PDF Oxu

Siyasət

  • 11

Gələcəyə aparan uğurlu yollar - son 11 ilin göstəriciləri

Gələcəyə aparan uğurlu yollar - son 11 ilin göstəriciləri

İlham Əliyev: "Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil"

Sürətli və dinamik inkişaf yolunda olan Azərbaycan hazırda regionun qüdrətli dövlətlərindən birinə çevrilib. Dünya birliyi tərəfindən yüksək reytinqlə qəbul edilən ölkəmizin siyasi, sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurların təməlində Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan xarici və daxili siyasət dayanır.

Bu gün isə Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasını uğurlu şəkildə davam etdirən Prezident İlham Əliyev ölkə başçısı seçildikdən sonra bütün sahələrlə yanaşı, nəqliyyat-yol kompleksində, eləcə də yol təsərrüfatında sistemli və kompleks tədbirlərin həyata keçirilməsi dinamik xarakter alıb.

Müasirləşən infrastruktur

Xüsusilə də son illərdə həyata keçirilən məqsədyönlü tədbirlər infrastrukturun müasirləşdirilməsinə səbəb olub. Bu sahənin hərtərəfli inkişafı üçün çox böyük işlər görülüb və hazırda da uğurla davam etdirilir. Ölkə başçısı aparılan işlərə xüsusi əhəmiyyət verərək, mütəmadi olaraq həyata keçirilən işlərin gedişatı ilə maraqlanıb, açılış mərasimlərində şəxsən iştirak edib.

Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artıb. Son illərin göstəricilərinə nəzər saldıqda statistik rəqəmlər də son 11 ildə müsbət dəyişikliklər baş verdiyini bir daha təsdiqləyir.

Ölkənin ümumi istifadədə olan avtomobil yollarının uzunluğu 2003-cü ildə 18754 km təşkil edirdisə, 2008-ci ildə bu göstərici 18902, 2013-cü ildə isə 19000 km-ə çatdırılıb ki, bunun da 17529 km-i Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin balansındadır.

Son 11 il ərzində avtomobil yollarının tikintisində və təmirində istifadə olunan 3014 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitələri, yol-tikinti maşınları, avadanlıq və qurğular alınıb, ümumi gücü saatda 2240 tondan çox olan 33 ədəd asfalt beton zavodu istifadəyə verilib. 2003-2013-cü illər ərzində respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 8332 km olub.

Bütün bunlarla yanaşı, gündən-günə müasirləşən, dünyanın ən gözəl şəhərinə çevrilən paytaxt Bakı şəhərinində nəqliyyat intensivliyinin artması vaxtilə küçə və yollarda kəskin tıxacların yaranmasına gətirib çıxarırdı. Həlli vacib olan digər məsələlərlə yanaşı, nəqliyyat sisteminin fəaliyyətinə təsir edən bu problem də ölkə Prezidenti İlham Əliyevin diqqətindən yayınmadı və bu sahədə kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə geniş proqramın hazırlanması tapşırığını verdi. Beləliklə dövlət başçısının Bakı şəhərində nəqliyyat sisteminin təkmiklləşdirilməsi üzrə 2006-2007-ci və 2008-2013-cü illər üzrə Tədbirlər Planının təsdiq edilməsi haqqında sərəncamları qısa müddətdə paytaxtda irimiqyaslı layihələrin həyata keçirilməsi ilə müşayiət olundu. Nəqliyyatın intensiv olduğu ərazilərdə yol qovşaqlarının və piyada keçidlərinin tikintisi, nəhayət, öz nəticəsini verdi. 2006-cı ilin dekabr ayının 22-də Tbilisi prospekti ilə Salamzadə küçəsinin kəsişməsində, onun ardınca Ziya Bünyadov-Atatürk prospektlərinin kəsişmısində inşa olunan yol ötürücüləri ölkə başçısının iştirakı ilə istifadəyə verildi. Açılış mərasimində iştirak edən ölkə başçısı yol ötürücülərinin müasir standartlara cavab verdiyini vurğuladı.

Son bir neçə il ərzində paytaxt Bakı şəhərində mövcud 10 piyada keçidi əsaslı təmir olunub, 60-a yaxın yeni yeraltı və yerüstü piyada keçidi inşa edilərək, şəhər sakinlərinin istifadəsinə verilib.

Regionların inkişafı tərəqqinin ali prinsipidir

Təsadüfi deyil ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları təsdiq olunarkən qarşıya qoyulan başlıca vəzifələrdən biri yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması olub. Ölkə başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafı proqramının uğurla yerinə yetirilməsində ilk növbədə müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini belə vurğulayıb: "Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil". Bunun nəticəsidir ki, "Azərbaycan Respublikası regionlarının 2004-2008 və 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası nəticəsində yol qurgularının, eləcə də ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı layihələr həyata keçirilib və bu növbəti üçüncü Dövlət Proqramında da davam etdiriləcək.

Onu da qeyd edək ki, ölkə Prezidenti bölgələrə hər səfərləri zamanı respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, hətta ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi ilə bağlı konkret tapşırıqlarını verir. Yerinə yetirilən konkret tədbirlərin fonunda Biləsuvar-İran sərhədi, Lənkaran-Lerik, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Quba-İspik-Xınalıq, Şamaxı-Pirqulu, Tovuz-Əlibəyli, Şəmkir-Gədəbəy, İsmayıllı-Qəbələ, Xaldan-Mingəçevir, Ağdaş-Ləki, Quba-Qəçrəş-Qımılqazma, Qusar-Əniğ-Ləzə, Qazaxbəyli-Aşağı Salahlı, Qəbələ-Ağdaş, Oğuz-Qəbələ, Quba-Qusar, Şəki-Qax, Agstafa-Poylu-Gürcüstan sərhədi, Yevlax-Xocalı-Laçın yolunun Yevlaxdan Bərdəyədək olan hissəsinin və digər avtomobil yollarının yenidən qurulması dövlət proqramlarının uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir.

Xüsusi olaraq Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə əlaqədar nəzərdə tutulan işlərin sürətlə aparılmasına, uğurlu nəticələrin əldə edilməsinə artıq uzun müddətdir ki, start verilib. Belə ki, şəhərin nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə yanaşı, yarış günlərində maneəsiz və fasiləsiz hərəkəti təmin etmək üçün Nəqliyyat Nazirliyi tərəfindən nəqliyyat-yol kompleksi üzrə tədbirlər planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq mövcud avtomobil yollarının təmiri, yeni avtomobil yollarının, yol qovşaqlarının, piyada keçidlərinin tikintisi üzrə yol təsərrüfatı işçilərini konkret vəzifələr gözləyir. Nəzərdə tutulan işlərin vaxtında yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün artıq bütün imkanlar səfərbər edilib.

Bir sözlə, bütün bunlar onu göstərir ki, zəngin potensiala mailk olan Azərbaycanda yol infrastrukturunun inkişafı ölkənin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan uğurların sırasında bu sahənin inkişafı önəmli yer tutur. "Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradılacaq" deyən ölkə başçısı İlham Əliyevin diqqətinin nümunəsi olaraq növbəti ildə də sözügedən proses reallaşdırılacaqdır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər