Azərbaycan manatı MDB və Şərqi Avropa məkanında ən sabit valyuta olaraq qalır
Prezident İlham Əliyev: "Dünyada neftin qiymətinin düşməsi ilə əlaqədar müəyyən gərginliklər yaşanır, o cümlədən bizim bölgəmizdə. Azərbaycan isə sabitlik adasıdır, nümunəvi ölkədir"
Məlum olduğu kimi, bu gün müxtəlif geosiyasi oyunların nəticəsi kimi dünyada neftin qiyməti aşağı düşür. Əlbəttə ki, bu faktor da öz növbəsində ayrı-ayrı istisadi proseslərə yol açır. Xüsusilə də, karbohidrogen ehtiyatların qiymətinin azalması ssenarisinə əvvəlcədən hazırlıq görməyən neft hasilatı ilə məşğul olan ölkələr bu prosesdə zərər görmüş olurlar. Bu da özünü həm həmin ölkələrin maliyyə vəziyyətində, həm də iqtisadi-sosial layihələrin dayandırılmasında göstərmiş olur. Təbii ki, Azərbaycan da neft hasilatçısı olan ölkədir. Amma sual oluna bilər ki, nə üçün 2008-ci ildən başlanmış qlobal maliyyə-iqtisadi böhrandan zərərsiz çıxan Azərbaycan bu dəfə də neftin qiymətinin aşağı düşməsinin mənfi təsirlərilə qarşılaşmır? Cavab çox sadədir. 1994-cü ildən Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyasının və onunla paralel həyata keçirilən sosial-iqtisadi inkişaf doktrinasının Prezident İlham Əliyevin uğurla şaxələndirməsi Azərbaycan dövlətində qlobal iqtisadi kataklizmlərə qarşı immunitet formalaşdırıb. Elə bunun nəticəsidir ki, bu gün dünya mətbuatı Azərbaycan iqtisadiyyatının və valyutasının dayanıqlığından yazır. Belarusun "Delovaya qazeta" saytında yerləşdirilmiş "MDB və Şərqi Avropa ölkələrinin valyuta məzənnələrinin dinamikası (infoqrafika və proqnoz)" adlı məqalədə göstərilir ki, Azərbaycan manatı MDB və Şərqi Avropa məkanında ən sabit valyuta olaraq qalır.O da bəllidir ki, dekabr ayında Belarus rublu 2013-cü ilin payızından bəri ilk dəfə, IV rübdə və II yarımillikdə MDB və Şərqi Avropa ölkələrinin valyutaları arasında devalvasiya üzrə lider olub. Bütövlükdə 2014-cü ildə ən çox ucuzlaşan Ukrayna qrivnasıdır. Azərbaycan manatı isə bu məkanda ən sabit valyuta olaraq qalır. Həmçinin, dünya bazarlarında Amerika dollarının mövqeyinin möhkəmlənməsi davam edir. ABŞ dollarının altı əsas valyuta - avro, yapon iyenası, funt sterlinq, Kanada dolları, İsveç kronu və İsveçrə frankından ibarət valyuta səbətinə nisbətini göstərən USDX indeksinin qiyməti dekabrın axırlarında 90 bənd olub. Bu indeksin tarixi minimumu (70 bənd) 2008-ci ilin martında, onun tarixi maksimumu isə (148 bənd) 1985-ci ilin əvvəlində qeydə alınıb. Təbii ki, Avropa qitəsinin bütün valyutaları, o cümlədən avro özü də il ərzində bahalaşmaqda olan dollarla müqayisədə zəifləyib. 2014-cü il ərzində öz valyutasının Amerika dollarına nisbətdə devalvasiyasına imkan verməmiş yeganə ölkə Azərbaycandır. Manatın dollara nisbəti hətta 0,01 faiz artıb.Bu məqamda bir daha qeyd olunmalıdır ki, Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən uğurlu strategiya nəticəsində son 10 ildə Azərbaycan dünyada bənzəri olmayan iqtisadi inkişafa nail olub, beynəlxalq arenada nəinki siyasi müstəqilliyini qoruyub saxlayıb. Bütün bu nailiyyətlər təkrarən qeyd edilməlidir ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir.Təsadüfi deyil ki, Azərbaycanın iqtisadi inkişafı üçün son 10 il ərzində 174 Dövlət Proqramı təsdiq edilib, onlardan 104-ü tam icra olunub, digərləri icra olunmaqdadır. Ölkənin iqtisadi inkişafının dayanıqlılığının təmin olunmasında, dünya iqtisadiyyatında cərəyan edən böhran meyillərinin mənfi təsirinin qarşısının alınmasında Prezident İlham Əliyevin elə ilk günlərdən bəyan etdiyi və uğurla həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi siyasəti həlledici rola malik olub. Belə ki, əgər əvvəlki illərdə ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 37 faiz təşkil edirdisə, bu gün artıq bu sektorun payı 59 faizə çatıb. Hazırda iqtisadiyyatın strukturundakı bu müsbət dinamika davam edir, sənaye, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, turizm və digər sahələr inkişaf edir.Son 10 ildə müasir texnologiyalara əsaslanan yüzlərlə müəssisə fəaliyyətə başlayıb, qeyri-neft sənayesi 2,2 dəfə artıb, sənayenin ÜDM-də xüsusi çəkisi 48 faizə çatıb.Azərbaycanın davamlı inkişafının təmin edilməsində ölkə başçısının müəllifi olduğu regional inkişaf strategiyası müstəsna əhəmiyyətə malikdir. Bu gün, hətta ən ucqar yaşayış məntəqələrinin belə elektrik enerjisi, qaz, içməli su ilə təmin olunması ilə bağlı işlər görülür, rahat yollar, müasir sosial obyektlər istifadəyə verilir. 10 il ərzində 3000-ə yaxın məktəb, 500-dən artıq səhiyyə müəssisəsi, 700-dən artıq mədəniyyət obyekti tikilib, 40-dan artıq olimpiya idman kompleksi istismara verilib. Regionlarda sahibkarlığın inkişafı nəticəsində minlərlə müəssisə fəaliyyətə başlayıb, 1 milyondan artıq yeni iş yeri açılıb.Son 10 il ərzində Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, əsas agentliklər - "Fitch Ratings", "Standart & Poor's" və "Moody's" hətta böhran illərində Azərbaycanın suveren reytinqini yüksəldərək investisiya reytinqi veriblər. "Dünya rəqabət qabiliyyətliliyi 2014-2015" hesabatında Azərbaycan 144 ölkə arasında 38-ci olmuşdur və artıq 6 ildir ki, MDB ölkələri arasında 1-cidir. Bununla yanaşı, Azərbaycan adambaşına düşən ümumi milli gəlirin həcminə görə "aşağı orta gəlirli ölkələr" qrupundan "yuxarı orta gəlirli ölkələr" qrupuna, İnsan İnkişafı hesabatında "orta insan inkişafı ölkələri" qrupundan "yüksək insan inkişafı ölkələri" qrupuna yüksəlib. Ancaq Azərbaycan əldə etdiyi nailiyyətlərlə kifayətlənmir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası"nda çox iddialı, ancaq eyni zamanda, real hədəflər müəyyənləşdirilib. Konsepsiyada qeyd olunmuş tədbirlərin icrası nəticəsində 2020-ci ilədək qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-in iki dəfə artırılması, adambaşına düşən Ümumi Milli Gəlir təsnifatında ölkəmizin "yuxarı orta gəlirli ölkələr", BMT-nin İnsan İnkişafı təsnifatına əsasən "yüksək insan inkişafı" qrupunda üst sıralara yüksəlməsi nəzərdə tutulur.
Bütün bunlar bir daha sübut edir ki, Prezident İlham Əliyev ümumbəşəri dəyərlərə əsaslanan özünəməxsus inkişaf kursu ilə, demokratikləşmə, davamlı və dayanıqlı iqtisadi inkişaf yolu ilə, dövlətçiliyin daha da möhkəmləndirilməsinə və əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş siyasəti ilə Azərbaycanı qarşıya qoyulmuş hədəfə - dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirmək məqsədinə doğru inam və böyük uğurla aparır. Bu yolda Azərbaycana heç bir qüvvə mane ola bilməz. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edərkən söylədiyi kimi, dünyada neftin qiymətinin düşməsi ilə əlaqədar müəyyən gərginliklər yaşanır, o cümlədən bizim bölgəmizdə. Azərbaycan isə sabitlik adasıdır, nümunəvi ölkədir. Ölkəmizdə istər siyasi, istər iqtisadi sabitlik təmin edilir və ediləcək. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayacaq və ildən-ilə xalqımızın rifah halı yaxşılaşacaq.
"Səs" Analitik Qrupu