"Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Ermənistan dövlətinin fərqli mövqeyi var". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli bildirib.Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çərçivə sazişinin imzalanması ötən il Fransada keçirilən danışıqlar zamanı da müzakirə olunub: "Paris görüşündə Fransa Prezidenti Fransua Olland bildirdi ki, artıq yekun sülh sazişinin imzalanması ilə bağlı sənədin tətbiqinin vaxtı gəlib çatıb. Lakin Ermənistan hakimiyyəti status kvonun saxlanılmasına çalışır və qeyd edirlər ki, yekun sülh sazişinin imzalanması hazırki dövrün məsələsi deyil. Ümumiyyətlə qarşı tərəf hər zaman çalışıb ki, məsələ ərazi bütövlüyü çərçivəsində deyil, xalqların öz müqəddəratını təyin etmək prinsipləri əsasında həll olunsun. Yəni ermənilər üçün böyük sülh sazişi çərçivə sənədi deyil. Bu səbəbdən də keçirilən bütün danışıqlar heç bir nəticə vermir. 2015-ci ildə Erməsintan tərəfindən münaqişənin həlli ilə bağlı hər hansısa pozitif addım gözləmək sadəlövhlük olar. Çünki 2015-ci ildə ermənilər qondarma "erməni soyqırımı"nı 100 illiyini keçirməyi planlaşdırırlar. Bu cür vəziyyətdə ATƏT-in Minsk qrupunun Amerika Birləşmiş Ştatlarından olan həmsədri Ceyms Uorlikin 2015-ci il münaqişənin həlli ili olacaq fikrinin heç bir əsası yoxdur. Ceyms Uorlik bu iddiaları səsləndirməklə böyük optimistlik və nikbinlik nümayiş etdirib ancaq məsələnin məsuliyyətini tam şəkildə dərk etməyib".
sia.az