"Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbəri Ramiz Mehdiyevin "20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı" haqqında sərəncamı həmin anım mərasiminin dövlət səviyyəsində həyata keçirilməsi üçün bir plandır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.YAP rəsmisinin sözlərinə görə, sözügedən sərəncam 20 Yanvar şəhidlərinə olan diqqətin, qayğının və eyni zamanda ehtiramın təzahürüdür: "20 Yanvar şəhidləri bizim şanlı tariximizdir. Onlar Azərbaycanın azadlığı və suverenliyi uğrunda öz canlarından keçməyi bacaran dəyərli oğlanlarımız və qızlarımızdır. Beləcə, şəhidlərimizin xatirəsi zaman-zaman xatırlanacaq. Bu isə bir daha həm indiki, həm də gələcək nəsillər üçün bir örnəkdir ki, onlar yaddan çıxmır. Bu bizim qan yaddaşımız və fəxrimizdir. Hətta mən 20 Yanvarı faciə kimi deyil, əksinə azadlıq torpağımızın, dövlətimizin və suverenliyimiz uğrunda mübarizənin şanlı tarixi kimi dəyərləndirərdim".Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə "20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı" təsdiq edilib.Sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı toplantı, konfrans və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədi ilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və diaspor qurumları tərəfindən müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub".
sia.az