Azərbaycan bu gün dünyada ən sürətlə inkişaf edən, iqtisadi sahədə dünyada ən böyük nailiyyətləri əldə edən ölkədir. Dünyada söz sahibinə çevrilən Azərbaycan etibarlı tərəfdaş kimi də dünyada özünü təsdiq edib. Bu uğurlara ölkəmizin ictimai-siyasi vəziyyətinin sabitliyi, dövlət siyasətinin məntiqi olaraq nail olunub.
Müasir dövrümüzdə Azərbaycan dini tolerantlığın ünvanı olaraq da dünyada tanınır. Ölkəmizdə son 11 il ərzində 250-yə yaxın məscidin tikilib, təmir edilməsi dini kökə bağlılığın, adət-ənənələrə sadiqliyin nümunəsidir. Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı məscidi və onlarla belə dini məbədlər təmir-bərpa işlərindən sonra insanların istifadəsinə verilib. Təbii ki, Azərbaycanda yaşayan hər bir xalqın dini adət-ənələrinə də dövlət tərəfindən belə böyük diqqət göstərilir, həssalıqla yanaşılır. Başqa dinlərin məbədlərinin rus pravoslav, katolik, alban kilsələrinin tikintisi də buna əyani misaldır. Bu reallıqlar Azərbaycan Prezidenti Cənab İlham Əliyevin vurğuladığı kimi, bizim üçün normal həyat tərzidir, cəmiyyətin normal yaşamasıdır:"Azərbaycanda bütün xalqların, bütün konfessiyaların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar və yaşayacaqlar. Heç vaxt ölkəmizdə dini zəmində heç bir qarşıdurma olmamışdır və olmayacaqdır. Hətta heç bir anlaşılmazlıq da olmamalıdır və yoxdur. Biz bu yolla gedirik və dünyaya bu yolu göstəririk". Bəli, bu, dövlət siyasətidir. Bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri mehribanlıq şəraitində yaşayır və hüquqları tam təmin edilir.
Azərbaycan mövcud olan mənzərəni görən xarici nümayəndələr, qonaqlar beynəlxalq aləmdə dinlərarası dialoqun möhkəmləndirilməsinə dəyərli töhfələrini verən ölkəmizin dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrildiyini etiraf edirlər. Bu səmimi etiraflar Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin, mədəniyyətlərarası dialoqun, humanitar forumun, dünya dinlərinin liderlərinin zirvə görüşlərinin təsirindən qaynaqlanır.
Bu günlərdə ABŞ Konqresinin "Roll Call" qəzetində "Dini tolerantlıq: təhlükəli dövrdə işləyə bilən modelin tapılması" başlıqlı məqalədə də məhz Azərbaycanın tarixi tolerantlıq ənənələrindən, hazırda ölkəmizdə müxtəlif dinlərin dinc şəraitdə birgə mövcudluğu üçün yaradılmış şəraitin bütün dünya dövlətləri üçün nümunə ola biləcəyindən bəhs edilir. Məqalənin müəllifi Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev göstərir ki, son illərdə Yaxın Şərqdə baş verən hadisələr fonunda islam, xristian və yəhudi dinləri arasında münasibətlərin gələcəyinə dair bədbinlik hədsiz dərəcədə artsa da, Azərbaycan nümunəsi bunun əksini göstərir. Azərbaycanda ölkə rəhbərliyi tərəfindən bütün dinlərin dinc və harmoniya şəraitində mövcud olduğu əlverişli mühit yaradılıb. Müəllif Azərbaycanın öz dini müxtəlifliyi ilə fəxr etdiyini göstərir. Azərbaycan dünyanın ən qədim xristian dövlətlərindən birinin yerləşdiyi məkan olub və xristian icması əsrlər boyunca Azərbaycan tarixinin formalaşmasında iştirak edib. N.Ağayev qeyd edir ki, xristian və müsəlman icmaları ilə yanaşı yaşayan təqribən 30 minlik yəhudi icması isə Azərbaycanda iki min ildən bəri yaşamaqdadır:"Hətta əsrlər boyunca ətraf regionlarda yaşayan yəhudilər təqiblərlə qarşılaşanda, Azərbaycanı özləri üçün təhlükəsiz məkan kimi görüblər. İkinci dünya müharibəsi zamanı faşizmdən canını qurtaran yəhudilər Azərbaycanda sığınacaq tapıblar".
Bu gün Yaxın Şərqdə, Avropada, digər yerlərdə dini amil əsasında müharibələr, davalar, qanlı toqquşmalar baş verir. Azərbaycan isə bu mövcud vəziyyətdən kənar şəkildə ümumbəşəri dəyərlərə qiymətli töhfəsini verir. Belə bir ab-havanın ölkəmizdə hökm sürməsini müəllif oxucularına anlaşıqlı bir tərzdə təqdim edir. N.Ağayev yazır ki, məzhəblərarası nifrət Yaxın Şərqi təhdid edərkən, Azərbaycanın şiə və sünniləri qarşılıqlı hörmət və ehtiram içərisində yaşamaqda davam edirlər.
Müəllif, ümumiyyətlə, hər hansı bir cəmiyyətdə sosial tolerantlığın bərqərar olmasında və tərəqqisində siyasi hakimiyyətin iradəsinin əvəzsiz olduğuna diqqət çəkərək bildirir:"Azərbaycanın dövlət rəhbərliyi daim ölkədə qədim tolerantlıq ənənələrini təşviq edərək, radikallığı, ekstremizmi və dinlərarası nifrəti rədd edib. Azərbaycanda dövlətin dəstəyi hesabına sinaqoqlar, məscidlər, kilsələr tikilib və tikilməkdədir. O cümlədən, müxtəlif dini etiqadlar üçün yeni mədəniyyət mərkəzləri inşa olunmaqda, hər üç dinə mənsub olan qurumlara dövlət vəsaitləri ayrılmaqdadır".
Məqalədə müəllif onu da qeyd edir ki, Azərbaycana məxsus olan bu uğurlu nümunədə ABŞ da maraqlı olmalıdır. Belə ki, dünyəvi, tolerant və inklüziv keyfiyyətlərə malik olan Azərbaycan böhranla üzləşən bölgə üçün həlledici önəm daşıyır. N.Ağayev regionda artan təhdidlərlə bağlı ABŞ Konqresində aparılan müzakirələr zamanı, Azərbaycan kimi dini azadlıqları təşviq edən və ekstremizmlə mübarizə aparan ölkələrin müsbət təcrübələrini öyrənməyin faydalı olduğunu göstərir:"Konqres Amerikanın tolerant və dünyəvi dostlarını dəstəkləməli və Azərbaycanın dinlərarası harmoniya modelini işlək nümunə kimi nəzərdən keçirərək, dünya ölkələrini bu modelin tətbiqinə səsləməlidir".
Dini ayrı-seçkiliyə yol verməyən, dini zəmində qarşıdurmalara qəti etirazını bildirən Azərbaycanın həqiqətlərindən bəhs edən bu yazı ölkəmizin reallıqlarını dünyada xalqlarının və millətlərinin bir-birilərinə qarşı qalxdığı zamanda sülh, əmin-amanlıq və qarşılıqlı anlaşmanın bu məmləkətdə hökm sürdüyünü bir daha göstərir.
Nəzakət ƏLƏDDİNQIZI