və Müsavat partiyalarının növbəti ildə də eyni simada çıxış edəcəkləri heç kimdə şübhə doğurmur. Bəs 2015-ci il üçün radikal müxalifət nə planlaşdırır? Heç nə. Bəs nə üçün?
Ona görə ki, bu vaxta qədər radikal müxalifət partiylarının heç birinin vahid konsepsiyası, cəmiyyətə fayda verə biləcək möhkəm bir ideologiyası və fəaliyyət proqramı olmayıb. Onlar həmişə kortəbi, zorakı üsullarla, ağılsız və məntiqsiz şəkildə fəaliyyət göstəriblər. 2015-ci ilin əhəmiyyəti böyük olacaq. Təbii ki, xalqımızı üçün. Ancaq müxalifət üçün növbəti məğlubiyyət ili olacaq. Çünki 2015-ci ildə ölkəmizdə parlament seçkiləri keçiriləcək, ancaq radikal müxalifət xalqın etimadından kənarda qalacaq.
Kiçik bir fakta diqqət yetirək. Müsavat başqanının müavini Gülağa Aslanlı deyir ki, Müsavat 2015-ci ilin yaz aylarına kütləvi aksiyalar planlaşdırır. Göründüyü kimi, normal siyasi mübarizə metodu seçmək əvəzinə bu partiya zorakı və primitiv üsullarla işləməyi qarşısına məqsəd qoymuşdur. Eləcə də, AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının "Hər nə yolla olur-olsun, mübarizəmizi davam etdirəcəyik" deməsi, əslində bu qurumun da mahiyyətinin göstəricisidir. Onsuz da AXCP hər üsuldan istifadə edərək, bu vaxta kimi Azərbaycan dövlətçiliyinin əleyhinə faəliyyət göstərib.
Ancaq görünən budur ki, 2000-ci ildə AXCP-nin yaşadığı taleyi bu gün Müsavat partiyası yaşayır. Necə ki, Elçibəyin ölümündən sonra AXCP bir neçə hissəyə bölündü, Müsavat da yeni başqan seçkilərindən sonra özünün tənəzzül dövrünü yaşayır. Heç şübhəsiz ki, 2015-ci il Müsavat partiyasının da müxtəlif hissələrə böülnməsini səciyyələndirən il kimi yadda qalacaqdır.
Samir