PDF Oxu

Siyasət

  • 7

Vəziyyət gərgin, nəticə isə bitkindir

Vəziyyət gərgin, nəticə isə bitkindir

Və ya Müsavat və AXCP-nin "isti münasibətlərdən" soyuq savaşa keçid xəritələri

Ötən ilin sentyabr ayının 27-də Musavatın keçirdiyi başıbəlalı qurultayından sonra AXCP ilə Müsavat arasında soyuq savaşın aşkar müstəviyə keçidi rəsmiləşdi. Səbəbi də Arif Hacılını yeni başqan hesab etməyərək partiyadan istefa verənlərin AXCP-yə transfer olmalarıdır. Bunu partiyadan çıxarılanlar, eləcə də öz istəkləri ilə istefaya gedənlər mətbuata verdikləri açıqlamalarında da bildirirlər. Bu faktı AXCP-də fəaliyyət göstərən tərəflər də təkzib etmir.

Lakin ortaya daha bir vacib məlumat daxil olub. Həmin məlumatın isə mətbuata sızmasında Əli Kərimliyə yaxınlığı ilə seçilən Qənimət Zahid fəallıq göstərib. Belə ki, "Azadlıq" qəzetinin baş redaktoru, bu yaxınlarda Müsavat sıralarından çıxarılan Kamil Xəlilbəyli ilə müsahibə aparıb. Həmin müsahibədə Müsavatın hazırkı rəhbərliyinə qarşı ən sərt ittihamlar səsləndirilib. Bu ittihamlarda Arif Hacılı əsas hədəf kimi götürülsə də, onun İsa Qəmbərin planları əsasında fəaliyyəti xüsusi olaraq vurğulanıb. Bu da onu deməyə əsas verir ki, AXCP sədri Ə.Kərimli Q.Zahidə verdiyi növbəti tapşırığında müsavatçıların cəbhəyə cəlb etməsini istəyib.

Qənimət Zahid bu işdə eks-müsavatçı Kamil Xəlilbəylidən istifadə edib

Beləliklə, bu arada daha bir maraqlı nüans ortaya çıxıb. Xüsusilə də, sosial şəbəkələrdə eyni tipli məlumatları izləsək, bunun şahidi olarıq. Belə ki, keçmiş müsavatçı fəal K.Xəlilbəyli məhz Q.Zahidə müsahibə verdikdən sonra sosial şəbəkədəki anti-müsavatçılıq fəaliyyətini daha da gücləndirib. Həmçinin, Müsavat partiyasından verilən məlumata görə, bu işdə ona dəstək verənlər də az deyil.

Səxavət Əlisoy: "Biz təpədən-dırnağa qədər müsavatçıyıq"

Ancaq A.Hacılıya qarşı çıxanların heç də hamısının AXCP-yə transfer olmaları mümkün görünmür. Məsələn, keçmiş başqan İ.Qəmbərin keçmiş müşaviri Səxavət Əlisoy irəli sürülən iddia ilə bağlı bildirib ki, bunu, onları gözü götürməyənlər edir: "Bununla bizi ləkələmək istəyirlər. Lakin biz təpədən-dırnağa qədər müsavatçıyıq. Hansısa vəzifəpərəstlər kimi nəyəsə görə əqidəmizdən dönmərik".

Bu amil də belə düşünməyə əsas verir ki, artıq narazı müsavatçıların özləri də bir neçə yerə parçalanıblar. Onlardan çox cüzi hissənin AXCP-yə transfer olmaları gözlənilsə də, bir hissəsinin yeni partiya yaratmaq məqsədi ilə "Azərbaycan Demokratiya və Rifah" ("ADR") hərakatını yaratmaqla Müsavatın parçalanmasının daha da kəskinləşdirib. Hərakatın təşkilat komitəsinin rəhbəri Qubad İbadoğlu qəzetimizə verdiyi açıqlamasında bildirib ki, Müsavat partiyasının qurultayından narazı qalan qüvvələrdən ibarət yaranan hərakatın artıq 30 rayon təşkilatında təşəbbüs qruplarının yaradılması gözlənilir. Eyni zamanda, o da bildirilir ki, partiyada olan narazıların daha bir hissəsinin isə Müsavatda qalmaqla partiyadaxili müxalifətçilik (fraksiyaçılıq) edəcəkləri proqnozlaşdırılmaqdadır.

Amma bütün bunlara rəğmən, həm də belə qənaətə gəlmək olar ki, baş verənlərdə AXCP sədrinin də müəyyən canfəşanlıqları var. Çünki qarşıdan AXCP-nin də qurultayının gəlməsi gözlənilir və bu qurultayda bir neçə müsavatçının partiyaya qəbul edilməsi ehtimalını Ə.Kərimlinin Müsavata, o cümlədən, yeni başqan A.Hacılıya vuracağı sillə kimi də xarakterizə etmək olar.

Facebookda başlanan qarşıdurmaların son nəticəsi nə olacaq?

AXCP sədri Ə.Kərimlinin Arif, Vaqif və Mustafa Hacılı qardaşlarını "hakimiyyətin maraqlarına xidmət etməkdə" suçlandırmasına A.Hacılı qəzəbli cavab yazıb: "Bir sıra tanınmış AXCP üzvlərinin də bəyəndiyi bu yazılar Əli Kərimlinin birlik mövzusundakı çıxışından sitatlarla yanaşı verilib. Əvvəla, Əli Kərimli mənim, qardaşlarımın hansı əlaqələrini aşkar edib. Tanınmış siyasətçilərdən yeganə adamam ki, iki dəfə uzun müddətə, dəfələrlə isə qısa müddətə həbs olunmuşam. Qardaşlarım da həmçinin. Hakimiyyətə qarşı mübarizəyə gəldikdə isə, Əli Kərimlinin heç vaxt mənim getdiyim yerə qədər getdiyini görməmişəm. Heç mənə güllə atılanda güllə səsi eşidilən yerə qədər də gəlməyə cəsarət etməyənlərin məni, mənim silahdaşlarımı, o cümlədən, qardaşlarımı bu mövzuda müzakirəyə çıxarmağa haqları yoxdur. Bu müttəfiqlik münasibətləri deyil. Bu düşmənçilik də yox, qəti düşmənçilik münasibətidir".

Göründüyü kimi, A.Hacılının əsəb müharibəsinə dözmədiyi aydın olur. Belə görünür ki, açıq savaşı başladan tərəf AXCP-dir. Onlar Müsavat daxilində A.Hacılı qanadını vurmaqla, Müsavatı zəif salmaq, müxalifət düşərgəsində təkləmək istəyirlər. Eyni zamanda, bu savaşın bütövlükdə düşərgənin köhnə tərəfinin dağılmasına, cəmiyyətdə yeni müxalifətin yaranmasına səbəb olacağını da ehtimal etmək mümkündür.

R.HÜSEYNOVA

Digər xəbərlər